Erməni müxalifəti Paşinyana qarşı cəbhəni genişləndirir - ŞƏRH

 

Ermənistanda ötən ay paytaxt meriyasına keçirilən seçkilərdə məğlub olan müxalifətin ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etirazlara başlayacağı gözlənilirdi. Amma Qarabağdan könüllü erməni köçü bu etirazları bir müddət təxirə saldı. Amma N.Paşinyanın dünən Strasburqda etdiyi çıxış müxalifətin qəzəbinə səbəb olub və nəticədə yeni aksiyalara hazırlaşdığını bəyan edib.

Müxalifətin yaratdığı Milli Komitənin koordinatoru Vazgen Manukyan Nikol Paşinyana qarşı təşkilatlanmağı qərara aldıqlarını və tezliklə ciddi fəaliyyətə keçiləcəyini bildirib. Milli Komitə hökumət başçısına qarşı cəbhə alaraq əsasən 4 problemin olduğunu qeyd edir. Sadalanan problemlərdən də görünür ki, müxalifətin əsas məqsədi Ermənistan erməniləri ilə yanaşı, Qarabağ ermənilərini də hökumətə qarşı etirazlara səsləməkdir. Eyni zamanda Milli Komitənin də anti-Rusiya əhvali-ruhiyyədə olması, Avropaya tərəf meyil etməsi də nəzərdən qaçmayıb.

V.Manukyan ənənəsinə sadiq qalaraq, Rusiya sülhməramlılarını günahlandırıb və Qarabağ ermənilərinin geri qayıtmasını prioritet adlandırıb. Bu qayıdış prosesinin isə beynəlxalq qüvvələrin, xüsusən də BMT himayəsində olması fikrini irəli sürüb.

 

Eyni zamanda Nikol Paşinyanın “ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər” açıqlaması da müxalifətin hiddətinə səbəb olub. Milli Komitə adından çıxış edən Vazgen Manukyan imzalanacaq sülh müqaviləsini yeni müharibənin başlanğıcı adlandırıb. Bu isə müharibədə acı məğlubiyyət dadaraq bu günə qədər də toparlana bilməyən erməni cəmiyyətini hökumətə qarşı qızışdırmaqla yanaşı, Qərbin müəyyən dairələrinin “əlinə oynayaraq” sülh prosesini ləngitmək, sabotaj etmək məqsədi güdür. Əgər Milli Komitə Rusiya əleyhinə bəyanatlar səsləndirərək, Qərbə tərəf istiqamət götürürsə, burada küləyin Qərbdən əsdiyini də söyləmək mümkündür. Çünki Manukyan çıxışında ümumerməni cəbhəsinin yaradılmasının vacibliyindən danışıb və bu struktura diasporun da cəlb edilməsinin düzgün addım olduğunu qeyd edib.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da müxalifət cərgələrinə qoşularaq, xalqı etirazlara, Nikol Paşinyanı devirməyə səsləyir. Ohanyan yerli KİV-ə müsahibəsində qeyd edib ki, baş nazir Nikol Paşinyana etimadsızlıq prosesi müxalifətin gündəmindədir və bu prosesi sürətləndirmək lazımdır. “Ermənistan” fraksiyasının rəhbəri artıq parlament müxalifətinin impiçment prosesinə başladığını, prosesin davam etdiyini bildirib. Bunun üçün isə hətta hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlarına müraciət edildiyini də bildirib. Görünən odur ki, müxalifət hakim partiya daxilindəki narazılıqlardan istifadə etmək qərarına gəlib və Paşinyanın siyasətini bəyənməyən deputatları da öz tərəfinə çəkməyi planlaşdırır. Seyran Ohanyanın da açıqlamalarından məlum olur ki, təmsil etdiyi fraksiya sülh danışıqlarını sabotaj etmək, sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün hərəkətə keçib. Həssas məqamlardan istifadə edən Ohanyan vurğulayıb ki, danışıqlar prosesində Ermənistanı təmsil edən şəxslər dəyişdirilməlidir. Əks halda, uğursuzluqlar və güzəşt davam edəcək.

 

Hüquq müdafiəçisi Ruben Melikyan da baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından narazı qaldığını bildirib. Melikyan qeyd edib ki, Nikol Paşinyanın öhdəsindən gəlmək, onu hakimiyyətdən dərhal uzaqlaşdırmaq lazımdır. Bunun üçün isə ən qısa müddətə İrəvanın mərkəzində etiraz mitinqləri keçirmək, yürüşlər təşkil etmək və baş nazirin istefasını tələb etmək lazımdır.

Ermənistanın üçüncü prezidenti, “Qarabağ klanı”nın liderlərindən sayılan və əli Xocalı sakinlərinin qanına bulaşmış Serj Sarqsyan da Nikol Paşinyana qarşı genişlənən cəbhənin daimi sakini olduğunu bir daha xatırladıb. Hazırda Ermənistanda başı məhkəmə proseslərindən ayılmayan “Serjik” bildirib ki, Qarabağ mövzusu onun üçün bağlanmayıb. O, hələ də keçmiş qondarma rejim üçün şans gördüyünü qeyd edib. Sarqsyan da Nikol Paşinyanın Strasburqa səfərindən məmnun qalmadığını, baş verən hadisələrdə baş nazirin bilavasitə günahkar olduğunu qeyd edib.

