"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" -FOTO

 

Professor Cəmil Həsənli yazır...

Xalq arasında belə bir deyim var: Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Son illərdə daha aktual səslənir bu deyim. London məhkəməsi ailə üzvlərinin adına olan hesablardan 5,6 milyon funt sterling (o dövrün məzənnəsi ilə 13 milyon manat) pulu müsadirə edib, adam ekran qarşısına çıxıb Qubad bəyi və məni xarici kəşfiyyatın agentləri adlandırır. Xarici kəşfiyyat deyəndə də Qərb ölkələrin nəzərdə tutur. Necə olur siz əyri yollarla ölkədən çıxardığınız, bu millətin xəstəsinin, əlilinin, zəlilinin cibindən, canından oğurladığınız pulları işçisi və dəftərxanası olmayan şirkət vasitəsi ilə Seyşel adaları, Estoniya və Latviya üzərindən Britaniya Vircin adalarındakı ofşor hesablarınıza, Londondakı gizli bank hesablarınıza göndərəndə xarici kəşfiyyatın agentləri olmursunuz, amma biz öz intellektimizlə, öz zəhmətimizlə London Universitetlərində pul qazananda, əmək haqqı alanda oluruq xarici kəşfiyyatın agentləri? Bizi Qərbin kəşfiyyat orqanlarının agenti adlandırıb özü mənşəyi şübhəli olan pullarla Londonun ən dəbdəbəli parkına baxan bahalı mənzil alanda Qərbinn Azərbaycanı qarışdırması yada düşmür, amma ölkədə korrupsiya və kleptokratiyaya qarşı çıxdığımıza görə biz oluruq xarici kəşfiyyatın adamları.

https://Demokratikmusavat.com/az/article/473769   

Adam hətta Putinin dediklərin Qarabağ döyüşçüsü, Qarabağ Qazisi Tofiq Yaqublunun adına çıxıb deyir ki, guya Yaqublu deyib ki, Qarabağ ermənilərinə status verilməlidir. Putinin bu ifadəsini YAPalaq kəsib kəsib, Putinin adını çıxarıb Tofiq bəyin adına yazıblar. İndi Feyziyev də həmin yalanı publika qarşısında danışır, həmin yalanı təkrar edir. Bunlar bir yalanı uydurur, sonra da onu "tarixi mənbəyə" çevirirlər.

Bunlar hər yerdə haray salırlar ki, halal yolla qazanmışıq bu pulları. Əli Həsənov da deyirdi ki, alnımızın təri ilə qazanmışıq bu sərvəti. Kriminal faktları aradıran Britaniya Cinayət Agentliyi müəyyən edib ki, Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus maxtəlif bank hesablarında 15 milyon funt sterling pul var. Britaniya Kriminal Cinayət Agentliyinin müstəntiqləri adını və soy adını göstərməklə müəyyən etdi ki, Şeysel adaları da daxil olmaqla Cavanşir Feyziyevin hesabına Cavanşir Feyziyezə 34,8 milyon dollar (27,8 milyon funt) vəsait daxil olub. İstintaq gizli pul axının marşrutunu ortaya qoyub. Buna izahat vermək əvəzinə adam publika qarşısında xarici kəşfiyyatdan zaddan danışır. Feyziyevi feyziyab edən bu 37-ci ilin ritorikasından qalmadır. 37-də bu ittiham demək olar ki, bütün işlərdə keçirdi. Bu öz yerində.

İndi dünyanın ən etibarlı və etimadlı bir istintaq ortaya qoyub ki, hesabınıza gizli yollarlar 34,8 milyon dollar pul gəlib, London məhkəməsi müəyyən etdi ki, ailə üzvlərinizə məxsus hesablarda 15 milyon funt pul var, bunun da 5,6 milyon funtun müsadirə etdi.
Bizi xarici kəşfiyyatın agenti adlandırmaqdansa, qoyun bu qədər pulun vergi ödənişlərin ortaya və millətə göstərin ki, bu qədər pulu “halal” yolla qazanmışınız, vergisini ödəmisiniz. Bir də “təmiz yolla” qazandığının pulları niyə natəmiz və gizli yollarla xarici banklara göndərirsiniz? Qubad bəyə böhtan atmaqdansa bəlkə bunun izahını versin Cavanşir Feyziyev ki, ölkənin torpaqlarının 20 faizi işğal altında olan bir dövrdə bu qədər vəsait gizli yollarla necə ölkədən çıxarılıb ölkədən? Bunun adı nədir?

