Taksi qiymətləri artır - Hansı dəyişikliklər olacaq?

 

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər gözlənilir. Belə ki, bununla bağlı məsələ artıq Milli Məclisdə müzakirəyə çıxrılıb.

“Dövlət rüsumu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdə taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 125 manat, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3000 manat rüsum tələb olunacağı qeyd olunur. 

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslərin 10,5 min manat, hüquqi şəxslərin 20 min manat, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslərin 20 min manat məbləğində, hüquqi şəxslərin 40 min manat məbləğində cərimə ediləcəyi əksini tapıb.

“Avtomobil nəqliyyatı haqqında” qanuna analoq taxoqraf anlayışı daxil edilir ki, bu cihazların da taksilərə quraşdırılması nəzərdə tutulur.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr uzun müddətdir aparılırdı. Hazırda isə qanunvericilik səviyyəsində addımların atılması həyata keçirilir:

“Azərbaycanda taksi fəaliyyətinin qaydalar çərçivəsində olması vacibdir. Hazırda bu qaydalar gözlənilmir. Xüsusilə, xarici operatorlar Azərbayca daxil olduqdan sonra rəqabət adı ilə süni şəkildə qiymətlərin endirilməsi prosesi baş verdi. Bu da xoş mənzərə yaratmadı. Real qiymətlərdən çox aşağı qiymətlə sərnişinlər daşınır və sürücülər normal qazanc əldə etmək üçün daha çox işləmək məcburiyyətində qalırlar. 

Bu gün müzakirə olunan qaydalara əsasən, sürücülərin iş və istirahət rejiminə nəzarət etmək üçün elektron taxoqraflar tətbiq olunacaq. Bir digər cihaz olan taxometrlərin tətbiqi qanunvericilikdə yer alsa da, bu, çox bahalı sistem olduğundan onların alınması, taksilərdə quraşdırılması xeyli vaxt aparır. Sürücülərin də real olaraq buna nə qədər hazır olması açıq olaraq qalır. Əsas diqqət yetirilməli məsələ sürücülərin iş və istirahət rejimidir ki, bu da elektron taxoqraflarla mümkün olacaq. Avtomobilin gündəlik neçə saat fasiləsiz işlədiyinə, sürücünün nə qədər istirahət etdiyinə və sürət məsələsinə nəzarətdə olacaq”.

Ekspertin sözlərinə görə, qiymətlərin minimum həddi müəyyənləşdirilməlidir ki, bəzi şirkətlər haqsız rəqabət adı ilə real qiymətləri aşağı göstərib digər şirkətləri bazardan sıxışdırmasınlar: “Həmçinin qiymətlərin minimum həddi müəyyənləşdirildikdən sonra ümumi qiymətlərdə də artım gözlənilir”.

E. Muradlı vurğulayıb ki, fərqlənmə nişanı olmadan sürücünü əməkdaşlığa cəlb etmək artıq ciddi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklə bu şəxslərə 500 manatdan 40 min manata qədər cərimələr nəzərdə tutulur. Həmçinin lisenziyasız operator xidməti göstərmək məsuliyyət yaradacaq:

“Ümid edirik ki, bu mexanizmin tətbiqi də praktiki olaraq mümkün olacaq. Hazırda qanunvericilikdə sadaladığımız məsələlərə yaxın məqamlar var. Lakin onların reallaşması indiyə qədər mümkün olmayıb. Qanunvericiliyə dəyişiklik edilirsə, məsələnin həllinə də diqqət yetirmək lazımdır ki, onları icra etmək mümkün olsun. Bu gün Azərbaycanda taksilərin sayı kifayət qədər çoxdur. Bunu aradan qaldırmaq üçün qanunvericiliyin tətbiqi ilə yanaşı real mexanizmə də nəzər salmaq, məsələnin hansı formada tənzimlənəcəyinə baxmaq lazımdır”. 

“Min nəfərə düşən taksi sayına görə Bakı eyni səviyyəli şəhərlər sırasında demək olar ki, liderdir. Bu, çox böyük göstəricidir. Bəzi insanlar rahatlıq baxımından taksi sürməyə üstünlük verir, lakin bu xidmət sahəsidirsə, peşəkarlığın qorunması da vacibdir. Hazırda müzakirə olunan məsələlər baş tutduqdan sonra taksi sürücülərinin təlimlərə cəlb edilməsi, sertifikatlaşdırılması da nəzərdə tutulur”, - deyə ekspert əlavə edib.

Könül
Demokratikmusavat.com  

 

0.14384508132935