İran İsrailə qarşı yeni əməliyyat planlaşdırmır, amma... - Abdullahian

 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında deyib ki, İran yeni təcavüzə cavab verməli olmadığı təqdirdə Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə TASS Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri İsrailə qarşı əməliyyatın başa çatdığını və İrana hücum edilmədikcə yeni əməliyyata başlamayacağını bildirib. Abdullahian qeyd edib ki, İrana yenidən hücum edilərsə, daha da sərt cavab verəcək.

Hakan Fidan isə öz növbəsində bildirib ki, Türkiyə “İranın İsrailə qarşı hərəkətlərindən sonra bölgədə daha da gərginləşməni istəmir”.

“Ankara gərginliyi artıran addımların dayandırılmasını istəyir”, - Türkiyə XİN rəhbəri qeyd edib.

Bundan başqa, Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla telefon danışığı aparıb. Diplomatik mənbənin verdiyi məlumata görə, hər iki nazir regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd edib.

0.23094797134399