Bəzi müharibələri ancaq bu lider dayandıra bilər - Serbiya prezidenti

 

"Dünyada hər kəs Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpinin sülh təşəbbüslərinə böyük ümid bəsləyir". 

"Ölkə.az" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

"Dünyada hər kəs, ictimai məkanda nə deməsindən asılı olmayaraq hamı Sinin bugünkü dünyaya sülh gətirmək təşəbbüslərinə böyük ümidlər bəsləyir. Mən bunu yaxşı bilirəm, çünki hamı ilə ünsiyyət qururam", deyə Vuçiç Si Szinpinin Serbiya səfərindən əvvəl bildirib.

Vuçiç Çin liderini bəzi müharibələrin dayandırılmasına və uzunmüddətli sülhün bərqərar olmasına həqiqətən töhfə verə biləcək dünyada nadir insanlardan biri adlandırıb.

"Çin və Çin sədri Si Szinpin dövlətlərarası əlaqələrin inkişafı və iddialı məqsədlərə nail olmaq baxımından Serbiya üçün ən yaxşı tərəfdaşdır. Bir ölkəni idarə edəndə qarşına iddialı məqsədlər, daim yeni hədəflər qoymalısan. Bu yeni məqsəd və vəzifələrə nail olmaq üçün bizim ən yaxşı tərəfdaşımız həmişə Çin, Çin sədri Si Szinpin olub və olacaq", deyə Vuçiç vurğulayıb.

Onun sözlərinə görə, Çin lideri həmişə verdiyi vədlərə əməl edir. Serbiya prezidenti Si Szinpinin mayın əvvəlində Serbiyaya gözlənilən səfərinin iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib. O qeyd edib ki, Serbiya və Çin bütün sahələrdə - dəmir yolundan tutmuş mədəniyyətə qədər dövlətlərarası əlaqələri inkişaf etdirə bilər.

Qeyd edək ki, Si Szinpin mayın 5-dən 10-dək Serbiya, Fransa və Macarıstana səfər edəcək. 

0.19325804710388