Putinin öldürülməsi və ya son aqibəti… - ABŞ generalı

 

“Sonda Rusiya xalqı özü Putini Beynəlxalq Tribunala verəcək”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces deyib. O, britaniyalı generalın “Putinin Yuli Sezarın ssenarisi üzrə öldürüləcəyi” iddiasını şərh edərkən aşağıdakıları qeyd edib:

“Bu cür insayder təfərrüatlardan xəbərim yoxdur. Amma mənə maraqlı gəlir ki, Priqojin, Şoyqu, Gerasimov və Kadırov arasında bir-birinə qarşı nifrət var. Bütün bu insanlar bir-birlərinə açıq şəkildə nifrət edirlər”, - o amerikalı general qeyd edib.

Onun fikrincə, bu, Ukrayna və hamı üçün yaxşıdır: “Onlar bir-biri ilə vuruşsalar da, Ukraynadakı qanunsuz və təcavüzkar müharibələri üçün tutarlı strategiya hazırlaya bilmirlər. Kremldə və Putinin yaxın çevrəsində çoxlu narazı insanlar, eləcə də külli miqdarda pul itirən, dünyanı gəzmək və bizneslə məşğul olmaq qabiliyyətini itirən oliqarxlar olsa, təəccüblənmərəm. Təbii ki, bu müharibə Rusiya üçün fəlakətdir. Düşünürəm ki, buna görə də Prezident Putinin güclü daxili təhlükəsizlik aparatı var: o özünü və rejimini qorumağa çalışır”.

Putinin hakimiyyətinin devrilməsinə gəldikdə isə general qeyd edib ki, ABŞ Putin rejimini dəyişməkdə maraqlı deyil: “Hər şey Rusiya xalqından asılıdır. Onlar başqa bir diktator və avtoritar rejimə nə qədər dözməyə hazırdırlar. Ona görə də nə baş verəcəyi onlardan asılıdır. Mən Rusiya Prezidentini bilərəkdən sıradan çıxaracağımız hər hansı ssenarini təsəvvür edə bilmirəm”.

Putinin son aqibətinə gəldikdə isə amerikalı general ümid edir ki, Rusiya xalqı Putini minlərlə günahsız ukraynalının qətlinə və minlərlə ukraynalı uşağın deportasiyasına görə mühakimə olunmaq üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verəcək: “Putin üçün son məhkəmə zalında olmaqdır. ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə daha çox dəstək verməlidir”.

Mürtəza
Demokratikmusavat.com

0.16026306152344