“Vaşinqton Post” konkret sifarişi icra edir”

 

“ABŞ Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ciddi fəallıq göstərir. Bununla bağlı Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bu ilin fevralında Münhendə görüşü keçirilib. Eləcə də, xarici işlər nazirləri Birləşmiş Ştatlarda bir neçə dəfə görüşərək sülh sazişi layihəsini müzakirə ediblər. Bütün bunların fonunda ABŞ mətbuatında ölkəmiz əleyhinə məqalələrin dərc olunması təəssüf doğurur”.

Bu fikirləri “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. 

Deputat bildirib ki, son vaxtlar “Vaşinqton Post” qəzeti bu yöndə "fəallıq" göstərir: “Belə ki, bu qəzet 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə “həsr" edib. “Vaşinqton Post”da Azərbaycana qarşı yazılara müəlliflik edən Devid İqnatius istər 44 günlük Vətən müharibəsindən öncə, istərsə də müharibədən sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəçisi rolunda çıxış edib, bu istiqamətdə yazılar və açıqlamalar yayıb. Devid İqnatius 2016-cı ildə qanunsuz şəkildə Qarabağa səfər edib və təbii ki, burada erməni qardaşlarının qonağı olmaqla yanaşı, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən misli görünməmiş vəhşilikləri də gözləri ilə görüb. Fəqət, bu vəhşiliklərdən bir cümlə də olsun yazmamaqla, dilə gətirməməklə qələmini və vicdanını ermənilərə satdığını sübuta yetirib. Kriminal oliqarx Ruben Vardanyanın yaxın dostu olan Devid İqnatiusun qələmini də erməniləşdirməsi mükafatsız qalmayıb və Vardanyanın fondu tərəfindən mükafatlandırılıb”.

“Ümumiyyətlə,"Vaşinqton Post” ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı hesab olunur. Ölkəmizə qarşı məqalələrin müəllifi Devid İqnatiusun davamlı olaraq Azərbaycanı qaralamasının arxasında yalnız müəllifin ermənpərəstliyi yox, həm də siyasi dəstək dayanır. Əks halda, İqnatius və ya erməni əlinə baxan hansısa başqa bir jurnalist bütün faktları yanlış şərh etməkdə, işğala haqq qazandırmaqda, separatçıları dəstəkləməkdə bu dərəcədə sərbəst davrana bilməzdi. Devid İqnatius “Vaşinqton Post”da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazırsa, deməli, o konkret sifarişlə işləyir. Ona görə də, Dövlət Departamenti bu məsələyə diqqət etməlidir. Çünki ABŞ Cənubi Qafqazda sülhün təmin edilməsinə çalışırsa, öz bitərəfliyini qorumalıdır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.17171192169189