Az olsun, yaxşı olsun - dos. İlham Əhmədov

 

Yaxın illərdə universitetlərə qəbul planı 75 minə çatacaq. Bu yaxşıdır, ya pis?
Əgər məktəblərimiz keyfiyyətli işləyirsə, əlbəttə qəbul planının artması çox yaxşı haldır, artıq 20 ildir bir çox ölkələr ali təhsilin kütləviliyinə nail olub. Amma məktəblərimizin indiki durumunda qəbul planının ilbəil artması, məktəbdə keyfiyyət problemini həll etmədən ATM-də plan yerlərini artırilmasının xeyrindən çox ziyanı var. Keyfiyyət problemini tam həll etmədən ATM-də plan yerlərinin artması keçid balının ilbəil azalmasına səbəb olur. Zəif tələbələrlə komplektləşən universitetlər isə heç vaxt keyfiyyətli kadr hazırlaya bilməz.
Yadımdadır, bir neçə il əvvəl, şüar olaraq "Təhsildə keyfiyyət ili" də elan olunmuşdu. Amma bu şüar keyfiyyətin artmasına kömək edə bilmədi. Çünki, problemləri dərindən təhlil etmək, onları köklü həll etmək istəmirik.
Daim kəmiyyətə üstünlük verib, keyfiyyəti arxa plana atdığımız üçün, bu gün bütün işlərimiz keyfiyyətsizdir. Yalnız bir işi keyfiyyətli edirik, qanunları pozmağı.
Kütləvi şəkildə keyfiyyətsiz kadrlar hazırlamaq, sonra da onları sertifikasiyadan keçə bilmədikləri üçün kütləvi şəkildə işdən azad etmək nə deməkdir? Hansı dövlətdə belə təcrübə var? Nazirliyin illər ərzində keyfiyyətsiz fəaliyyətinin cəzasını nəyə görə kadrlar çəkməlidir. Bi yaxında NK ölkədə sertifikasiyanın keçirilməsi qaydalarını təsdiq etdi. Görünən budur ki, indi bütün sahələrdə kütləvi sertifikasiya keçiriləcəkdir, bu sertifikasiyanın nəticəsi də ortalama elə müəllimlərin sertifikasiyası kimi olacaqdır. Deməli kadrların kütləvi şəkildə işdən azad edilməsi başqa sahələrdə də ola bilər. Bu kadrlar müxtəlif yönlü universitetlərin məzunlarıdır. Bu universitetlər isə daha çox keyfiyyətsiz kadr hazırlayıb, nəinki, keyfiyyətli. Deməli bir nazirliyin illər ərzində keyfiyyətsiz işi bütün sahələrin işini pozur. Məhz buna görə də bütün ölkələrdə təhsil strateji sahə hesab edilir, təhsildə keyfiyyət məsələsi ön plana çıxır.
Hətta attestatla tələbə qəbulu aparılan ölkələrdə də təhsil daha keyfiyyətlidir, nəinki bizdə, çünki onlar savadsız şagirdlərə kütləvi attestat vermirlər.
Keyfiyyətsiz iş görməkdənsə, heç bu işi görməsək daha yaxşıdır. Görülən keyfiyyətsiz işlər seriyası xalqın özünün keyfiyyətinə mənfi təsir edir, onun rəqabətqabiliyyətliyini aşağı salır, dövlətin və insanların vəsaitinin səmərəsiz israfına səbəb olur, iqtisadiyyatı zəiflədir, illərcə gözlədiyimiz keyfiyyətli insan kapitalı zəif formalaşır.
Rəhmətlik Lenin demişkən, "az olsun, yaxşı olsun".

"Demokratikmusavat.com"

0.2387478351593