Qandi və Ustinov
Buna alın yazısı da demək olar...

 

31 oktyabr 1984-cü iltarixdə Hindistanın Baş naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən güllələndi. Onu öz cangüdənləri – sikxlər qətlə yetirmişdilər.
Mən bu hadisəni və bu tarixi nə üçün xatırladım?
Məsələ burasındadır ki, həmin gün xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı Piter Ustinova müsahibə verməyə hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı, dramaturq, ssenarist idi...
İndira Qandi həmin səhər çox gümrah görünürdü. Müsahibinin yanına qırmızı libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim ona xüsusilə yaraşır.
Piter Ustinovla çəkilişə gələn operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn kimi məşhur yazıçı ilə söhbətə başlayacaqdı. Ustinov təcrübəli aparıcı idi. İndiyəcən dünyanın bir çox məşhur simaları ilə görüşmüş, maraqlı verilişlər aparmışdı.
Sonralar Piter Ustinov gündəliyində yazırdı ki, həmin gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş səsi eşitdim... Biz həmin atəş səsini kamerada qeydə aldıq... Az sonra məlum oldu ki, Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.
Qandi həmin gün saat 14-20 keçindi.
Telekameranın yaddaşında yalnız atəş səsləri qaldı. Ustinovun komandası baş varən hadisəni lentə ala bilmədi.
Bu hadisəyə bəlkə də alın yazısı demək olar.
Ustinov həmin gün Qandi ilə çəkiliş vədəsi verməsəydi bəlkə də bu hadisə baş verməyəcəkdi və yaxud sonralar baş verəcəkdi...
Dünyanın belə işləri də olur.
P.S.
Ustinov mənim də oxuyub bəyəndiyim yazıçıdır. Amma dünya onu daha çox aktyor kimi tanıyır.
Mən bayaq dostum Hacı Hacılının Ustinovun bir kitabı ilə bağlı qeydlərini oxuyarkən bu hadisəni xatırladım...
Və həmin hadisəni gündəliyimdə qeyd etdiyimi də xatırladım...
Xatırladım ki, həmin gün EA-dakı alimlərin bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onlar Qandinin yaşıdları idi...
(Bu qeydləri yazdığım tarixi unutmuşam)

Firuz Mustafa

"Demokratikmusavat.com"

0.17183423042297