"Zəngəzur dəhlizi yaxın zamanda açılacaq" - Vahid Əhmədov

 

Vahid Əhmədov: “Qafqazda məsələ getdikcə ciddiləşir, burada əsas söz sahibi Azərbaycandır”

“Bu gün hamı Türk Dövlətləri Təşkilatından narahatdır, qorxurlar ki...”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin səbəbləri, bu qərarın regionda münasibətlərin gələcək perspektivlərinə təsiri, Zəngəzur dəhlizi, sülh prosesi, eləcə də ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirik:

- Vahid müəllim, Rusiya hərbi kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılması gözlənilməz hadisə oldu. Prezidentin köməkçisi Hikmət Hacıyev dedi ki, bu barədə həri iki ölkənin ali rəhbərliyi qərar qəbul ediblər. Yəni bu, ikitərəfli prosesdir. Siz bu hadisəni necə qiymətləndirirsiniz?

- Bu, dövlətimiz üçün olduqca müsbət addımdır. Rusiya sülhməramlılarının bölgədə qalması heç bir əhəmiyyət kəsb etmirdi. Çünki orada erməni əhalisi yox idi. Biz ötən il 19 sentyabrda keçirdiyimiz antiterror əməliyyatı nəticəsində faktiki olaraq öz ərazi bütövlüyümüzü tamamilə bərpa etmişik. Bundan sonra burada yaşayan erməni əhalisi heç bir təzyiqlə üzləşmədi, amma bölgəni tərk etməyə başladı. Bu səbəbdən, sülhməramlıların bölgədə qalmasının heç bir izahı yox idi.
Biz hər nə qədər “sülhməramlı” desək də, faktiki olaraq burada Rusiya ordusu var idi. Onu da deyim ki, sülhməramlıların çıxarılması məsələsi hər zaman gündəmdə olub. Xatırlayırsınızsa, vaxtilə bu məsələnin ciddiləşdiyi bir zamanda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, vaxtı çatanda rus sülhməramlıları bölgəni tərk etməlidirlər. Görünür, dövlət başçıları arasında müəyyən danışıqlar gedirdi. Bundan əlavə, cəmiyyətdə də bir narahatçılıq var idi. Bu da iki dövlət başçısı arasında razılığın əldə olunmasına şərait yaratdı. Hələlik Azərbaycanı tərk edən sülhməramlıların hara getdikləri ilə bağlı dəqiq məlumatım yoxdur...

- Dağıstana getdikləri ilə bağlı xəbərlər var.

- Bəli, amma düşünmürəm ki, orada çox qalsınlar. Hər halda müəyyən müddətdən sonra Ukrayna cəbhəsinə göndəriləcəklər.

- Belə iddialar var idi ki, Rusiya ordu ilə girdiyi yerdən heç vaxt öz xoşu ilə çıxmayıb. Siz bu səssiz-səmirsiz gedişin səbəbləri barədə nə düşünürsünüz?

- Rusiya sanksiyalara məruz qalan bir dövlətdir. Azərbaycan Rusiyaya qarşı olan bu sanksiyaların əsas hissəsində iştirak etmir. Bu iki dövlət arasında münasibətlər rəhbərlik səviyyəsində kifayət qədər müsbətdir. Digər tərəfdən, qonşu Gürcüstanda, Ermənistanda çox ciddi proseslər gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsindəki 102-ci hərbi bazasını çıxarmaq istəyir. Qafqazda məsələ getdikcə ciddiləşir və burada əsas söz sahibi olan dövlət Azərbaycandır. Azərbaycan maliyyə və hərbi cəhətdən digər dövlətlərdən güclüdür. Rusiya çox gözəl başa düşür ki, belə bir dövləti itirmək olmaz, iqtisadi, siyasi, humanitar əlaqələri qoruyub saxlamaq lazımdır. Çünki heç kim təminat verə bilməz ki, sabah Ukrayna-Rusiya müharibəsi necə nəticələnəcək.

- Sizcə, Azərbaycan-Rusiya münasibətlərinə yeni addımlar atıla, məsələn, Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi gündəmə gələ bilərmi?

- Mən inanmıram. Mən cənab prezidentin apardığı siyasəti həmişə çox ciddi, dərindən təhlil edirəm. Birincisi, o, açıq siyasət aparır, kiminləsə gizlin siyasəti yoxdur. Açıq deyir ki, məsələ belədir. O, heç vaxt istəməz ki, Azərbaycan müəyyən qədər də olsa müstəqilliyini kiməsə versin. Çalışır ki, Azərbaycan tam müstəqil fəaliyyət göstərsin. Niyə bizə qarşı Qərb dövlətləri, hətta bəzən ABŞ-dən müəyyən təhdidlər gəlir? Çünki onlar bəzi məsələlərdə dövlət başçısı ilə razılığa gələ bilmirlər. Prezident əsas məsələ kimi Azərbaycanın müstəqilliyini götürür, müstəqil siyasət aparıb, ikitərəfli əlaqələrə daha çox üstünlük verir. Ona görə də bu, bəzilərinin xoşuna gəlmir. Andiçmə mərasimində İlham Əliyev Türk Dövlətləri Təşkilatını ön plana çıxardı və bildirdi ki, bizim yolumuz bu istqamətədir. Bu, çox böyük bir söz idi. Rusiyanın qarşısında belə bir söz demək asan məsələ deyil. Bu gün hamı Türk Dövlətləri Təşkilatından narahatdır. Çünki bu təşkilatın bir trilyondan çox ticarət dövriyyəsi var. Qorxurlar ki, sabah NATO kimi burada da hərbi sahədə müttəfiqlik yarana bilər. Amma buna baxmayaraq, proses gedir. Bu prosesi canlandıran iki lider var - Ərdoğan və Əliyev. Mən Azərbaycanın hansısa bir təşkilata üzv olmasında qəbahət görmürəm. Amma yenidən Rusiya dövlətinin boynduruğu altına girməyi də düzgün hesab etmirəm.

