Bolqarıstanla nəqliyyat sahəsində əlaqələr genişləndirilir

 

Ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Bolqarıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi, həmçinin hər iki ölkənin nəqliyyat sahəsində ixtisaslaşan qurumları arasında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək inkişafı mövzusunda videokonfrans keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, videokonfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov iki ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində geniş potensialın mövcud olduğunu bildirmiş və Azərbaycanda nəqliyyat sektorunda aparılan islahatlar, habelə mövcud nəqliyyat infrastrukturu layihələri barədə ətraflı məlumat verib. Nazir müavini son dövrlər ölkəmizin nəqliyyat kompleksində, dəmir yolu, hava və su nəqliyyatında, yük və sərnişindaşıma sahələrində görülən işlər və bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilməsi planlaşdırılan layihələrdən danışıb. Qeyd edilib ki, Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, tranzit və regional daşımaların artırılması, tranzit daşımaları və logistik proseslərin sadələşdirilməsi istiqamətində hüquqi bazanın təkmilləşdirilməsi üçün davamlı tədbirlər görülür.

Bolqarıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Nikolay Naydenov çıxışında ölkəsinin Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsində və iki ölkə ərazisindən keçən tranzit yüklərin həcminin artırılmasında maraqlı olduğunu bildirib, bu istiqamətdə birgə davamlı iş aparmaq niyyətində olduqlarını söyləyib. Bununla yanaşı, Bolqarıstanın Qara dəniz sahilində yerləşən irimiqyaslı Burqas və Varna dəniz limanlarına, şaxələndirilmiş dəmir yolu şəbəkəsinə və Dunay çayı vasitəsilə Avropanın çay nəqliyyat sisteminə qoşulan geniş nəqliyyat-tranzit potensialına malik olduğunu vurğulayan nazir müavini ölkəsində həyata keçirilən nəqliyyat layihələri barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov çıxışında iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri və nəqliyyat sahəsində geniş inkişaf perspektivləri barədə məlumat verib. Səfir mövcud geosiyasi vəziyyət fonunda Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhlizin önəminin ciddi şəkildə artdığını nəzərə alaraq, bu dəhlizin təşviqi və müvafiq ikitərəfli əməkdaşlığın gücləndirilməsinin hər iki ölkə üçün müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirdə iki ölkənin hava yolları, dəmir yolları, mülki aviasiya administrasiyası və dəniz limanları agentliklərinin rəhbər heyətlərinin iştirakı ilə əməkdaşlıq imkanları və nəqliyyat daşımaları zamanı səmərəliliyin artırılması ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda hər iki tərəfdən ixtisaslaşmış işçi qrupları çərçivəsində müvafiq mütəxəssislərin iştirakı ilə ən yaxın zamanda görüşlərin davam etdiriləcəyi və bu tədbir zamanı müzakirə olunmuş məsələlərə dair əlavə məlumatların təqdim olunması razılaşdırılıb.

0.17543697357178