“Müharibədən əvvəl özünü anti-Rusiya mövqeyindən göstərən Paşinyan və komandasının bu baxışı Moskvanı qıcıqlandırdı. Rusiyanın müharibəyə qarışmamasının əsas səbəbi də bu idi. Əlbəttə, Rusiya Ermənistana dəstəyini dayandırmayıb. Paşinyanın devirmək cəhdlərinin uğursuz olmasına gəldikdə, indi onun hakimiyyətdə qalmaqdan başqa şansı yoxdur. O, üçtərəfli anlaşma ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək tutduğu postda qalmalıdır”.
Politoloq Ramiyə Məmmədova belə düşünür. Ramiyə xanımla söhbəti davam etdiririk:
- Azərbaycan dövlət başçısı İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının Şuşada yeni məktəbin açılışında iştirak edəcəyi bildirilib. Şuşaya bu səfərin hansı geosiyasi anlamı var?
- Türkiyə prezidenti Ərdoğan hələ Qarabağda müharibə gedən zaman demişdi ki, öz ad gününü Şuşada keçirəcək. İndi də Ərdoğan verdiyi sözü yerinə yetirmək niyyətindədir.
Əgər Qarabağdan danışırıqsa, Şuşanın burada hansı məna kəsb etdiyini hər kəs bilir. Şuşa mədəniyyət ocağı, Qarabağın gözüdür. Təsadüfi deyil ki, Azərbaycan prezidenti də Şuşanı “Mədəniyyət paytaxtı” elan edib. Gələcəkdə Şuşa beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Yəni, əgər biz Şuşanı işğaldan azad etmişiksə, demək, Qarabağın ürəyi yenidən bizdədir. Bu da dünyaya bir mesajdır.
Ərdoğan və Bağçalının İlham Əliyevlə birlikdə Şuşaya gəlməsi dünyaya veriləcək o mesajdır ki, Türkiyə artıq Cənubi Qafqazdadır, Azərbaycanla birlikdədir. Mümkündür ki, bu mesajın ardından – gələcəkdə Türkiyənin Azərbaycanda hərbi bazası da yaradılsın. Yəni, Türkiyə liderinin Şuşaya gəlməsi dünyaya geosiyasi ismarışdır.
Bu mesaj Qərb və ABŞ-la yanaşı, Rusiyaya da ünvanlanıb. Kimin istəməyib-istəməməyindən asılı olmayaraq, Türkiyə Cənubi Qafqazda öz hərbi varlığını təmin etdi.
- Ermənistan müxalifəti dəfələrlə açıq şəkildə Baş nazir Nikol Paşinyanı devirməklə hədələdi. Şənbə günü keçirilən mitinqdə buna nail olunacağı bildirilsə də, heç nə baş vermədi. Paşinyana qarşı olan qüvvələr niyə istəklərinə nail ola bilmirlər?
- Qarabağda müharibə başlayandan Ermənistanda Paşinyanın istefasını tələb edənlərin sayı artmağa başladı. İndi də siyasi qüvvələrin bu yöndə fəallığı hiss olunur. Paşinyanın hakimiyyətə gələndə yol verdiyi yanlışlıqlar, qeyri-peşəkar davranışlar onun əleyhinə işlədi. Ötən il noyabrın 10-da üçtərəfli sazişin imzalanmasından sonra Ermənistanda Paşinyana qarşı etirazlar daha kəskin hal aldı.
Azərbaycanla müharibədən məğlub ayrılan baş nazirə qarşı aşkar şəkildə “xain” və “satqın” kimi ittihamlar səsləndirilir. Ermənistan müxalifəti Qarabağ savaşındakı məğlubiyyətə görə Paşinyanı günahlandırır. Əlbəttə, Ermənistan baş nazirinin vaxtında yol verdiyi yanlışlar Qarabağda müharibənin başlamasını şərtləndirdi. Azərbaycan isə bu savaşdan qalib çıxdı.
Müharibədən əvvəl özünü anti-Rusiya mövqeyindən göstərən Paşinyan və komandasının bu baxışı Moskvanı qıcıqlandırdı. Rusiyanın müharibəyə qarışmamasının əsas səbəbi də bu idi. Əlbəttə, Rusiya Ermənistana dəstəyini dayandırmayıb. Paşinyanın devirmək cəhdlərinin uğursuz olmasına gəldikdə, indi onun hakimiyyətdə qalmaqdan başqa şansı yoxdur. O, üçtərəfli anlaşma ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək, tutduğu postda qalmalıdır. Müxalifət istəsə də, istəməsə də vəziyyət bu cürdür.
