ABŞ-da körpünün uçması nəticəsində bir neçə nəfər itkin düşüb

 
 

ABŞ-ın Merilend ştatının qubernatorunun sözlərinə görə, Baltimor şəhərində böyük körpüyə çırpılan yük gəmisinin pilotları toqquşmadan qısa müddət əvvəl təhlükənin olduğuna dair siqnal veriblər və bu da, səlahiyyətlilərin həyat qurtarmalarına imkan yaradıb.

"Ekipajın elektrik problemi barədə səlahiyyətlilərə məlumat verdiyini təsdiqləyə bilərik," Merilend ştatının qubernatoru Ues Mur çərşənbə axşamı səhər, hadisədən bir neçə saat sonra jurnalistlərə deyib. Mur bildirib ki, Sinqapur bayrağı altında üzən konteyner gəmisi Dali Francis Scott Key körpüsünü dəstəkləyən iki əsas sütundan birinə çırpılaraq, körpünün dağılmasına səbəb olmadan əvvəl gəmidə elektrik enerjisi kəsilib.

Mur ekipajın xəbərdarlığının nəqliyyat rəsmilərinə körpünün üzərindən keçən dövlətlərarası magistral yol boyunca hərəkəti tez bir zamanda dayandırmağa imkan verdiyini deyib.

"Bu insanlar qəhrəmandır. Onlar dünən gecə insanların həyatlarını xilas etdilər," qubernator deyib.

Bununla belə, çərşənbə axşamı yerli vaxtla gecə saat 1:30-da baş verən hadisə zamanı körpüdəki səkkiz nəfərin Patapsko çayına düşdüyü güman edilir.

Baltimor şəhərinin yanğınsöndürmə idarəsinin rəisi Ceyms Uolles fəlakətdən bir neçə saat sonra mətbuat brifinqində jurnalistlərə bildirib ki, iki nəfər sudan çıxarılıb. Biri ağır vəziyyətdə travmatologiya mərkəzinə aparılıb, digəri isə xəsarət almayıb.

Dalğıclar digər potensial zərərçəkənləri 9 dərəcə soyuq havada axtarırlar.

Mobil telefonla çəkilən videoda Dali adlı konteyner gəmisinin çərşənbə axşamı körpünün sütunu ilə toqquşmasından sonra onun çaya çökdüyü göstərilib. Gəminin eni 48 metr (157 fut), uzunluğu 300 metrdir (984 fut) və o, Şri-Lankaya istiqamət alan yük konteynerləri ilə yüklənmişdi.

Səlahiyyətlilər toqquşma zamanı körpünün üzərində bir neçə - ehtimal olunur ki, beş - avtomobilin olduğunu bildirib.

ABŞ prezidenti Co Bayden açıqlamasında "Mən administrasiyasıma axtarış-xilasetmə səyləri və bu dəhşətli hadisə üçün hər bir federal resursun açıq olmasını təmin etməyi tapşırmışam" deyib.

Merilend ştatının qubernatoru Ves Mor fövqəladə vəziyyət elan edib və ştatın "tez bir zamanda Bayden administrasiyasından federal resursları əldə etmək üçün idarələrarası bir qrupla" işlədiyini bildirib.

Baltimor meri Brandon Skot hadisəni "ağılasığmaz faciə" adlandırıb. Baltimor polis komissarı Riçard Vorley deyib ki, toqquşmanın qəsdən törədildiyinə dair "heç bir əlamət" yoxdur.

Dali-nin idarəçisi olan Synergy Marine Corp gəminin körpünün sütunlarından biri ilə toqquşduğunu və göyərtəsində olan iki pilot da daxil olmaqla, bütün ekipaj üzvlərinin həyatda olduğunu və xəsarət alanın olmadığını açıqlayıb.

47 yaşlı, 2,5 kilometr uzunluğundakı körpü ABŞ-ın ən böyük limanlarından biri olan Baltimor şəhərini əhatə edən avtomagistral yolunun əsas hissəsidir. Körpü daha sonra ABŞ-ın milli himninə çevrilən “The Star Spangled Banner” şeirinin müəllifi Fransis Skot Kinin adını daşıyır.

Ki 1814-cü ildə Baltimorda ABŞ-ın böyük hərbi qalasının Britaniya tərəfindən bombalanmasının şahidi olduqdan sonra həmin şeiri yazmağa ilhamlanıb.

Demokratikmusavat.com 

0.17217302322388