Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? - Ekspert

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradan layihə hazırlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb.

O, hazırda “myGov”da olan məlumatların rəsmi sənəd hesab olunduğunu və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyənləşdirməyin çətin olduğunu xatırladıb:

“İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir.

Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda “myGov” vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək.

İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və “myGov” portalında səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı - QR kodu verifikasiya edə bilməyəcəklər”.

O, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar yarandığına diqqət çəkib:

“Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.

Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır.

Yeri gəlmişkən, hazırda İRİA və ETN datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək.

Düşünürəm ki, müxtəlif dövlət qurumlarına məxsus olan data əsasında yeni rəqəmsal dəyərlərin yaradılması istiqamətində İRİA tərəfindən atılan addımlar təqdirəlayiqdir”.

 

0.19621682167053