Bu universitetdə diplom müqabilində pul alınır? - Ali məktəbdən RƏSMİ AÇIQLAMA

 

Ötən gün sosial şəbəkələrin birində dərc edilmiş paylaşımda Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbələrindən diplom müqabilində 1500 manat pul tələb olunması ilə bağlı paylaşım insanlar tərəfindən geniş maraqla qarşılandı. Paylaşımda Bakı Avrasiya Universitetinin rəhbərliyinin diplomları pul müqabilində verməsi ilə bağlı həmin univeristetdə təhsil aldğını iddia edən bir tələbənin müraciəti qeyd edilib.

“Diplom almaq üçün dövlət imtahanı verilməlidir deyə bilirik. Amma bu belə deyilmiş. Bununla bağlı xahiş olunur aidiyyəti qurumlar müəyyən tədbirlər həyata keçirsinlər. 4 ildi illik təhsil haqqı ödəyirik bu tərəfdən də diplom üçün 1500 AZN ödəniş verək? Belə bir qanun Təhsil Nazirliyində var?” 

Mövzu ilə bağlı Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev Referans.az-a açıqlama verib. Şəfaət Əliyev sözügedən paylaşımın yalan olduğunu və bu cür iddianın əsassız formada dərc edildiyini bildirib.

“Bu tam yalan iddiadır. Mən həmin paylaşımı görmüşəm. Həmin səhifə bundan öncə də bizimlə bağlı mənfi məzmunlu paylaşımlar edib. Qoy həmin səhifənin admini bu şikayəti kimin etdiyini desin. Bizim universitetin semestr və dövlət imtahanları tam şəffaf formada keçirilir. Hətta bir çox jurnalist və ictimaiyyət nümayəndəsi bu imtahanlarda iştirak edir, müşahidə aparır. Biz universitet olaraq bütün fəaliyyətlərimizə tam cavabdehik. Sözügedən səhifə bizdən başqa Bakı Biznes Univeristeti və digər universitetlərlə bağlı da bu cür qərəzli paylaşımlar edib. Bizim univeritetin məzunları göz qabağındadır. Bu cür çirkin iddialar qəbuledilməzdir.”

Bakı Avrasiya Universitetində təhsil alan 4-cü kurs tələbələri paylaşımda qeyd edilən iddianın yalan olduğunu bildirdilər. Hətta onlar univeristetdə təhsil alan və maddi imkanı yaxşı olub, lakin kəsrləri ucbatından 5-ci kursa qalan tələbələrin olduğunu qeyd edərək, bu məsələnin doğru olmadığını dedilər.

“Mən özüm bu il məzun olanlar arasındayam, yayda diplom üçün dövlət imtahanı verəcəyəm. Bu cür paylaşımlar əsassızdır. Bütün fakültələrdə 4-cü kurs olan tanışlarım var, istəyirsiniz hamısı ilə danışın, belə bir şey təklif edilməyib. Mən sizə hətta bir nüansı deyim. Bizdə maddi durumu çox yaxşı olan tələbələr var ki, onlar sırf kəsrləri var deyə, daha bir kurs oxumağa məcbur olublar. Əgər belə fakt varsa, birinci 1500 manatı onlar ödəyərdilər. Bir tələbə kimi bu səhifənin paylaşımını sadəcə universitetimizə qarşı qarayaxma olaraq görürəm.”

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov səhifədə dərc olunan paylaşımın heç bir tutarlı fakta əsaslanmadığını deyib.

“Ortada heç bir fakt yoxdur, bunu sübut etməlidilər. Düzdü, Bakı Avrasiya Universiteti özəl universitetdir, Onlarla bağlı bu mövzuda heç bir mənfi hal qeydə alınmayıb. Məncə bu səhifənin sözügedən univeritetlə bağlı qərəzli düşüncəsi var, paylaşım da bununla bağlıdır.”

0.20942306518555