Antiterrordan sonra sülh sazişi daha asan olacaq - AÇIQLAMA

 

“BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Zəngilanda keçirilməsi mühüm önəm kəsb edən hadisədir. Ölkəmiz artıq dünyada beynəlxalq konfransların, platformaların həyata keçirildiyi bir məkan kimi tanınır. Qeyd edim ki, ilk şəhərsalma forumu ötən il Ağdam şəhərində keçirilmişdir. İkincisi işğaldan azad edilmiş Zəngilan şəhərində keçirilmiş bu forumda dünyanın 53 ölkəsindən ümumilikdə 400 iştirakçının qatılması forumun beynəlxalq səviyyədə əhəmiyyətinin göstəricisidir. Belə ki, müxtəlif ölkələrdən gələn nüfuzlu şəxslər burada iştirak edərək Azərbaycanda baş verən proseslərin və aparılan quruculuq işlərinin şahidi olmaq imkanı əldə edirlər”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Emin Hacıyev deyib.

Onun sözlərinə görə, Forumda çıxış edən cənab Prezident iştirakçılara Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə intensiv olaraq apardığı bərpa-quruculuq işləri, qısa zamanda inşa edilən binalar və açılan yeni iş yerləri barədə ətraflı məlumat verdi.

“Cənab Prezidentin toxunduğu önəmli məqamlardan biri də Böyük Qayıdış proqramı və uzunillik işğal dövründə beynəlxalq ictimaiyyətin biganəliyi və erməni işğalını gözardı etməsi idi. Azərbaycanın ardıcıl səylərinə baxmayaraq  BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edən 4 qətnaməsi heç vaxt icra olunmadı. İkinci Qarabağ müharibəsinin başlanması təkcə erməni işğalıyla deyil, dünya ictimaiyyətinin də bu məsələni sülh yolu ilə həllinə biganə yanaşmasıyla bağlı idi”, - o qeyd edib.

Deputat əlavə edib ki, Vətən müharibəsindəki qələbəmizdən sonra da ziddiyyətli bəyanatlardan əl çəkməyən Ermənistan höküməti ölkələrimiz arasında münasibətlərin normalaşması prosesini gecikdirməyə davam edirdi: “Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən Ermənistanın rəhbəri qondarma rejimin rəhbərini “müstəqillik günü” ilə bağlı təbrik edirdi. Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçıların fəaliyyətləri bu ərazilərdə növbəti tədbirlərin aparılmasını qaçılmaz edirdi. Sentyabrın 19-da Ali Baş Komandanın rəhbərliyi ilə 24 saat çəkən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Biz Qafqazda sülh, sabitlik istəyirik və bunun üçün çalışırıq”.

Mürtəza
Ölkə.Az

 

0.16914200782776