Kiminsə xarici kəşfiyyatın agenti olub olmamaq Dövlət Təhlükəsizliyi orqanlarına aid məsələdir. Əgər Feyziyevin əlində belə faktlar varsa onları versin DTX-ya. Əks təqdirdə öz natəmiz əməllərinə, ölkədən qanunsuz pul çıxarmasına, çirkli pulların yuyulmasında iştirakına bəraət qazandırmaq üçün bundan bir vasitə kimi istifadə edir, böhtan atır, yalan danışır, hakimiyyət üçün gərəkli olduğunu nümayiş nümayiş etdirir. Bu məsələnin bir tərəfi.

Yeri gəlmişkən hazırda Azərbaycan məmur oliqarxlarına məxsus korrupsiya, çirkli əməliyyatlar və mənbəyi şübhəli olan daha 147 iş Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi tərəfindən araşdırılır. Bu araşdırmadan kimlər adları çıxacaq? Yaxın vaxtlarda biləcəksiniz. Feyziyevlərə məxsus bank hesablarında araşdırma aparılarkən Cinayətkarlıqla Mübarizə Agentliyindən bildirmişdilər ki, təhqiqat qrupu "kifayət qədər sübut topladığından" iş məhkəməyə gedib. Cinayətkarlıqla Mübarizə Agentliyi müstəntiqləri şübhələnmişdilər ki, Feyziyevlərə məxsus hesablardakı vəsaitlər "Azərbaycan camaşırxanası"ndan ("Azərbaycan landromatı") əldə olunub. Agentlik bildirib ki, pul "camaşırxana" vasitəsilə - Estoniya və Latviyada bank hesablarını idarə edən ofşor şirkətlərinin mürəkkəb şəbəkəsi vasitəsilə köçürülüb və bu, "qatlama prosesi" kimi bilinir.

Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi tərəfindən təqdim olunan istintaq materialların aradıran London Westminster Magistrates Məhkəməsinin hakimi John Zani Feyziyevlərin təqdim etdiyi sənədlərin tamamilə uydurma olması və hesabları idarə edənlərin çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandıqlarını bəyan etmişdi. Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada mühüm çirkli pulların yuyulması sxeminin mövcud olması təsdiq edilib.

Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin Mülki Bərpa şöbəsinin rəhbəri Andy Lewis bildirib ki, bu iş üzrə müsadirə "Azərbaycan camaşırxanası" vasitəsilə yuyulan pulların mühüm müsadirəsidir. Cavad Mərəndi ilə bağlı son iki ildə aparılan məhkəmə araşdırmasının nəticələri BBC-də dərc olunanda məlum oldu ki, Cavanşir Feyziyevin adı bu məhkəmə prosesində də keçib və hakim bir daha təsdiq edib ki, Feyziyevlərin Britaniya bank hesablarına nağd pul daxil olub və hakimin fikrincə, bu vəsaitlər "əhəmiyyətli çirkli pulların yuyulması sxemi" çərçivəsində Azərbaycandan çıxarılıb. Məhkəmə Mərəndinin işin aradıranda Feyziyevləri ailəsinin Mərəndi ilə çirkli pulların yuyulma sxemində birgə iştirakını bir daha təsdiq etdi.

