Azərbaycan Mərkəzi Asiya əlaqələri - geosiyasi perspektivlər nə vəd edir

 

“Azərbaycan Prezidentinin Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı çox mühüm tarixi və geosiyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın təkcə Qafqaz region üçün deyil, həm də dünyadakı yeni geosiyasi reallıqlar baxımdan Mərkəzi Asiya  bölgəsi üçün necə  xüsusi önəm daşıdığının bariz göstəricisidir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov deyib
 
Onun sözlərinə görə, bu gün Azərbaycan, ümumiyyətlə, Qərblə Şərq, Şimalla Cənub arasında ciddi qapı rolunu oynamaqdadır. 

“Son illərdə, xüsusən də İkinci Qarabağ savaşından və Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra dünyada, Avrasiya coğrafiyasındakı baş verən ciddi geosiyasi proseslər fonunda Azərbaycan yürütdüyü çevik siyasət nəticəsində ciddi aktora çevrilib. Və bu rolu getdikcə də artmaqdadır”, - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan milli maraqlar və ölkəmizin daha da güclənməsi, inkişafı naminə yaranmış fürsətdən maksimum faydalanmağı qarşısına məqsəd qoyub və siyasətini də bu istiqamətdə qurub: “Məhz bunun nəticəsidir ki, son illərdə Mərkəzi Asiya bölgəsi Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Azərbaycan Prezidenti Mərkəzi Asiya  ölkələri ilə əlaqələrin daha da dərinləşdirilməsi məqsədi ilə davamlı səfərlər edir, iki və çoxtərəfli formatlarda əməkdalıq münasibətləri  yaradılır. Əməkdaşlığın inkişaf etdirilməsi üçün investisiya fondları yaradılır. 

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşdirilməsində heç bir maneə yoxdur. Əksinə, ölkəmizlə Mərkəzi Asiya ölkələrinin xalqlarını çoxəsrlik qardaşlıq münasibətləri bağlayır ki, bu da  dövlətlərarası əlaqələrin möhkəmlənməsinin daha inkişafına və dərinləşmsinə əlavə imkanlar yaradır.

Digər tərəfdən isə Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.

Bütün bu və digər amillər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərtərəfli sıx əməkdaşlıq münasibətlərinin qurulmasına zəmin yaradır. Tərəflər arasında istər ikitərəfli, istər çoxtərəfli iqtisadi-ticari, istər enerji, istər turizm, istər humanitar, istər logistik, tarnzit yükdaşıma və sair baxımdan geniş imkanlar, resurslar və potensial mövcuddur. Mövcud yaranmış geosiyasi proseslər baxımdan Mərkəzi Asiya ölkələri  Azərbaycan üzərində Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrinə rahat və ən qısa yolla etibarlı şəkildə  çıxışlarını təmin edə bilərlər. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil.  Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən  hər iki istiqamətdə çıxışı üçün bütün infrastruktur imkanlarına malikdir. Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu  isə Mərkəzi Asiya ölkələrinin üzünə açıqdır və bu yoldan rahat istifadə edə bilərlər. getdikcə Azərbaycan üzərindən keçən infrastruktur layihələri daha da təkmilləşdiriləcək ki, bu da yüklərin daha sürətlə, rahat və qısa zamanda ünvanına çatdırılmasına imkanlar yaradacaq. 

Azərbaycan Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsi istiqamətində ciddi işlər görməkdədir. Görülən işlər nəticəsində 2024-cü ildən  bu yolla daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları isə 15 milyon tondan 25 milyon tona qədər artırılması nəzərdə tutulur. Qarşıdakı dövrdə isə daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin edilməsi istiqamətində addımlar atılacaq.

Əminəm ki,  Prezidentin Düşənbəyə bu səfəri  Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin dünya miqyasında rolunun və əhəmiyyətinin daha da artmasına öz töhfəsini verəcək. Azərbaycan Avrasiya coğrafiyasında ciddi rola malik güclü, qüdrətli, inkişaf etmiş, əhalisi rifah ahlında yaşayan bir ölkəyə çevriləcək. Ümumiyyətlə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşməsi Azərbaycanın gücünə əlavə güc qatacaq”.

Mürtəza
Ölkə.Az

0.1434919834137