Daha ciddi tədbirlər görüləcək, Ermənistan və Fransa əmin olsun - AÇIQLAMA

 

“Tarixə Qalib Azərbaycan möhrü vuran Zəfər savaşı və 23 saatlıq antiterror tədbirləri Cənubi Qafqazda 200 ildən artıqdır davam edən erməni separatizmini birdəfəlik məhv etdi. Hətta ən qatı erməni şovinistləri belə məğlubiyyət reallığı ilə barışdıqları halda bu xalqdan alət kimi istifadə edən bəzi imperalist güclər hələ də xam xülyalarını gerçəkləşdirmək yolundan dönməyiblər. Ali Baş Komandanın Xankəndində üçrəngli bayrağımızı ucaltması isə bu şər yuvalarını xüsusilə fəallaşdırıb və bu sırada Fransanın ermənipərəst mövqeyini gücləndirməsi xüsusi diqqət çəkir”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker əlavə edib ki, bu ölkənin müdafiə naziri Ermənistanla silah satışı ilə bağlı saziş imzalayacağını bəyan edib: “Bildirib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı yaratmaq lazımdır. Rəsmi Paris əsl niyyətini “Ermənistanı xilas etmək”lə pərdələyib bu ölkənin Azərbaycanla sərhədlərini möhkəmləndirmək adı ilə vəziyyəti yenidən gərginləşdirmək, regionda sabitliyi və sülhü pozmaq yolunu tutub. Normal siyasi düşüncə onu diktə edir ki, Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək. Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistana silah və hərbi texnika əvəzinə ağıllı məsləhət verilməlidir. Çünki Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmaması bu ölkəni sonuna gətirə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Dövlət başçımızın bu fikri Fransa üçün ciddi xəbərdarlıqdır”.

O bildirib ki, əslində, Fransa və Ermənistanı siyasi maraqlardan daha çox təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməllərin dövlət ideologiyasına çevrilməsi birləşdirib: “Qarabağdan könüllü gedən erməniləri etnik təmizləmə adı ilə dünyaya təqdim etməklə, genosid, zor ifadələrini ortaya atmaqla Fransa yenidən aranı qarışdırmaq, müharibəni alovlandırmaq niyyətindədir. Çünki özü təcavüzkardır, sui-qəsdlər, mina terroru törətməkdə mahirdir. Fransa dünyada ən çox mina istifadə edən, bu yolla kütləvi qırğınlar törədən dövlətlərdən biridir. Fransanın 20-ci əsrin sonlarında törətdiyi cinayətin, genosidin faktlarına diqqət edək. 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada 800 min insan öldürülüb, ölkə əhalisinin 20 faizi məhv edilib, 100 minlərlə qadın cinsi təcavüzə məruz qalıb. Bu cinayətdən 25 il sonra Ruandada kütləvi qırğınların qurbanı olan 2 min, 2020-ci ildə isə 5 min nəfərin qalıqları tapıldı. Hələ də ölkənin bu və ya digər yerlərində soyqırım qurbanlarının gizli basdırıldığı yerlər üzə çıxmaqdadır. Eynən ermənilərin Qarabağda törətdikləri vəhşiliklər kimi. Xocalı soyqırımından iki il sonra dünyanın başqa bir yerində belə bir cinayətə imza atan Fransanın Ermənistanla bir mövqedə olması təəccüb doğurmur. Fransa tarixinin üzqarası olan başqa bir fakta nəzər yetirək. Fransız müstəmləkəsi Əlcəzair, Hitler Almaniyası tərəfindən işğal edilən Fransanın qurtuluşu üçün gənclərini müharibəyə göndərdi. Qarşılığında Fransadan yalnız müstəqillik istədi. Fransa bu təklifi qəbul etdi. Almaniya əlcəzairli əsgərlərin dəstəyi ilə məğlub edildi. Fransanın qələbəsi Əlcəzairdə bayram kimi qeyd olundu. Küçələrə tökülən xalq onlara verilən müstəqillik sözünün tutulacağını düşünərək təntənəli yürüşlər keçirdi. Ancaq Fransa, verdiyi sözü tutmadı. Yürüşə qatılan xalqa işğalçı fransız əsgərləri tərəfindən atəş açıldı. Qətliam günlərlə sürdü. Günahsız insanlar evlərindən çıxarılaraq güllələndi. Kəndlər və qəsəbələr bombalarla yerlə bir edildi. Fransız əsgərləri təxminən 45 min əlcəzairlini qətlə yetirdi. Qadın, uşaq, yaşlı, gənc demədən on minlərlə əlcəzairli fransız əsgərlərinin güllələrinə tuş gəldi. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Fransa və Ermənistanı eyni terror məfkurəsi, Əlcəzair və Azərbaycanı xalqını isə eyni oxşar tale birləşdirir. Hər iki müsalman ölkəsinin dinc sakinləri eyni dinin və əqidənin daşıyıcısı olan Fransa və Ermənistanın genosid siyasətindən bu gün də əziyyət çəkir. Təəssüf ki, hər iki halda qeyri-insani, bəşəri cinayətlərə qərəzli yanaşma da var. Gecə-gündüz Türkiyəni 1915-ci ildə erməni soyqırımı törətməkdə ittiham edən, Xocalı soyqırımını görməzdən gəlib Xankəndini könüllü tərk edən ermənilərə yas tutan Qərb Fransanın Əlcəzairdə və Ruandada törətdiyi soyqırımı yada belə salmır. Bu barədə ara-sıra son dərəcə xəsisliklə nəsə yazıb. Fransanın Əlcəzairdə də soyqırım törətməsi tarixi faktdır. Bu məsələ ilə də bağlı Qərb susmağa üstünlük verib. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə nəhəng təşkilatı var. Ancaq onların heç biri bu məsələdə ortaya nümunə sayıla biləcək mövqe qoymayıb. Niyə belədir? Çünki Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırım aktları törədiblər. Ancaq onlar bu barədə danışmağa meylli deyillər. Sülhpərvər dünya ictimaiyyəti, beynəlxaql təşkilatlar öz məramlarında səmimidirsə Paris və İrəvanı durdurmalı, insanlıq əleyhinə ağlasığmaz cinayətlərini təkrarlamasına imkan verməməlidir. Əks halda bu bütün tərəqqipərvər dünyanın qan və fəlakətlərlə üzləşməsinə səbəb olacaqdır. Fransanın məhz Cənubi Qafqazda maraqlarını təmin etmək üçün Ermənistana hərbi yardımı, müdafiə sahəsində imzaladığı müqavilələr, separatçılara hərbi-siyasi dəstək verməsinə gəldikdə isə bütün bunlar səmərəsiz gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini möhkəmləndirib. 30 ildə BMT-nin, ATƏT-in və bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiklərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz öz gücünə həyata keçirdi. Əgər düşmən və havadarları düz yola gəlməsələr, daha ciddi tədbirlər görülə bilər və Azərbaycan xalqı buna hər an hazırdır. Ermənistan və başda Fransa olmaqla havadarları buna əmin ola bilərlər”.

Mürtəza
Ölkə.Az

0.15843296051025