Neftçi”nin futbolçusu: "Çalışacağıq ki, eyni səhvləri etməyək"

 

"Bilirik ki, sabah bizi çox çətin oyun gözləyir. Rəqibimiz güclüdür. Amma çox xoş hisslərdir ki, bu cür komanda ilə oynayacağıq”.

Apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Yuri Matias deyib.

Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş”la cavab oyunu ərəfəsində 28 yaşlı mərkəz müdafiəçisi KİV nümayəndələrinin suallarını cavablandırıb. Braziliyalı futbolçu bildirib ki, sabah keçiriləcək görüşdə bütün güclərini sərf edəcəklər: “Futbolda hər şey mümkündür və sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq".

Matiasın sözlərinə görə, Bakıdakı ilk matçda buraxılan qollar təkcə müdafiə səhvi deyil, ümumi komandanındır: “İkinci hissədə nə qədər qol epizodları yaratdığımızı unutmalı deyilik. Ən azından bərabərlik yaradaq. Əlbəttə ki, açıq-aşkar göründü ki, buraxdığımız qollar birinci oyunun nəticəsini həll etdi. Bilirik və dərk edirik ki, səhvlər etmişik. Sabah çalışacağıq ki, səhvsiz oynayaq, eyni səhvləri etməyək".

Qeyd edək ki, “Neftçi” ilk oyunda 1:3 hesabı ilə uduzub.

 

0.35328602790833