“NKVD”nin Fransada yaratdığı “CƏHƏNNƏM” – qırmızı diplomatların ağ yalanı...

 

Yozef Göbbelsin adı XX əsr tarixinə nasist Almaniyasının ən nüfuzlu siyasi fiqurlarından biri kimi düşüb.

O, həm də Adolf Hitlerin ən yaxın silahdaşlarından və şəxsi dostlarından biri sayılıb. Ziddiyyətli və mürəkkəb, bacarıqlı və hiyləgər, qəddar və amansız xarakterə malik olan Yozef Göbbels Üçüncü Reyxin təbliğat naziri vəzifəsini tutsa da, II Dünya müharibəsi zamanı fürer tərəfindən ona xüsusi səlahiyyətlər verilib. Onun müdafiə sənayesi, səfərbərlik, məxfi əməkdaşlıq və s. məsələlərə də müdaxilə etmək hüququ olub. Bütövlükdə müharibə dövründə Göbbelsin adı ən çox hallanan məmurlar siyahısında olub.

Müharibə tarixində Göbbels bir çox hadisələrlə yadda qalıb. İdeoloji cəbhədə həyata keçirilən bütün tədbirlər onun adı ilə bağlı olub. Təbliğat naziri müharibənin son anına qədər mübarizə aparıb. Hitler intiharından əvvəl onu reyxskansler təyin edib. Göbbelsə bu vəzifəni daşımaq cəmi bir gün qismət olub - 1 may 1945-ci ildə. Bir günlük hakimiyyətindən sonra isə o, özünü güllələyərək intihar edib.

Yozef Göbbels ölümündən sonra da populyarlığını itirməyib. İntiharından sonra onun müharibə illərində yazdığı gündəlik təbliğat nazirini yenidən məşhurlaşdırıb.

gebe.jpg (108 KB)

Ələ keçən gündəlik ictimaiyyət arasında böyük marağa səbəb olub. Göbbels müharibə qeydlərində bir sıra maraq doğuracaq məqamlara toxunub. Gündəlikdə diqqət çəkən faktlardan biri də SSRİ-nin Fransadakı səfirliyi ilə bağlı olub.

Qeyd edək ki, 1941-ci ildə Almaniya xüsusi xidmət orqanlarının əməkdaşları Fransada SSRİ səfirliyini ələ keçirəndə “maraqlı” səhnələrlə rastlaşıblar. Kifayət qədər böyük ərazisi olan səfirliyin bəzi tikililəri əsl həbsxananı xatırladıb. Təbliğat naziri həmin səfirlik haqqında aşağıdakıları yazıb:

“Sovet hərbi attaşesinin kabinetində aşkar olunanlar məni təəccübləndirməyə bilməzdi. Avtomatlar, tapançalar, partlayıcı maddələr, saat mexanizmli bombalar, içərisində partlayıcı maddə olan siqarlar və s. əsl silah-sursat anbarını xatırladırdı. Bütün bunlar səfirlikdə başqa vəzifə adları ilə işləyən “NKVD” əməkdaşlarının əməlləri idi. SSRİ-nin Fransadakı səfirliyini SSRİ “NKVD”sinin yerli şöbəsi də adlandırmaq olardı. Bu səfirliyin hər addımından qan qoxusu gəlirdi. Səfirlikdə olarkən mən belə qənaətə gəldim ki, bu binada çalışanlar diplomatik missiya deyil, əsl cəlladlıq funksiyasını yerinə yetiriblər. Səfirlik binasının zirzəmisində işgəncə üçün bütün vasitələr var idi. Zirzəmi divarlarının izolyasiyası hətta silah səslərinin çöldə eşidilməsinə imkan vermirdi. Bununla yanaşı, zirzəmidə meyitlərin yandırılıb külə çevrilməsi üçün xüsusi kameralar da qurulmuşdu. Zirzəminin digər qapalı bir hissəsində isə çoxlu sayda insan sümükləri və saçları var idi. Cəhənnəmi xatırladan bu zirzəmi “NKVD”nin fəaliyyətinin açıq ifadəsi idi. Vaxtilə SSRİ-dən Fransaya qaçanlar yerli kommunistlərin köməyi ilə “NKVD” əməkdaşları tərəfindən ələ keçirilib, məhz burada cəzalandırılıblar...”