Görün məhkəmə araşdırmasında nə üzə çıxdı. Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyininin London məhməsinə təqdim etdiyi istintaq materialında göstərilir ki, Feyziyev ailəsinin Londondakı hesablarına daxil olan pulları göndərən kompaniyanın nə işçiləri var, nə də onun fəaliyyətini izləmək üçün qeydiyyat dəftərxanası var. Sual çıxır, işçisi və dəftərxanası, hesab-kitabı olmayan bir kompaniya bu qədər vəsaiti necə göndərib. Feyziyev ailəsi “alın təri”, “min bir əziyyətlə” qazanıqları parələri niyə işçisi və sənədləşməsi olmayan şirkət vasitəsi ilə ölkədən çıxarıb Seyşel adalarını, Latviya və Estoniya banlkların dolandırmaqla Londonda yerbəyer ediblər? Əsində bu sualı Azərbaycan hüquq mühafizə orqanları cənab Feyziyevə verməlidir.
Məhz, bu əməlləri aşakar olanda Cavanşir Feyziyev Parlamentlər arası Azərbaycan – Britaniya işçi qrupunun rəhbərliyindən uzaqlaşdırıldı, Azərbaycan -Avropa Birliyi Parlament Komitəsinin sədrliyindən uzaqlaşdırıldı.

Bir anlığa təsəvvür edin, adam ölkənin ali dövlət hakimiyyətində təmsil olunur, bir neçə çağırış Milli Məclisin deputatıdır, amma ailə üzvlərinə vətəndaşlıq almaq üçün Britaniya banklarına böyük həcmdə pul yatırıb. Çünki Azərbaycan belələrinə vətən kimi yox, sağmal inək kimi lazımdır.

Cavanşir Feyziyev deyir ki, Qubad İbadoğlu və Cəmil Həsənli qeyd etdikləri Universitetlərdə işləmirlər, guya LSE-nin və London Universitetinin saytlarına baxıb, sən demə biz vizitor – yəni həvəskar, yalnız kitabxanaya giriş hüququ olan vizitor imişik. Görünür Feyziyev o qədər bisavaddır ki, LSE-nin saytında Qubad İbadoğlunun Beynəlxalq Münasibətlər Departamentinin Dəvətli Baş Elmi İşçi yazıldığını yaxşı başa düşməyib. Axı orada ağ və qara rəngdə yazılıb: Dr Gubad Ibadoglu - Senior Visiting Fellow Department of International Relations of LSE. Bunu kim də bilməsə gərək Xarici dillər İnstitutunu tərcüməçi ixtisası üzrə bitirmiş Feyziyev gərək bilsin. Elə həmin yazının altında Qubad bəyin xarici ölkələrdə nəşr olunmuş əsərlərinin PDF versiyası qoyulub. Və Feyziyev sual edəndə bunların xaricdə hansı əsərləri çıxıb, gərək LSE-nin saytına bir az göz gəzdirəydi. Qubad bəy 28 yaşında doktorluq dissertasiyası müdafiə edib, 60-a yaxın elmi əsərin, o cümlədən 20 kitab və monoqrafiya və dərs vəsaitinin müəllifidir.

Mən isə London Universitetində araşdırmaçı alim kimi iki il çalışmışam və hələ də çalışmaqda davam edirəm. Ötən iyul ayının ortalarında Elmi Şura məni daha yüksək elmi vəzifəyə - Baş Elmi İşçi vəzifəsinə təyin etdi. Dünən Universitetin mənim adıma olan ID vəsiqəsini də Toplum.tv-dəki çıxışda göstərdim, Xaricdə çıxan 8 monoqrafiyanın adını və nəşr yerini də iki gün əvvəl fb profilimdə paylaşmışam. Yeri gəlmişkən həmin xarici nəşrlərdə sonuncu əsər məhz mənim London Universitetində apardığım elmi araşdırmadır.
Bəs, Qubad bəyin və mənim elmi karyerama şübhə edən Cavanşir Feyziyevin elmi karyerası hansı yolu keçib. Deməli bizim elmi karyeramıza şübhə edən Feyziyev nə az, nə çox 46 yaşında fəlfə üzrə PhD müdafiəsi edib. Halbuki, biz 40 yaşımız olanda elmlər doktoru, kafedra müdiri, professor idik, Adam 1991-ci ildə Xarici Dillər İnstitutunun tərcümə fakültəsini bitirib və bitirəndən sonra orada işləyib, amma müdafiə edə bilməyib, gəzib, dolaşıb, tibbi təhsili olmaya – olmaya Avromeddə dərman ticarəti ilə məşğul olub və İnstitutu bitirəndən 18 il sonra namizədlik dissertasiya müdafiə edib. 46 yaşında namizədlik müdafiəsi etmiş birisi 28 yaşında bu adı qazanmış Qubad İbadoğludan hesab sorur. Taleyin və tarixin ironiyası deyilmi.

