“Bəzən yüksək tribunalardan Azərbaycanı Cənubi Qafqazın bəzi ölkələri ilə müqayisə edirlər. Bu, yanlış bənzətmədir. Azərbaycanı ancaq Şərqi Avropa ölkələri ilə müqayisə etmək olar”.
Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, əgər Azərbaycan işğal siyasəti ilə üzləşməsəydi, bu gün inkişaf etmiş ölkələr sırasında olardı. “Azərbaycanın iqtisadi qüdrəti olmasaydı Ermənistanın işğalına son qoya bilməzdi. 44 günlük Vətən müharibəsində qazanılan vəsait torpaqlarımızın azad olunmasına istifadə edildi. Bu gün hər hansı Avropa ölkəsi 30 il işğal nəticəsində dağıdılan məktəb, xəstəxana, mədəniyyət ocaqları, yaşayış məntəqləri və mina təmizlənməsinə vəsait ayırmır. Amma Azərbaycan ildə bu məqsədlə 4 milyard vəsait ayırır. Bu olmasaydı, həmin 4 milyard müəllimin, həkimlərin, pensiyaların və digər müavinətlərin artırılmasına yönəldilərdi. Ona görə də Azərbaycanı başqa ölkələrlə müqayisə etmək olmaz. Səbəblər fərqlidir”, - o qeyd edib.
Deputat əlavə edib ki, bu gün ətrafımız silah anbarına çevrilib. “Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün müdafiə qabliyyətini gücləndirmək məcburiyyətindədir. Ermənistan yenə pulsuz silahlandırılır. Məqsəd də gələcəkdə Cənubi Qafqazda yenidən gərginlik yaradıb münaqişə yaratmaqdır. Azərbaycanın bu gün əldə etdiyi gəlirləri daha çox təhlükəsizliyinin təmin olunmasına, 30 ildən artıq bir milyon məcburi köçkünə və qaçqının saxlanmasına xərcləyib. İndi də onların öz ata yurdlarına qayıtmasına xərcləyir. Avropanın elə ölkəsi var ki, onun əhalisi bir milyon civarındadır. Deməli, Azərbaycan bir Avropa ölkəsini saxlayır. Bu olmasaydı, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilərdi”, - o bildirib.
Deputat eyni zamanda hökumətə siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılmasını təklif edib.
Abbas