- Rusiya sülhməramlılarının Azərbaycandan çıxması Zəngəzur dəhlizinin açılması məsələsinə necə təsir edəcək? Sizcə Ermənistan ilə Azərbaycan arasında ikitərəfli qaydada bu məsələyə baxıla bilərmi?

- Ümumiyyətlə, ABŞ istəyir ki, Rusiyanı Qafqazdan sıxışdırıb çıxarsın. Buna nail olub-olmayacağını deyə bilmərəm, amma proses gedir. Burada da əsas iki dövlət söz sahibidir - Azərbaycan və Türkiyə. Türkiyə NATO-nun üzvü, ABŞ-nin tərəfdaşıdır. Azərbaycanın isə həm Rusiya ilə həm də Qərblə müsbət münasibətləri, iqtisadi, siyasi əlaqələri var. Rəhbərlik hər hansı qərar verəndə öncə fikirləşir, məsləhətləşmələr gedir, sonra qərar açıqlanır. Rusiya bizim qonşumuzdur. Nə onlar buradan köçüb gedəcklər, nə də biz. Ona görə də bu dövlətlə münasibətləri qoruyub saxlamaq lazımdır. Amma Rusiyanın dövlət qurumlarında təmsil olunan bəzi rəhbər şəxslərdə işğalçı yanaşma problemi var. Bu ideologiya SSRİ-dən qalıb… Yəni baxın, Moldovada münaqişə ocağı qalıb, Gürcüstanda yaratdılar, Azərbaycanda 32 il idi ki, Qarabağ məsələsi var idi. Faktiki olaraq biz bu məsələni dövlət başçısının siyasi iradəsi nəticəsində həll etdik, yoxsa, bu problem hələ də qalacaqdı. Rusiya xalqı ilə Azərbaycan xalqı arasında heç bir problem yoxdur. İqtisadi, humanitar, mədəni əlaqələr həmişə yüksək səviyyədə olub. Biz 1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi elan etmişik. Artıq 33 il keçib və istəyirik ki, müstəqil dövlət kimi fəaliyyət göstərək. Bəziləri Azərbaycanın müstəqil siyasət aparması ilə razılaşmaq istəmirlər.
Zəngəzur dəhlizinə gəlincə, bu dəhliz açılacaq. Özü də çox yaxın bir zamanda. Mən istərdim ki, bu dəhliz Ermənistan ərazisindən keçsin. Bu, həm maliyyə cəhətdən, həm də Ermənistanla Azərbaycan arasındakı əlaqələrin yeni mərhələsi açısından önəmli olardı. Həmin dəhlizin İran ərazisindən keçməsinə gəlincə, ola bilsin ki, bu ilin axırında məsələ öz müsbət həllini tapsın. Buna mane ola bilməzlər. Çünki bu, faktiki olaraq beynəlxalq bir layihədir. Bu layihəni müdafiə edən qüvvələr, dövlətlər çox böyük və güclüdürlər. Yəni, bunun əleyhinə çıxan bir-iki kiçik dövlət var. Çin, Orta Asiya, Türkiyə, Avropa bu layihəni ciddi hesab edir. Bizim üçün də əhəmiyyətlidir. Naxçıvandan həm dəmir yolu, həm avtomobil yolu kecəcək. Mən bu layihənin gerçəkləşməsində ciddi problemlər görmürəm.

- Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi də gecikir. Bununla bağlı hansı addımlar atıla blər?

- Bizim üçün indi ən ciddi problemlərdən biri Zəngəzur dəhlizinin açılmasıdırsa, ikincisi də sülh müqaviləsinin imzalanmasıdır. Delimitasiya-demarkasiya uzun vaxt alan prosesdir. İlk növbədə bir çərçivə sazişi olmalıdır. Tərəflər öz aralarında problemin olmaması ilə bağlı razılığa gəlməli, Azərbaycan ilə Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Müharibə ocağı ümumiyyətlə, yaddan çıxarılmalıdır. Bu gün dünyada silah istehsalı sürətlə artır. Bu münaqişələr nəyə görə var? Bəziləri deyir ki, insanların sayını azaltmaq üçündür. Əsas məsələ odur ki, silah istehsalında kifayət qədər böyük pullar var. Bu silahlar istehsal olunursa, pul qazanmaq üçün satılmalıdır. Bunun üçün də mütəmadi münaqişə ocaqları yaradılır. Məsələn, Ukrayna və Qəzza kimi. İranla İsrail arasında da belə bir münaqişə ocağının yaranma riski var. Qafqazda da belə bir münaqişə ocağı yaratmaq istəyirlər.

- Kim istəyir?

- Rusiya, Fransa, Qərb. İstəyirlər ki, Azərbaycanla Ermənistan arasında münaqişə zonası qalsın və bundan istifadə etsinlər. Amma bu məsələ yavaş-yavaş tarixə qovuşacaq. Düzdür, biz bu qədər şəhid verdiyimiz müharibəni qısa müddət ərzində unutmayacağıq. Amma tarixdən görünür ki, həllini tapan münaqişələr yavaş - yavaş arxa plana keçirilir. Əsas kimi dövlətin marağı ön plana çəkilir.

Elçin Rüstəmli
Elvin Bəyməmmədli

 

 

0.24688196182251