Yaxşı adam olmağın şərtləri çox ağırdır

 

Professor İdris Abbasov yazır...

"Yaxşı adam" obrazı yaratmaq asan olsa da, yaxşı adam olmağın şərtləri çox ağırdır.
Həm vəzifən, səlahiyyətlərin olsun, dövlətin zəiflədilməsi, xalqın səfil gününə salınması hesabına, haram yollarla özünün, əhli-əyalının təmtəraqlı və ya adi eyş-işrətini təmin edəsən, həm də haqq sözə və cəmiyyəti cana-boğaza yığmış pisliklərin tənqidinə ehtiyac duyan namuslu xalqa qarşı hiyləgərlik edib haqdan, düzlükdən dəm vurasan, özünü yaxşı, xeyirxah, xalqın qeydinə qalan adam obrazında təqdim edəsən. Mənəvi axtalıq buna deyirlər. Halbuki altdan-altdan xalqın anasını ağaladanlardan biri də elə sən özünsən!
Riyakarlıqla dövlət irəli getməz. Xilasın düsturu səmimiyyət, etiraf və haqqa tapınmaqdır!
"Dürüst adam" obrazında təqdim olunmaq asan olduğu qədər də sabun köpüyü imiş!
Dürüstlüyün fonunda oğurlamamaq, həmvətənin aclıq və yoxsulluq içində Əzraillə can çəkişdiyi bir vaxtda qanlı pullara aludə olmamaq, rüşvət almamaq və imkanları ola-ola bu eybəcərlikləri etməmək, maddi istəklərində ölçülü olmaq, hətta bizim kimi cəmiyyətlərdə minimum təminatların ödənməsində əziyyətlərə qatlaşmaq dayanır.
Dövlətin büdcəsini, xalqın malını yemək, yaxud bir qardaşın haqqını çalıb o biri qardaşa "əl tutmaq" yaxşılıq deyil, əclaflıqdır, binamusluqdur və bütövlükdə mənsub olduğu dövlətə, xalqa xəyanətdir!
Buyurun, "yaxşı adam" deyil, yaxşı adam olmaq üçün rəqabətə girişin! Onda ən xoşbəxt cəmiyyət biz olacağıq!
Demokratikmusavat.com 

0.19392108917236