Gəliri az olan və gəlir gətirməsi səbir tələb edən bizneslər

 

Bəzi bizneslər çox gəlir gətirsə də, onların içərisində az gəlirli bizneslər kifayət qədər çoxdur. Bəzi bizneslər isə, gətirəcəyi gəlirin az, ya da çox olmasından asılı olmayaraq müəyyən müddət səbir tələb edir.

Az gəlirli olan və səbir tələb edən bizneslər haqqında biznes təlimçi Dr.Nəcəf Allahverdiyev Valyuta.az-a bildirib ki, az gəlirli biznes sahələrində nə qədər səbr etsən də, əksər hallarda o qədər də gəlir gətirmir: “Az gəlir gətirən biznes sahələrinə rəqabətin çox olduğu və daha çox xərc tələb edən biznes sahələri aiddir. Çox riskli olan biznes sahələrini də buraya aid etmək olar. Bəzən ola bilər ki, müəyyən müddət biznesin gəliri olsun, amma tez bir zaman gəliri aşağı düşə bilər. Bu sahəyə kənd təsərrüfatını misal gətirmək olar. Müəyyən müddətdən sonra heyvanlara və ya bitkilərə düşəcək bir xəstəlik, yaxud təbiət hadisəsi ilə həmin biznesin gəliri çox aşağı düşə bilər. Nisbətən az gəlirli olan bizneslərə kitab mağazasını, küçə ticarətini, rəqibi çox olan yerdə fəaliyyət göstərən kiçik obyektləri və s. misal gətirmək olar”.

Təlimçi yatırımı böyük olan bizneslərin daha çox səbir tələb etdiyini qeyd edib: “Çox səbir tələb edən bizneslər adətən, böyük yatırımı olanlardır, bu yatırımı gəlir vasitəsilə örtmək üçün çox vaxt tələb olunur. Böyük istehsalatlar, startaplar və s. kimi sahələrə əvvəlcədən çox böyük sərmayə qoyulur və bu sərmayənin gəlir gətirməsi səbir tələb edir”.

N.Allahverdiyev insanların öyrəşmədiyi sahədə biznes qurursunuzsa, ilk dövrlər gəlir qazanmaq çətin olur: “Bəzi startap layihələri ola bilər ki, yeni başlayan zaman insanlar buna öyrəşməsinlər, ona görə gəliri az olsun. Məsələn, taksi şirkətləri bazara yeni giriş edən zaman insanlar çox istifadə etmirdi, küçələrdə dayanan taksilərdən istifadə etməyi seçirdilər. Eyni proses çatdırılma şirkətlərində də gedib, insanlar ilk başlarda, ya restoranlarda yeməyi, ya da evdə hazırlamağı üstün tuturdular, amma indi bu bizneslər insanların həyatının bir hissəsinə çevrilib”.

0.16338682174683