Konstitusiya Məhkəməsinin hakimlərinə yaş senzi ilə bağlı məhdudiyyət ləğv olunur.
Demokratikmusavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.
Layihəyə əsasən, yaş senzi ləğv olunur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola biləcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.