TikTok sosial platformasında keçirilən yarışlar zamanı tərəflərin bir-birinə qarşı təhqiramiz və alçaldıcı ifadələr işlətməsi heç kimə sirr deyil. Zaman-zaman söyüş və təhqirə görə, bu tiktokerlər arasında şikayət əsasında saxlanılanlar da olub. Maraqlıdır ki, bu cür davranışa yol verənlər həm qadın, həm də kişi tiktokerlər olmasına baxmayaraq, ikincilərlə bağlı hər hansı şikayət və ya inzibati tədbirlərin görülməsinin şahidi olmamışıq.
Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının rəhbəri, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli son zamanlar belə halların azaldığını deyib. Bununla belə, o bildirib ki, insanlarımız sosial platformalarda açıq söyüş və təhqirdən istifadə edənləri hüquq-mühafizə orqanlarına şikayət etməlidir:
“Tiktokda qayda-qanun pozan, bir-birlərinin şərəf və ləyaqətini aşağılayan, təhqir edən şəxslərlə bağlı tədbirlərin görülməsini görürük. Amma 1-2 il öncə demək olar ki, TikTok tam özbaşına bir platforma idi və orada canlı yayım açan tiktokerlər, şəxslər istədiklərini edirdilər. Çox müsbət haldır ki, son zamanlar Daxili İşlər Nazirliyi bu məsələyə çox həssas yanaşır. Bundan əvvəl TikTokda narkotik vasitələrin təbliğini aparan şəxslərə qarşı əməliyyat keçirildi. Artıq demək olar ki, belə neqativ halların qarşısı alınıb.
Bundan əlavə, bu platformada bir-birlərinin şərəf və ləyaqətini alçaldan şəxslərin də 10-15 sutka həbs edilməsinin şahidi olmuşuq.
Bu, sırf şikayət əsasında olmalıdır və düşünürəm ki, bu məsələdə cəmiyyətin də üzərinə çox böyük yük düşür. Çünki insanlar çox vaxt bunu görüb keçirlər, amma rəsmi qaydada şikayət edəndə əlbəttə ki, tədbir görülür.
O ki qaldı qadınlarla bağlı məsələyə, düşünürəm ki, Azərbaycan cəmiyyəti və dövləti hər zaman xanımlara qarşı humanist münasibət göstərib. Hətta qanun pozulanda belə, kişilərlə müqayisədə xanımlara qarşı bir az humanist yanaşmanın şahidi oluruq. Amma bu o demək deyil ki, TikTokda canlı yayım açan xanımlar insanları, bir-birlərini təhqir etməlidirlər.
Həmin şəxslər barəsində də rəsmi qaydada şikayət olunarsa, onlarla bağlı da tədbir görülməlidir. Çünki qanun qarşısında hər kəs bərabərdir.
TikTok təkcə əyləncə platforması deyil, eyni zamanda həm də ölkənin təhlükəsizliyi, ictimai rəyin formalaşması ilə bağlı platformaya çevrilib”.
Azərbaycanda bu platformada gündəlik istifadə edən insanların sayının 4 milyondan çox olduğunu deyən H.Heydərli bununla bağlı maarifləndirmə işləri aparıldığını söyləyib.
“Biz Mətbuat Şurası olaraq bununla bağlı tədbirlər keçirmişik. TikTokda fəal jurnalistlərlə geniştərkibli görüşlərimiz olub”.
Türkiyədə sosial şəbəkə fenomenlərinə qarşı əməliyyat keçirildiyini xatırladan MŞ komissiya rəhbəri düşünür ki, ölkəmizdə də bənzər addımın atılmasına ehtiyac var:
“Türkiyədə keçirilən əməliyyatlarla 100-dən çox tiktoker və hədiyyə atan şəxslər həbs edildi. Məlum oldu ki, çirkli pullar yuyulurmuş və göndərilən hədiyyələr daha sonra yenidən qaytarılırmış. Ümid edirəm və əminəm ki, yaxın zamanlarda Azərbaycanda da belə bir əməliyyat keçirilər. Fikrimcə, müvafiq qurumlar əməliyyat keçirsə və TikTokla koordinasiya olunmuş şəkildə məlumat əldə etsələr, gizli faktlar ortaya çıxar.
Biz 2 il əvvəl özlərini xeyriyyəçi kimi təqdim edən şəxslərin çirkli pulların yuyulmasında iştirak etdiyini deyəndə, bizə hücum edirdilər. Amma bu gün o şəxslərin saxlanılması, onu göstərir ki, bunlar fakt imiş”.
H.Heydərli yüngül həyat tərzi keçirən, etik davranış qaydalarına əməl etməyən və bütün gün TikTok-da dəbdəbəli həyat tərzini nümayiş etdirən şəxslərin cəmiyyətə, o cümlədən yeniyetmələrə mənfi örnək olduğunu bildirib:
“Onlar eyni zamanda bizim cəmiyyətin pozulmasına, gənclərimizin milli-mənəvi dəyərlərdən uzaqlaşmasına gətirib çıxarır. Bu baxımdan məncə, növbəti addımlarda kişilər kimi həm də xanımlara qarşı da bu tədbirlər görülməlidir ki, belə hallar təkrarlanmasın.
Çünki azyaşlılarımız və yeniyetmələrimiz bu cür şəxslərin fenomenə çevrildiyini, dəbdəbəli həyatlarını gördükcə onlara bənzəmək istəyir. Cəmiyyətə mənfi örnək olan tiktokerlər ali təhsilsiz, heç bir savadı, dünyagörüşü olmadan milyonluq səhifələrə sahib olurlar və hansısa paylaşımları, canlı yayımda dediyi sözlərlə, insanları aşağılamaqla cəmiyyətə pis nümunə olurlar.
Yaxşı olar ki, insanlarımız da özləri üçün faydalı həyat tərzinə uyğun konsept hazırlayan blogerləri izləsin”.
Billurə Yunus