Boşluq hissindən qurtulmağın yolları - Ən sadə izah

 

“Boşluq, xüsusən də xatırlamadığımız yaşlarda şüurumuzun xaricində yerləşən ən ağır duyğulardan biridir. Çəki problemləri, asılılıqlar, xüsusilə insan asılılığı kimi bütün asılılıqların, vəsvəsələrin və qorxuların altında boşluq hissi yatır”.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri türkiyəli davranış elmləri üzrə mütəxəssis Aşkım Kapışmak deyib. Onun sözlərinə görə, boşluq hissimizi nə ilə doldurduğumuzu görə bilmək vacibdir:

“Həyatımızda əldən verilmiş fürsətlər, motivasiyaların düşməsi, qərarsızlıq, tənbəllik, faydasız insanlarla əylənmək, eyni şeyi təkrar-təkrar etmək bu boşluq hissinin nəticəsidir.

Bu hiss sizi daim izləyiciyə çevirir, xüsusən də sizi təkmilləşdirəcək işlərdə hərəkətsizliyiniz artır”.

Mütəxəssis boşluq hissi olan insanların əlamətlərini də sadalayıb:
1. Davamlı olaraq bir şeylər etmək məcburiyyəində hiss etmək;
2. Oturduqca sıxıntıların artması;
3. Yeyib-içmək istəyinin artması, boşluğu yeməklə doldurmaq;
4. Yalnızlıqdan qaçmaq üçün davamlı olaraq başqaları ilə görüşüb planlar quraraq boşluğu doldurmaq.
5. Saatlarla telefon, televiziya, “youtube”, “netflix” kimi platformalarda vaxt keçirmək;
6. Ev təmizləmək, öz-özünə iş artırmaq, lazımsız işlərlə məşğul olub yorulmaq və boşludan qaçmaq”.

A.Kapışmak boşluq duyğusunun uşaqlıqda yaşanan şeylərdən qaynaqlandığını söyləyib:

“Bu duyğu dövrümüzün böyük problemlərindəndir. Körpəlik və uşaqlıqda valideynin istəmədiyi şeyləri edən uşaq təcrid olunur, cəzalandırılır və baxımsız buraxılırsa, boşluq duyğusuna düşür. Uşaq düşdüyü bu duyğunu daşıya bilmir, çünki içərisində qeyri-müəyyənlik, çarəsizik, pis şeylər olacaq hissi, parçalanmaq, yox olmaq və başqa ağır hislər var. 

Boşluq hissi böyüyərkən tez-tez özünü göstərir. Ağır gələn bu hissdən qaçmağa meyilli olan insanda isə asılılıqlar yaranır”. 

Davranış elmləri üzrə mütəxəssis bildirib ki, insanların qəsdən özü üçün problem yaratması da boşluqdan qaçmaq cəhdidir:

“Etdiyimiz şeylərin çoxu lazımsızdır. Bəzən də beynimiz gələcəkdə başımıza işlər açılsın deyə, indiki dövrdə bəzi şeylərə etinasız yanaşır, səhv qərarlar verdirir və s. Əşya, iş, sağlamlıq, ev, maşın və b. şeylərdən yaxşı istifadə etməyərək, tez-tez tərsliklər yaranmasına səbəb oluruq. 
Bitməyən problemlər yaradaraq, gələcəyə məşğuliyyət tapırıq”.

A.Kapışmak boşluq hissi ilə mübarizənin yollarını da sadalayıb:

“Bəzən heç nə etmədən dayanın, bir az sonra sizdə mənfi hislər yaranacaq. O hisləri anlamağa çalışın. Çətinlik çəkdiyimiz bu hislər şüurumuzun xaricində olan uşaqlıq xatirələrinin duyğularıdır. 

İndiki həyatımızda da boşluğa düşməmək üçün qaçırıq. Əslində, tez-tez o boşluğu təcrübə etsək, çətinlik çəksək belə, o hislərdə qaldığımız zaman bir az sonra bəzi xatirələri yadımıza salacağıq. Və o xatirələri xatırlayanda beynimiz hislərini boşaltmağa başlaycaq.
Boşluqda qala bildiyimiz müddət artdıqca asılı olduğumuz şeylər azalacaq.

Təkbaşına təcrübə edilən bu yol yalnızlıqla bacarmağın yeganə yoludur. Öz üzərində işləmədən keçən hər yalnız an insanda “tərk edilmiş uşaq” hissi yaradır. Hər insan içərisindəki uşağın məsuliyyətini götürmək üçün onunla təmasda olmağı bacarmalıdır. Siz ona təmas etdikcə o boşluğun pis şey olmadığını başa düşəcəksiniz”.

Billurə Yunus

0.20909786224365