Paşinyana qarşı cəbhədə olduğunu bir daha xatırladan Sarqsyan özünü lider kimi aparmaqla, təşkil ediləcək etiraz mitinq və yürüşlərə dəstək verəcəyi ehtimal edilir. Sentyabrın 19-dan sonra bir neçə dəfə “Qarabağ mövzusu mənim üçün bağlanmayıb” deməklə əslində Qarabağ ermənilərini ətrafında toplamağa, təşkilatlanmağa çalışır. Əslində Serj də Qarabağ mövzusunun əbədi qapandığını gözəl anlayır. Sadəcə baş nazirə qarşı istifadə etməyə rıçaq, vasitə olaraq, Qarabağ ermənilərini özünə hədəf seçib və onların dəstəyinə arxalanır. Qarabağ erməniləri isə Ermənistanda qalmağa könülsüz yanaşırlar. Artıq rəsmi olaraq 2500 nəfərin Ermənistandan digər ölkələrə köç etdiyi bildirilir. Bu isə sadəcə rəsmi rəqəmlərdir. Real rəqəmlərin hansı səviyyədə olduğu bilinmir.


Nikol Paşinyan da Serj Sarqsyan və digərlərinin Qarabağ ermənilərini təşkilatlandırmasından, ölkədə yeni müxalif qanadın yaranmasından ehtiyat edir. Buna görə də, separatçı ermənilərdən sayılan Samvel Babayana qarşı cinayət işi qaldırılıb, Vitali Balasanyan isə təhlükəsizlik orqanları tərəfindən dindirilir. Bununla Nikol Qarabağın separatçı ermənilərinə “sakitçiliyi qorumaq, hər hansı bir təşkilatlanma”nın həbslə nəticələnəcəyi mesajını ötürür. Bununla yanaşı, İrəvana sığınan separatçı rejimin tör-töküntüləri hələ də Paşinyanla görüşə bilməyiblər. Baş nazir sadəcə onları qəbul etmir və bu günün reallığında bu insanlarla keçiriləcək görüşün Azərbaycan tərəfindən xoş qarşılanmayacağını da gözəl dərk edir.

Eyni zamanda, Serj Sarqsyana qarşı açılan cinayət işi ilə bağlı məhkəmə prosesi hələ də davam edir. Görünən odur ki, bu proses də uzun sürəcək. Çünki Sarqsyandan əlavə, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, keçmiş nazir müavini Samvel Qalstyan, idarə rəisi Qevorq Arutyunyan, iş adamı Barseq Beqlaryan da cinayət işində fiqurant kimi cəlb edilib. Bu şəxslər Serjə yaxın adamlar və onun komandasının üzvləri sayılırlar. Paşinyan isə davam edən məhkəmə prosesi ilə Sarqsyanı neytrallaşdırmaq niyyətindədir. Sonuncu isə bunu anladığı üçün yeni üsula əl atıb və Qarabağ ermənilərini Paşinyana qarşı qaldırmaq, qızışdırmaq niyyətindədir.

 

Bütün bunlarla yanaşı, erməni “Hay Dat” ofisi də Nikol Paşinyana qarşı yaranan cəbhədə mövqe tutub. Məlum olub ki, ABŞ, Kanada, Cənubi Amerika və Avstraliyanın “Hay Dat” ofisləri konfrans keçiriblər və bəyanat yayaraq qeyd ediblər ki, Ermənistan hakimiyyətinin əzilmiş demarşı erməni mübarizəsini dayandıra bilməz. Bununla da ofis Nikol Paşinyanı Azərbaycan və Türkiyə tezislərini həyata keçirməkdə ittiham edib və xalqı yeni mübarizəyə səsləyib.

Bütün bu sadalananlardan məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı yaranan cəbhə xeyli genişlənib və yaxın zamanlarda İrəvanda ciddi etiraz mitinqləri, aksiyalar və yürüşlərə start veriləcək. Bütün bu hadisələrin səbəbi isə Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh danışıqlarına kölgə salmaq və prosesi ləngitməkdir. Prosesin ləngiməsi isə müxtəlif Qərb dairələrinin işinə yarayır. Şübhəsiz ki, ilk yerdə Fransa dayanır. Ermənistanı öz forpostuna çevirmək, məkrli planlarını bu ölkə vasitəsilə regionda reallaşdırmaq istəyən Fransanın müxtəlif siyasi dairələrinin əl altından erməni müxalifətinə də dəstək durması mümkündür. Çünki xaos şəraitində planlarını reallaşdırmaq və ram etdiyi ölkəni idarə etmək prinsipi Qərbin dəfələrlə üz tutduğu üsullardan sayılır.

Serj Sarkisyan, Seyran Ohanyan, Vazgen Manukyan, Robert Koçaryan kimi tarixin zibilliyinə atılmış siyasi meyitləri yenidən arenaya gətirmək də müəyyən planın tərkib hissəsi ola bilər. Zaman isə reallıqları ortaya çıxaracaq. Amma bununla belə, daxili sosial və iqtisadi problemləri ilə boğulan Ermənistanın bu gedişlə hansı reallıqla üzləşəcəyi də aydın görünür. Nikol Paşinyan bu problemləri həll etmək üçün müttəfiq ağuşu axtarmaqdansa, sülh gündəmini reallaşdırmaq, kommunikasiya xətlərini açmaq və “3+3” platformasının reallaşmasına töhfə verməlidir.

“Report” İnformasiya Agentliyi

0.15260791778564