Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib

 

Sovet dövrünün bir çox tabuları olub. Onlardan biri də texnogen qəzalar (təyyarə, gəmi qəzaları, qatar toqquşması, energetika stansiyalarının sıradan çıxması, fabrik və zavodlarda partlayışlar və s.) xalqa məlumat verməmək idi. Bu, ona görə belə edilirdi ki, xalqda idarə edənlərin səriştəsinə şübhə yaranmasın.

Bunun əksinə, təbii fəlakətlər (dağıdıcı daşqınlar, zəlzələlər, qasırğalar, torpaq sürüşmələri və s.) haqqında informasiya bol-bol verilir, yardım kampaniyaları başladılır, fəlakətin fəsadlarının aradan qaldırılması üçün səfərbər olunanların əməyi təbliğ olunurdu.

Bu cür hadisələrdən biri də1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə baş verib. Şəhərdə o vaxtin ritorikası ilə desək, “güclü zəlzələ” olub.

Üstündən 60 ilə yaxın vaxt keçəndən sonra etiraf olunur ki, 1966-cı il zəlzələsi o qədər də güclü olmayıb və heç də Daşkənd “batmayıb”.

73324f1e44c4d1a03bb5196207f67f31.jpg (106 KB)

Əvəzində Şərəf Rəşidov başda olmaqla Özbəkistanı idarə edən kommunistlər təbliğatı elə aparıblar, işi elə düzüb-qoşublar ki, Daşkəndin uçulub-tökülən yerlərini bərpa etmək üçün Sovet İttifaqının bütün xalqları şücaət göstərib və köhnə şəhərin yerində yeni və qat-qat gözəl bir şəhər əmələ gəlib.

Bu barədə Özbəkistanda fəaliyyət göstərən Podrobno.uz saytında maraqlı məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, bu işdə əməyi olan hər kəs xatırlanmağa və minnətdarlığa layiqdir. Lakin bəzi şahidlər həmin dövrü təsvir edən bəzi təfsirlərlə razılaşmırlar. Yazı müəllifi 1966-cı il hadisələrinə fərqli nəzər salmağa imkan verən sübutlar toplayıb.

268127.jpg (310 KB)

Məqalədə yazılır: “İndi, demək olar ki, bütün nəşrlərdə "Daşkəndin bütün mərkəzinin dağıdıldığı" barədə məlumat tapa bilərsiniz, ancaq bəzi müasirlərin xatirələrinə görə, bu, həqiqətdən uzaqdır”.

Yazı müəllifi qeyd edir ki, internet resurslarında yerləşdirilmiş çoxlu sübutlar var ki, faktlar şişirdilir.

Zəlzələnin episentrində, Kaşqarkda yaşayan və təhsil alan Sergey Borodkin xatırlayır ki, zəlzələdən sonra qəzalı vəziyyətə düşən köhnə evlər yaşayış üçün təhlükəli hesab edilib və insanlara çadırlar verilib: “Titrəyiş uzun çəkmişdi, ancaq xarabalıq yox idi. Xarabalıq insanların köhnə evləri kütləvi şəkildə sökməyə başlayanda, yerində yeni çoxmərtəbəli binalar tikəndə ortaya çıxdı”.

Vladimir Fetisov da jurnalistə təxminən eyni mənzərəni təsvir edib: “Mən 1966-cı il zəlzələsinin şahidiyəm. Heç bir yıxılan bina yox idi, amma Qoqol və Karl Marks küçələrinin kəsişməsindəki (Bəstəkarlar İttifaqının binasından diaqonal olaraq) yıxılan evin divarını xatırlayıram. Hasar bayır tərəfə aşmışdı və qarşımızda teatr peyzajı açılmışdı: stol, stul, kreslo, torşer və s. Həyətimizdəki evlərin hamısı salamat idi, yalnız bizim evin “lepka”ları qopub düşmüşdü”.

Görkəmli yazıçı Dina Rubina müsahibələrinin birində qeyd edib ki, “köhnə Daşkəndi zəlzələ ilə yox, xalqlar dostluğunun ekskavatorları dağıdıb”.

vvvv793_300423_073003.jpg (146 KB)

Müasirlər mərkəzdəki evlərin, məsələn, “Alay” bazarının, köhnə zooparkın və köhnə konservatoriyanın yaxınlığındakı binaların necə kütləvi şəkildə söküldüyünü xatırlayırlar. Eyni zamanda, Asakinskayadakı eyni evlər hələ də dayanır. Göy günbəzin, mərkəzi univermağın və 110 saylı məktəbin yaxınlığında, Özbəkistan küçəsində (indiki İslam Kərimov), Parad xiyabanında və başqa yerlərdə minlərlə köhnə ev sonradan sökülüb və yerlərində yeniləri tikilib.

Yazıda qeyd olunur ki, iç şəhərdəki Biruni, Fərabi, Sağban və Qarasaray küçələri zəlzələyə tab gətirib. Bəzi yerlərdə çatlar əmələ gəlsə də, böyük dağıntı olmayıb.

Daşkənd sakinlərinin sözlərinə görə, zəlzələ zamanı itkilər barədə məlumatlar da şişirdilib. Əks-sədası bütün SSRİ ilə bir olmuş zəlzələdə cəmi 8 nəfər ölüb, lakin onların arasında bir neçə nəfərin infarktdan vəfat etdiyi məlum olub. Onlar stressdən əziyyət çəkən və yeni təkanların olacağından qorxan xəstə və yaşlı insanlarmış.

"Mənim sinif yoldaşım əsgərlərin qəzalı bir evi sökdüyü zaman qurban getdi - o, təsadüfən uçan divarın altına düşdü", - Sergey Borodkin deyib.

Beləliklə, Daşkənddə baş vermis az ballı, ancaq sürəkli zəlzələ evləri zədələsə də, böyük dağıntılara və kütləci tələfata səbəb olmayıb. Bundan istifadə edən Şərəf Rəşidov isə Sovet İttifaqının resursları, müttəfiq respublikaların qardaşlıq köməyi ilə hazırda Asiyanın ən gözəl şəhərlərindən biri olan Daşkəndi ərsəyə gətirib.

Bu gün Daşkənd ətraf qəsəbələri ilə birlikdə 3 milyonluq şəhərdir. Bu şəhərdə onlarca iri prospekt, saysız meşəyə oxşayan parklar, səliqəli küçələr, əzəmətli binalar var.

P.S. 1966-cı ilin aprel ayının 26-da Daşkənddə baş verən zəlzələnin maqnitudası Rixter şkalası üzrə 5.2 bal olub.

© Musavat.com

0.30313515663147