Danimarkada azərbaycanlı professora nüfuzlu mükafat təqdim edildi - FOTO

 

Kopenhagendə yaşayan tanınmış alim Məsud Aşinaya tibb elminə bəxş etdiyi unikal töhfələrinə görə Kirsten və Freddy Johansen Fondunun nüfuzlu KFJ mükafatı təqdim olunub.

Demokratikmusavat.com xəbər verir ki, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina və universitetin Tibb fakültəsində Xromosom Sabitliyi Mərkəzinin direktoru professor Yan Devid Hikson miqren və molekulyar təbabət sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.  

Mükafatın təqdim olunma mərasimini giriş sözü ilə açan dekan Bente Stalknext tədbir iştirakçılarını salamlayıb və mükafatların builki laureatlarını – kliniki professor, məsləhətçi, tibb elmləri doktoru Məsud Aşina və professor, fəlsəfə doktoru Yan Devid Hiksonu təqdim edib. 
Qeyd edib ki, professor Məsud Aşinanın tədqiqatları bütün dünyada milyarddan çox insana təsir edən nevroloji xəstəlik olan miqrenə yönəlib: “O, miqren tutmalarının mexanizmləri üzrə elmi bazamızı inkişaf etdirib. Onun tədqiqatları bir sıra elmi irəliləyişlərə, o cümlədən miqren tutmalarına səbəb olan molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsinə, həmçinin beyin və qan damarlarında funksional dəyişikliklərin müəyyən edilməsinə səbəb olub. Bu kəşflər II fazanın klinik sınaqlarında ümidverici nəticələr göstərən PACAP (Hipofiz adenilat-siklaza aktivləşdirən polipeptid) siqnal maddəsinə istiqamətlənən yeni dərmanın hazırlanmasına səbəb olub. Bundan əlavə, Məsud Aşina miqrenin diaqnostikası və müalicəsi ilə bağlı biliklərin yayılmasına, eləcə də bu sahədə gənc tədqiqatçıların hazırlanmasına böyük töhfə verib”. 
Bildirib ki, professor Yan Devid Hikson molekulyar təbabəti DNT-nin zədələnməsi və təmirinə xüsusi diqqət yetirməklə araşdırır. Bu tədqiqatların xərçəng və yaşla bağlı xəstəliklərin müalicəsi və qarşısının alınması üçün yeni terapevtik variantların inkişafına töhfə verə biləcəyi vurğulanıb. Hiksonun tədqiqatlarının beynəlxalq səviyyədə tanındığı və Böyük Britaniya Kral Cəmiyyətində layiqli yer aldığı bildirilib. 

Tədbirdə çıxış edən Kopenhagenin ən böyük dövlət və tədris xəstəxanası olan  Rigshospitaletin professoru, tibb elmləri doktoru Lizoletta Hoyqaard laureatları təbrik edib. 
Məsud Aşuna və Yan Devid Hikson bu mükafata layiq görüldükləri üçün Kirsten və Freddy Johansen Fonduna minnətdalıqlarını bildirib, bundan sonra da tədqiqatlarını və bütün güclərini cəmiyyətin sağlam yaşaması naminə davam etdirəcəklərini bildiriblər. 
Qeyd edək ki, Kirsten və Freddi Yohansen (KFJ) Fondu 21 iyun 2004-cü il tarixində təsis olunub. 2006-2010-cu illərdə mükafat hər il Kopenhagen Universitetinin Səhiyyə fakültəsinin tədqiqatçısına verilirdi. 2011-ci ildən etibarən Kirsten və Freddy Johansen Fondu iki mükafat təsis edib. Bir mükafat klinik öncəsi tədqiqatçıya, digəri isə klinik tədqiqatçıya verilir. Hər iki mükafatın məbləği 1,75 milyon Danimarka kronu təşkil edir.

Xatırladaq ki, “Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifi olan Nəsud Aşina indiyədək “Moqens Foq”, Roşe, Qlakso Smit Klayn, Monrad-Krohns və TÜBA mükafatlarına layiq görülüb. 
Tanınmış soydaşımız Azərbaycan diasporunun fəaliyyətində də aktiv iştirak edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü təyin olunub. O, “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib. 

0.23550796508789