İranda həbsdə olan azərbaycanlıya qarşı ittiham dəyişdirildi - XİN

 

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualına cavabında bildirib.

Qeyd edilib ki, Xarici İşlər Nazirliyinin 9 mart və 2 iyun tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən müvafiq iş aparılıb. Məsələ ilə bağlı, İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb.Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərliyinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb.

Vətəndaşımızın hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra, İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub. Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib.

Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.

Eyni zamanda, müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Fərid Səfərliyinin valideyninin oğlunu ziyarət etməsi üçün hal-hazırda iş aparılır.

0.21036100387573