fürer.jpg (113 KB)

Göbbels SSRİ-nin Fransadakı səfirliyində müşahidlərini vaxtilə Almaniya mətbuatında da ətraflı işıqlandırıb. “Qırmızı diplomatların ağ yalanı” adı altında dərc olunan məqalədə Göbbels “NKVD”nin fəaliyyətini alt-üst edib.

Sovet “diplomat”larının Fransada yaratdığı “cəhənnəm” haqqında digər tanınmışlar da maraqlı faktlar açıqlayıblar.

Almaniya Xarici Kəşfiyyat İdarəsinin rəisi Valter Şellenberq öz memuarlarında sovet diplomatlarının Fransadakı fəaliyyətini aşağıdakı kimi xarakterizə edib:

“Mən heç cür inana bilmirəm ki, SSRİ-nin Fransadakı səfirliyində çalışanlar diplomat rütbəsini daşıyıblar. Gördüklərim, müşahidə etdiklərim, araşdırmalarım mənə deməyə tam əsas verir ki, sovet diplomatlarını vəhşi adlandırım. Dünyada mövcud olan bütün işgəncə metodları bu səfirlikdə tətbiq edilib. Böyük əraziyə və tikililərə malik səfirliyi heç səfirlik də adlandırmağa adamın dili gəlmir. Bu məkan daha çox əsir düşərgəsini xatırladıb. Səfirlikdə xüsusi kimyəvi laboratoriya da fəaliyyət göstərib. Məhz bu laboratoriyada zəhərli maddələr hazırlanıb, seçilmiş “hədəf”in məhv edilməsi üçün istifadə olunub”.

Alman tarixçisi Xoffmanın yazdığına görə isə SSRİ-nin Fransadakı səfirliyindəki həbs, işgəncə, ölüm üçün istifadə olunan vasitələr mövcud dövrün ən müasir avandanlıqlarından ibarət olub. Bu məsələdə SSRİ hökuməti büdcədən vəsait ayırmaqda “xəsislik” etməyib. Tarixçi onu da qeyd edib ki, SSRİ-nin siyasəti ilə barışmayan və öz ölkələrini tərk etmək məcburiyyətində qalan yüzlərlə ziyalı, hərbçi və dövlət məmuru səfirliyin binasında ağır işgəncələrdən sonra vəhşicəsinə öldürülüblər.

SSRİ rəsmiləri bu faktı təkzib etməyə çalışsalar da, Yozef Göbbelsin səfirlikdən götürdüyü əyani vasitələrin dünya mətbuatında tirajlanması Kremlin bu cəhdini boşa çıxarıb. Elə Göbbelsin söylədiyi kimi, SSRİ-nin Fransadakı səfirliyi diplomatik missiyadan başqa bütün “qaranlıq” işlərlə məşğul olub. Göbbels qırmızı diplomatların ağ yalanını ifşa etməyi bacarıb.

Göründüyü kimi, “NKVD” təkcə SSRİ ərazisində deyil, xarici ölkələrdə də kifayət qədər “fəallıq” göstərən qurumlardan biri olub. Bəzi araşdırmaçıların qənaətinə görə, Almaniyada, Avstriyada və digər bir sıra Avropa ölkələrində də “NKVD” əməkdaşları diplomat adı altında öz cəlladlıq missiyalarını “yüksək səviyyədə” icra ediblər, Fransadakı vəziyyət həmin ölkələrdə də təkrar olunub.(musavat.com)

0.202152967453