Fransa da Rusiyanın etdiyini təkrarlayır, amma... - Arzu Nağıyev

 

Bu gün Fransa və ABŞ-nin Cənubi Qafqazda əsas məqsədi nəyin bahasına olur-olsun Ermənistandan istifadə etməklə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa nail olmaq, eyni zamanda Türkiyənin bölgdə artan nüfuzunun qarşısını almaqdır. 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Fransa eyni zamanda Ermənistanı boyunduruğuna salmaqla müstəmləkəçilik siyasətini davam etdirmək istəyir.

“Ona görə də Fransa Ermənistan siyasi dəstəklə yanaşı, hərbi yardımlar etməyə çalışır. Bu məqsədlə də Ermənistana müxtəlif  silah və hərbi texnika verməyə başlayıb. Amma onu da qeyd etmək lazımdır ki, bunlar elə də yeni və effektli silah və hərbi texnika deyil. Necə ki vaxtı ilə Rusiya Ermənistanda invertarında olan köhnə, artıq, işə yarımayan silahlarını verirdisə, indi də Fransa eyni qaydada yararsız, başqa ölkələrə sata bilmədiyi hərbi texnikanı verməklə “bir güllə ilə iki dovşan vurmaq" istəyir. Belə ki, Fransa invertarında olan və yararsız silah satıb, pul və dividend qazanır. Digər tərəfdən də Ermənistandakı əlaltısı Nikol Paşinyanın cəmiyyətdə  mövqeyini möhkəmləndirməyə çalışır. Erməni cəmiyyətinə göstərmək istəyirlər ki, bu yolla üzləşdikləri vəziyyətdən xilas olub, etibarlı təhlükəsizlik sistemlərini qura bilərlər. Amma Fransanın Ermənistana verdiyi Bastionlarla heç nə etmək olmaz. Çünki Azərbaycanın ondan daha müasir və effektiv silah-sursata, hərbi texnikaya malikdir”, - o qeyd edib.

Deputat əlavə edib ki, ona görə də Fransanın bütün bu jestləri ancaq və ancaq siyasi jest xarakteri daşıyır: “Burada digər məqam ondan ibarətdir ki, Fransa və ABŞ-də güclü erməni lobbisi fəaliyyət göstərir və qarşıda da seçkilər gəlir. Onlar bu yolla erməni lobbisinin dəstəyini qazanmağa çalışırlar. Ona görə də onların bu hədəkətləri “gözə kül üfürmək” məsələni xatırladır. 

Qərbin son addımlarının arxasında dayanan növbəti məqam isə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bu torpaqlardan yetərincə iqtisadi xeyir götürmələridir. Torpaqlar işğaldan azad edildikdən sonra isə Qərb ölkələri bu gəlirdən məhrum olub. Ona görə də onlar regiona qayıtmaq üçün ən müxtəlif addımlara əl atırlar. İstər Fransanın, istərsə də ABŞ-nin yürütdüyü siyasət buna xidmət edir. Onlar həm də bölgədə reallaşacaq tranzit xətlərinə nəzarəti ələ keçirmək istəyirlər. 

Növbəti məqam isə ondan ibarətdir ki, Azərbaycanın yüksək peşəkarlıqla və intellektual səviyyədə antiterror tədbirləri həyata keçirərək suverenliyini təmin etməsi, erməni havadarları tərəfindən həzm edilə bilmir. Nə qədər ki, Azərbaycan suverenliyini tam təmin etməmişdi erməni havadarları bundan faydalanaraq yetərincə dividendlər əldə edirdilər. Ancaq indi bunu edə bilmirlər. Hər şeydən əli çıxan Qərb Azərbaycana qarşı şantaj yolunu seçərək saxta bəyanatlar verməklə “etnik təmizləmə”, dırnaqarası insan haqları kimi yalanlardan istifadə etməklə münaqişəni yenidən qızışdırmağa çalışırlar. Lakin bu təzyiqlərin nəticəsi olmayacaq.  Azərbaycan necə ki öz gücünə erməni işğalına son verib ərazi bütövlüyünü, suverenliyini bərpa etdisə, yaxın gələcəkdə təklif etdiyi şərtlər daxilində Ermənistanla sülh müqaviləsinin imzalanmasına və bölgədə dayanıqlı sülhün, sabitliyin təmin olunmasına nail olacaq”.

Mürtəza
Ölkə.Az

0.21195101737976