Ancaq Feyziyev 46 yaşında müdafiə etdiyi fəlsəfə ilə kifayətlənmədi, keçdi tarixə. Təsəvvür edirsinizmi adamın tarixi bilikləri elə fantan vurub ki, yalnız bir ildə - 2017-ci ildə 5 cildlik “Türk dünyası” kitabın hər 5 cildini qoyub ortalığa. Nələri əhatə etmir bu 5 cildlik: "Türk dünyasının təməl dəyərləri"; "Türk xalqları"; "Türk dövlətçiliyi tarixi"; "Türkşünaslıq"; "Türk dünyasının tarixi şəxsiyyətləri". Adam Zəki Validi Toğanı, Lev Qumilyovu, Faruk Sümei zadı vurub keçib. 5 cildlik cəfəngiyat, 5 cildlik plagiat. Eksiklopediyaların materiallarını kəmalı ehtiramla ard-arda düzüb, orada türk xalqları, dövlət və topluluqları haqqında verilən məlumat xarakterli yazıları 5 cildə toplayıb 5 cildlik məlumat kitabı nəşr etdirib. Adam qədim türklər haqqında ən elementar bilikləri olmadan, türk abidələri və qədim yazılarından başı çıxmadan Göy türklərdən, Türk xaqanlığından, İç və Dış Oğuzdan, Hunlardan, türk etnonimindən, ulus, törə, damğa, Kağanlıq, Gənəşək, Böyük Hun İmperiyası, Uyğur İmperiyası, Qızıl Ordadan, Atilladan zadda doğrayıb töküb və hətta dünya Türkşünaslığa qiymət vermək missiyasını öz üzərinə götürüb. Biz vaxtilə Ankaarada əski bakan Hasan Celal Güzelin rəhbərliyi ilə 21 cildlik “Türklər” seriyasını buraxmışdıq. Oradakı materialları, ensiklopediya məlumatların basmaqəlib edərək arda-arada düzüb Feyziyev olub türkoloq tarixçi. İndi oxucular gərək bu cəfəngiyatı oxuyub feyzyab olsunlar.
Xarici dilləri tərcüməçi ixtisası üzrə qurtarıb, 46 yaşında namizədlik dissertasiyası müdafiə edib. 54 yaşında da 5 cildlik nəşr etdirib olub türkoloq tarixçi.

Çox təəssüf ki, bu cəfəngiyyat Akademiyanın Tarix institutunun elmi şurasının qərarı ilə nəşr olunub. Elmi redaktorları da akademik Yaqub Mahmudov, Fəlsəfə Elmləri doktoru rəhmətlik Fərman İsmayılov. Heç birisinin də türkologiyaya heç bir aidiyyəti yoxdur. Amma necə olubsa həm müəllif, həm də hər iki rəyçi – yəni üçü də Şəkidəndir. Kampelyasiyadan ibarət olan 5 cildlik əvvəldən - axıra artıq hər kəsə bəlli olan məlumat (spravoçnik) xarakteri nəşrlərdən köçürmələrlə tərtib edilib. Məlumat nəşrlərinin isə bir qayda olaraq müəllifi olmur, tərtibçisi olur. Elmi də, türkologiyanı da belə rüsvay etmək olar? Olmaz ki, adam gedib dərman satmağı ilə məşğul olsun.

 

0.17201089859009