Təhlükəli və səmərəsiz rasionallaşma

 

Təhlükəli və səmərəsiz rasionallaşma.

"Yaponiyada ucqar bir kənddə yaşayan şagirdi hər gün məktəbə dərsə aparıb-gətirmək üçün ayrıca elektrik qatarı var."

Təhsil naziri daima deyir: mənə problemlərdən danışın, təkliflər verin, məişət səviyyəli söhbətlərdən danışmayın. Ya da təhsilə dair ictimai müzakirələrdə təkliflər olmur, alimlər təhsil islahatlarına dəstək vermirlər v.s.
Biz yalnız bu il ərzində 150 məqalə, hər məqalədə də ən azı 1-2 təklif vermişik. Hər bir təklifimizi də istənilən səviyyədə müzakirə etməyə, əsaslandırmağa, təhsil sistemi üçün onların faydalılığını sübut etməyə hazırıq. Amma nazirlik müzakirələrdən, alternativ fikirlərdən daim yayınıb. Amma özlərinin verdiyi qərarlar da çox vaxt səmərəsiz olur, təhsilin inkişafına xidmət etmir. Buna əmin olmaq üçün təhsilin ümumi durumuna baxmaq kifayətdir.
Ölkə prezidentinin ictimai nəzarət haqqında söylədiyi qiymətli fikirlər isə bizlərə bu yöndə fəaliyyəti davam etdirməyə təşviq edir. Son 20 ildə 1000-lərlə belə məqalə və təkliflər versək də, 4 nazirin heç biri bunlara reaksiya verməyib.
Bu ərəfədə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Və qəti sözünü deyib: rasionallaşmaya getməliyik.
Bəli, rasionallaşmaya getməliyik. Amma məktəbləri bağlamaqla yox. Məktəbin bağlanması, kəndə məktəbin olmaması, sabah kəndin özünün olmaması deməkdir. Daha Bakıda ayaq basmağa yer qalmayıb.
Maraqlıdır, necə olur ki, təhsilin büdcəsi 1 milyard olanda, bu 1500 məktəbi saxlamaq mümkün oldu, indi təhsilin büdcəsi 5 milyard olanda bu mümkün olmadı?
Bu yolla qənaət edilən pullar elm və təhsilin inkişafına, hansı mühüm problemlərinin həllinə xidmət edəcək ki, bunun naminə 1500 məktəb bağlanılır?
Bu 1500 məktəbin neçəsi son 20 ildə tikilib? Əlavə olaraq xeyli modul tipli məktəıblər də tikildi, bəs bu tikilən məktəblər necə olsun? Bura neçə yüz milyonlar sərf edilib? Niyə belə israfçılıq edirik ki?
Bu problem 15 il əvvəl də vardı. Onda da bu məsələ gündəmə gəlmişdi. Ucqar məktəbləri bağlamaq, əvəzinə qonşu kəndin məktəbinə avtobus almaqla məsələni həll etmək istəyirdilər. O vaxt da biz bu mövzuda məqalə yazdıq. O vaxt anladılar ki, qışda narahat dağ yolları ilə 1500 məktəbin 100.000 şagirdini hər gün avtobusla 5-10 km. məsafədə olan qonşu kəndə və geriyə daşımaq böyük riskdir, bu məsuliyyətli addımı atmadılar.
Bu məqsədlə 1500 avtobus almaq, hər gün bunlara benzin tökmək, 1500 sürücüyə maaş vermək bu da rasionallaşmaya aiddirmi?
Nazir bildirir: “Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik”.
“Neft kapitalının insan kapitalına çevrilməsi”nin finalı 1500 məktəbin bağlanması, 100 000 şagirdin hər gün təhlükəli dağ yollarına salınmasımı olacaq?
Elm və təhsil naziri təhsilin, məktəbin, müəllimin, şagirdin, alimin mənafeyini müdafiə etmək əvəzinə, maliyyə nazirliyinin mövqeyini müdafiə edir, sanki, o təhsil deyil, maliyyə naziridir.
İndi yaşlı müəllimlərimiz 50 il əvvəl maarif naziri işləmiş, akademik Mehdi Mehdizadəni tez tez xatırlayırlar. əminəm ki, rəhmətlik Mehdi müəllim heç vaxt belə təşəbbüslə çıxış etməzdi, lazım olsaydı hətta ölkə rəhbərliyinə müraciət edib, əlavə maliyyə tapıb bu məktəbləri saxlayardı. Rəhmətlik, ulu öndər heydər Əliyev daim deyirdi ki, biz lazım gəlsə, başqa xərclərdən qənaət edib təhsilə yönəltməliyik.
Əgər həqiqətən də 5 milyardlıq təhsil büdcəsindən bu məktəblərin saxlanmasına pul çatmırsa, onda başqa xərcləri azaldın, təhsilə aidiyyatı olmayan xərclərə qənaət edin, məsələn, məktəbə heç bir faydası olmayan məktəblinin dostlarına (MD) xərclənəcək milyonları kənd məktəblərinin saxlanmasına yönəldin. Hansı daha vacibdir dövlət üçün? 100000 şagirdin və 15-20 min müəllimin taleyi, yoxsa MD-larının məşğulluğu? Onlara başqa təhsil sistemində daha faydalı iş də tapmaq olar.
Bir çox ölkələr ucqar kəndlərdə məktəb problemini innovasion yolla həll ediblər, özü də çoxdan.
Bu problemin həllinin mümkün yolu belədir: Azkomplektli məktəblər yaratmaq, bu məktəblərdə hibrit təhsil- bütün siniflərdə müəllimin nəzarəti ilə sinifdə distant təhsilin təşkili. Bu halda məktəbdə 32 yox, 10-11 müəllimə ehtiyac olacaqdır. Bu halda bir sinifə ildə 25000 manat yox, xeyli az xərc gedəcəkdir.
1500 avtobusa və onların gündəlik benzininə verilən pula isə ölkədə ümümtəhsi sistemi üçün normal distant təhsil qurmaq olar. Bundan nəinki ucqar dağ kəndlərinin məktəbləri, eləcə də şəhər məktəbləri istifadə edəbilər. Bu halda həm də 1500 məktəbi bağlanmaqdan, 1500 kəndi boşalmaqdan, 15-20 min müəllimi işsizlikdən , uşaqları təhlükəli yol məcaralarından xilas etmək olar. Bu addım həm də regionların, ucqar kəndlərin yaşamasına, onların gələcəkdə inkişafına dəstək ola bilər. Necə deyərlər …. “çobanın meyli olsa, təkədən pendir tutar".
Əgər ETN də belə bir düzgün seçim etsə, buna qərar versə, bu proseslərin yol xəritəsini təqdim edə bilərik.

Dosent İlham Əhmədov 

Demokratikmusavat.com 

0.1568329334259