Şirniyyat mağazası açmaq üçün nə qədər maliyyə lazımdır? -  AÇIQLAMA

 

Bəs bunun üçün nələri bilməlisiniz?

Mütəxəssis Araz Səfərəliyev Valyuta.az-a şirniyyat evi açmaq istəyənlər üçün məlumatlar verdi. Onun sözlərinə görə, ilk növbədə şirniyyatdan anlayışınız olmalıdır: 

“Ümumiyyətlə, bu işi bilməlisən. Şirniyyatın tərkibindən, bişirilməsindən tutmuş satışına qədər anlayışın olmalıdır. Sən incəliklərinə qədər məlumatlı olmasan, işçinin şirniyyatı doğru bişirib-bişirmədiyini bilməyəcəksən. Baxacaqsan ki, görüntü yerindədir, deməli doğru bişirilib. Bu iş diqqət tələb edir. Çünki şirniyyat evində səhv bağışlanmır. Şirniyyatın içindən nəsə çıxsa, zəhərlənmə olsa, müştəri alıb dadını bəyənməsə, bu məlumat sürətlə yayılacaq və artıq müəssisə çöküşə gedəcək”.

A.Səfərəliyev deyir ki, şirniyyat evi açmaq üçün Qida Təhlükəsizliyi Agentliyindən sənəd almalısınız: “Ən vacib sənəd odur. Ən çətini də odur. Qida sektoruna hazırda ciddi nəzarət var. Ona görə bütün sənədlərin, götürdüyün obyektin içi, quruluşu, yuyucu, təmizləyici vasitələr, avadanlıqlar və s. standartlara uyğun olmalıdır”.
Araz bəy bildirdi ki, şirniyyat evi üçün obyekt seçimi də düzgün edilməlidir, yoxsa satışınız az olacaq: “Obyektin qiyməti yerindən asılı olaraq dəyişir. Şirniyyat evi əlverişli yerdə olmalıdır. Məktəblərə, yol kənarına, şirkətlərə yaxın olmalıdır. İcarə qiymətləri minimum 500 manatdan başlayıb 5000 manata qədər ola bilər. Şirniyyat evi üçün kiçik məkan icarələmək olmur. Çünki həm bişirmək, həm də satış üçün yerin olmalıdır”.

A.Səfərəliyev bildirdi ki, icarədən əlavə xərclər də var. Ümumi büdcəniz isə 30 000 manat olmalıdır:

Ətraflı
“Adi vitrinlər, soyuducu vitrinlər, bunlar hamısı bahalıdır. İçinin təmiri, vitrinlərin hazırlanması, yığılması, avadanlıqların, sobanın, mikserin filan alınması ən az 15 000 manat edəcək. Başlamazdan əvvəl minimum 5 ay üçün icarənin ödənişini etmək məsləhətlidir. Çünki 5 ay qazancın olmaya bilər. Aylıq ödənişini çıxara bilməmək kimi problemlər yaşamamaq üçün 5 ayın ödənişini kənara qoymalısan. Bunlardan əlavə ən az 5 nəfər işçin olmalıdır. Onların da maaşını əvvəldən ayırmalısan ki, ilk aylarda problemlər yaranmasın. Bunların hamısını nəzərə alsaq, bu işə başlamaq üçün 30 000 manat büdcəniz olmalıdır”.

Araz bəyin sözlərinə görə, əlinizdə pul yoxdursa, şirniyyat evi açmaq üçün borca girmək məsləhət deyil:

“Bu işi borca girərək açmaq riskdir, məsləhət deyil. Əlinizdə pul olmalıdır ki, bu işə başlayasınız. Hazırda şirniyyat evləri də çoxdur. Rəqabət var. Bundan başqa, şirniyyat evində müştəri zamanla yığılır. Ola bilər ki, ilk bir neçə ay satışınız çox az olsun. Ola bilər ki, sənin beş cür şirniyyatın oldu. Biri satıldı, o biri satılmadı. Satılmayanı bir də bişirməyi dayandırmaq olmaz. Bir çeşiddən ziyana gedə bilərsən, amma yenə hazırlamalısan. Onu 2 nəfər alsa belə hazırlamalısan. Şirniyyat evində müştəriyə “yoxdur” deyilməməlidir”.

Bu biznesin gəlirlilik məsələsinə gəldikdə isə, A.Səfərəliyev bildirdi: “Əgər doğru yerdə şirniyyat evi açsan, gəlirli biznesdir. Ümumilikdə, gündəlik satışdan 20 faizi sənə qalacaq. Gündəlik satışının çox olması da, yerindən asılıdır. Çünki şirniyyat evində qiymət artıra bilmirsən. Bazarda sabit qiymətlər var. Baha satsan, alan olmayacaq. Ona görə də, düzgün yerdə açılmalıdır ki, qazanc əldə edə biləsən”.

0.17012190818787