Yasamal rayonunun Sübhi Salayev, Zivər bəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan evlərin sakinləri "RR Construction" MTK adlı şirkətin fəaliyyətindən narazıdırlar.
Sakinlər Ölkə.Az-a müraciətlərində bildiriblər ki, ərazini icarəyə götürən şirkət orada yaşayan vətəndaşların tələbinə məhəl qoymur:
"Şirkət bizim əhalini tam razı saldıqdan sonra söküntü və tikinti işləri həyata keçirməyi üzərinə götürüb. Ərazidə yaşayan 240 ailədən 223 ailəni yeni tikəcəkləri binalarda mənzil vermək adı ilə köçürüblər.Yerdə qalan 17 ailə isə mənzil almaqla bağlı vədlərə inanmır, haqlı olaraq mənzillərinin dəyərinin ödənilməsini tələb edirlər. Lakin şirkətin direktoru Rafael Abdullayev Nazirlər Kabinetinin 482 saylı qərarının 4.1-ci bəndində göstərilən "mülkiyyətçinin qanunvericiliyə uyğun razılığı ilə" və "dəyəri ödənməklə" göstərişinə heç bir məhəl qoymur və "sizə yalnız evlərinizi söküb yeni binalar tikib mənzil verə bilərəm" deyir".
Sakinlər deyir ki, onlar sözügedən şirkətdən nə az, nə də çox, bazar qiymətinə uyğun məbləğ tələb edirlər:
"Dəfələrlə Yasamal rayon icra başçısına və şirkət rəhbərliyinə bildirmişik ki, bazar qiyməti nədirsə, araşdırılsın və biz qiymətlərlə razılaşmağa hazırıq. Bazar qiyməti təqribən 2500-3500 civarındadır".
Yasamal sakinləri deyir ki, vəziyyətlə bağlı dövlət qurumlarına və s. müraciət etsələr də, faydası olmayıb:
"Yazdığımız çoxsaylı məktublara dövlət orqanları tərəfindən heç bir məhəl qoyulmur. Hansı qaynar xəttə müraciət ediriksə, şirkətin adını bilən kimi bizə dəstək olunmur və hər bir vəchlə məsuliyyəti boyunlarından atmağa çalışırlar. Prezidentin göstərişinə əsasən, bu şirkətlər bizim evlərimizi alarkən bizə ya konpensasiya ödəyib, ya da mənzil verib rifahımızı gözəlləşdirməlidirlər, amma bu şirkət əraziyə gəldikdən bəri nəinki mənzil-məişət şəraitimiz gözəlləşib, hətta evlərimiz, küçələrimiz yaşanmaz hala gəlib. Bir gün qazımızı, bir gün suyumuzu kəsirlər. Bizləri təhdid edib "hara istəyirsiniz şikayət edin, onsuz da baxan olmayacaq" deyirlər. Doğrudan da şikayətlərimizi dinləmirlər. İcra başçımız Elşad Həsənov da onlara dəstək verərək "gedin məhkəmələrə müraciət edin və məni narahat etməyin" deyir. Biz kasıb əhali məhkəmələr gedib aylarla çəkişəcəyiksə, bəs bu icra hakimiyyəti nə işə baxır? Bu şirkət kimlərəsə güvəndiyindən heç bir dövlət qurumu bizə dəstək olmağa ürək etmir".
R.Abdullayev bundan əvvəl verdiyi açıqlamalarında bildirib ki, kirayə ödənişi otaq sayına görə razılaşma əsasında verilir, mənzilə görə əlavə 30% ödəniş nəzərdə tutulur.
Sözügedən şikayətlə əlaqədar "RR Construction" MTK ilə əlaqə saxladıq. şirkətdən Ölkə.Az-a cavab olaraq şikayətin köhnə olduğu və artıq bütün mənzil sahibləri ilə razılığa gəlindiyi bildirildi. Şirkaət nümayəndəsi həmçinin əlavə etdi ki, əgər narazılığı olanlar varsa, adbaad siyahı ilə şirkətə müraciət etsinlər.
Daha sonra isə şikayətçi olan 17 nəfər redaksiyamıza adbaad siyahı göndərdi. "RR Construction"a bununla bağlı növbəti müraciətimizə cavab olaraq deyildi ki, bu barədə ancaq ofisə yaxınlaşmaqla cavab almaq mümkündür.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, Yasamal rayonunun sözügedən ərazisində ümumilikdə 5 hektar ərazidə 15 girişli 11 bina tikilməsi nəzərdə tutulub.