Mümkündür ki, Rusiya Paşinyanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər hakimiyyətdə saxlasın. Buna görə də, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə zəmin yaratmaq istəmir.
İndi Paşinyanı Qərbdən olan müəyyən siyasi dairələr yox, açıq demək lazımdır ki, Rusiya iqtidarda saxlayır. Yəni, Rusiyanı indi bölgədə həyata keçirmək istədiyi layihələr daha çox maraqlandırır, nəinki Ermənistanda hakimiyyət dəyişikliyi. Amma bu o demək deyil ki, Paşinyan hakimiyyətdə uzun müddət qalacaq. Hələlik o, Rusiyaya lazımdır.
- ABŞ prezidenti Co Bayden son açıqlamasında söylədi ki, Rusiya lideri Vladimir Putin NATO-nu zəiflətmək istəyir, amma o, buna imkan verməyəcək. Bayden Rusiyanın NATO-ya Çindən daha çox təhlükə yaratdığını da dedi. Görünən budur ki, Bayden dönəmində ABŞ Rusiya ilə mübarizəni sərtləşdirəcək. Sizcə, Amerikanın yeni prezidenti Rusiyaya qarşı hansı strategiyanı seçəcək?
- Rusiya və ABŞ həmişə “soyuq müharibə”nin içində olub. İki ölkə həmişə qarşılıqlı şəkildə bir-birini təhdid kimi görüb. Bayden Rusiya ilə bağlı Donald Trampdan əvvəlki prezidentlərin siyasətini yürütməyə başlayıb.
Məlumdur ki, Tramp dövründə ABŞ-Rusiya münasibətlərindəki gərginlik qismən səngimişdi. Təsadüfi deyildi ki, Trampın seçilməsində Rusiya müdaxiləsi ilə bağlı iddialar vardı. Amma Trampın gedişindən sonra hakimiyyətə gələn prezident yenidən ABŞ-ın hegemon gücünü dünyaya göstərmək niyyətindədir. Bu baxımdan, Baydenin Rusiya ilə mübarizəni kəskinləşdirəcəyi gözləniləndir. Bu dövrdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyi və onun üstün mövqedə olduğu ayrı-ayrı bölgələrdə hərbi-siyasi fəallıqların artacağını da demək olar.
Əlbəttə, Rusiya NATO-nun zəifləməsində maraqlıdır. Bu gün NATO özünü Cənubi Qafqazda göstərməyə başlayıb. NATO və ABŞ qüvvələri artıq Gürcüstanda özünə yer edərək, zaman-zaman hərbi təlimlər keçirir. NATO-nun ikinci ordusuna sahib olan Türkiyə isə bu gün Dağlıq Qarabağda – Azərbaycandadır. NATO və ya Türkiyənin post-sovet məkanında yerləşməsi Rusiya üçün məğlubiyyət deməkdir. Bu baxımdan, Rusiya NATO-nun bölgədəki müqavimətini qırmaq üçün alyansı daxilindən çökdürməyin yollarını axtarır.
Baydenə gəldikdə, o, Rusiyanı “ABŞ-ın bir nömrəli düşməni” elan edib. Əlbəttə, Rusiya və ABŞ arasındakı “soyuq savaş” Baydenə qədər də gedirdi. Qənaətimə görə, Bayden dönəmində ABŞ-Rusiya münasibətləri daha da gərginləşəcək.
- Bu gərginlik Rusiyaya nə vəd edir?
- Bu gərginliyin Rusiyanın xeyrinə olacağını düşünmürəm. Çünki Rusiya iqtisadiyyatı o qədər də yaxşı durumda deyil. Hakimiyyətin səylərinə baxmayaraq, beynəlxalq sanksiyalar altında olan iqtisadiyyatı dirçəltmək mümkün deyil, əksinə, iqtisadi böyümənin dayandığı Rusiyada geriləmə müşahidə olunur. Bu baxımdan, Rusiya üçün xoşagəlməz olsa da, Türkiyənin Azərbaycandakı hərbi varlığını qəbul etmək məcburiyyətindədir.
