Beynəlxalq Bankın baş mütəxəssisinə hökm oxundu

 

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qaradağ filialı kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, eləcə də bankın əməkdaşları Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elnur Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.

Qeyd edək ki, prokuror Elnur Hüseynovun 11 il, Aqilə Piriyevanın 1 il və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxslərin işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyib, onlara yalandan vəd verib.

Elnur Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.

Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

Elnur Hüseynov və digərləri Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

 

0.14319396018982