"Onları məsxərə etməyə heç kimin haqqı yoxdur, mədəniyyətsizlikdir" - Kamal Yaşar

 

Məşhur "Grammar Azi" səhifəsinin "Rus dilindəki "ц" hərfi ilə dilimizdəki "ç" hərfi eyni cür səslənmir" paylaşımına tanınmış rejissor maraqlı münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, öz sahəsinin məşhur simalarından biri hesab olunan Kamal Yaşar fərqli mövqeyi ilə diqqət çəkib.

O paylaşıma belə reaksiya verib: "Bəli, əlifbada belədir. Ədəbi dil, normal tələffüz üçün də bu, əlbəttə, belədir. Amma bəzi bölgələrimizdə bu səs məhz cingiltili kimi "ts" olaraq səslənir və buna görə ədəbi normalarla danışmağa öhdəliyi olmayan insanları, böyük bir çoxluğu heç kimin qınamağa, məsxərə etməyə haqqı yoxdur".

Sənətçi izah edib ki, bu cür danışıq bir gen yaddaşı kimi, o zonanın kütləvi danışıq dili kimi o cür istifadə edilir, dünyaya göz açan oradakı uşaqlar məhz o cür duyub o cür eşidir: "Bəli, maarifləndirmək, qaydaları demək olar. Necə ki, bu gözəl səhifə bunu edir. Amma bəziləri tərəfindən bunun kütləvi lağlağı vasitəsinə çevrilərək o cür danışan adamları ələ salmağa cəhd edilməsi mədəniyyətsizlikdir. Sevgi ilə".

Qeyd edək ki, Kamal Yaşar həmçinin ekran işlərinin səsləndirməsi üzrə fəalliyət göstərir. O həm də radio verilişlərinin aparıcısı kimi tanınır.

0.2190580368042