Bu gün Azərbaycan və Türkiyə iqtisadi, mədəni, hərbi və siyasi sahələrdə birgə hərəkət etmək yolunu seçib. İki ölkənin birgə həyata keçirdiyi nəhəng layihələri var. Rusiya da iqtisadi dirçəlişi bərpa etmək üçün Türkiyə üzərindən dünyaya açılmağı hədəfləyir. Amerika da bunu yaxşı bilir və bu bölgədə də Rusiyaya mane olmağa çalışır. ABŞ Rusiyanın dünyaya meydan oxumaq gücünə qədər inkişaf etməsini istəmir. Bu, təkcə ABŞ-ın yox, bütün Qərbin marağında deyil. NATO da, ABŞ da Rusiyanın bu səviyyəyə çatmaması üçün əlindən gəlin edəcək.
Hesab edirəm ki, Bayden Rusiya hakimiyyətinə qarşı sərt mövqedə duracaq və rus müxalifətinə dəstək verəcək. Putinin hakimiyyətdən getməsinə nail olmaq istəyəcək. Bu baxımdan, Rusiyanın bütün iri layihələrdən kənarlaşdırılmasına səy göstərəcək. Rusiya isə bu müqavimətin qarşısını almaq üçün Türkiyə ilə birgə hərkət etmək yolunu seçib. Bu da Amerikanın xoşuna gəlmir.
ABŞ-ın mövcud hakimiyyətini Rusiya ilə yanaşı, Türkiyəyə qarşı da sərt mövqedə durmasını şərtləndirən amillərdən biri də budur. Başqa sözlə, ABŞ Rusiyanı dünyadan təcrid etmək və iqtisadiyyanı çökdürmək üçün bütün mümkün vasitələrə əl atacaq.
- Türkiyə İraqda antiterror əməliyyatlarına başlayıb və bunun davamlı olacağı açıqlanıb. Türkiyənin yeni və mümkün əməliyyatlarından əvvəl PKK terror təşkilatının Həşd əş-Şabi və digər terror qruplaşmaları ilə türk dövlətinə qarşı anlaşdığı iddia olunur. ABŞ və ya Qərb PKK-ya bu yöndə dəstəyini artıra bilərmi və Ankaranın cavab tədbirləri nə olacaq?
- Məlumdur ki, PKK 13 Türkiyə vətəndaşını girov götürmüşdü. Həmin şəxslərin İraqın Qara bölgəsində saxlanılması məlumatı əldə edildikdən sonra Türkiyə ordusu bölgədə əməliyat keçirmək qərarı verdi. Məqsə də həmin vətəndaşları bölgədən çıxarmaq idi. Lakin həmin ərəfədə 13 nəfər PKK tərəfindən qətlə yetirildi. Öldürülənlər arasında türk ordusu və kəşfiyyatının yüksək rübətli şəxsləri də vardı. Buna görə də PKK-nın belə bir addımı özbaşına atması inandırıcı görünmədi.
Məlumdur ki, PKK və onun bölgədəki qolları ABŞ və Qərbin bir sıra dövlətləri tərəfindən dəstəklənir. Yəni, PKK-nın bu addımı kənardan əmr almadan atdığını düşünmürəm. Qənaətimə görə, 13 nəfərin qətlə yetirilməsi, PKK vasitəsilə Türkiyəyə ünvanlanmış bir mesaj idi. Hesab edirəm ki, 13 nəfərin qətlə yetirilməsi Türkiyə daxilində hakimiyyətə qarşı etirazları qızışdırmağa hesablanmışdı. Bu onu göstərir ki, ABŞ-ın yeni hakimiyyəti Ankaraya qarşı o qədər də loyal münasibətdə deyil.
PKK, YPG və PYD kimi terror təşkilatlarını dəstəkləyən dövlətlər Türkiyənin İraq və Suriyada olmasını və antiteror əməliyyatları aparmasını istəmirlər.
Təkcə ABŞ yox, bölgə dövlətlərindən İran da bundan narazıdır. Türkiyənin Suriyadan sonra İraqdakı mövqelərini də gücləndirməsi onlar üçün xoşagəlməz haldır. Çünki Türkiyə getdikcə öz geosiyasi çərçivəsini və nüfuzunu genişləndirir. Amma Türkiyə bütün təzyiq və təhdidlərə baxmayaraq, öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə antiterror əməliyyatlarını davam etdirəcək.
Türkiyə çalışacaq ki, Suriya və Liviyada olduğu kimi, İraqda da öz hərbi varlığını qoruyub saxlasın.
Mənsur Rəğbətoğlu