Prezident Fərman imzalayıb

 

Prezident İlham Əliyev ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb.

“Ölkə.az” xəbər verir ki, Fərmana əsasən, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələrinə daxil olan sektorlar üzrə strateji planların, habelə bu planlar əsasında həmin sektorların ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanması və aidiyyəti üzrə təqdim olunması işi davam etdirilməlidir.

Növbəti ortamüddətli dövr (2025 – 2028-ci illər) ərzində dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinə daxil olan sektorlar ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb ediləcək.

Nazirlər Kabinetinə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan sektorlarda yeni büdcə mexanizminin tətbiqi və potensialın artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməsi, sektorlar üzrə strateji planların hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, 5 ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsi, eləcə də Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

0.20371699333191