Siyasi gündəmin Eybəcərlikləri

 

Seçkidən- seçkiyə kükrəyən söyüş kampaniyasına nə vaxt son qoyulacaq?

 Azərbaycanın siyasi sistemi o qədər primitiv inkişaf mərhələsindədir ki, hələ də siyasi opponentlər "söyüş davası"ndan istifadə edirlər. Hətta, bir neçə il əvvəl seçki debatlarından birində prezidentliyə namizədlərdən birinin təmsilçisi o biri namizədin üstünə stəkan atmışdı. Mən deməzdim ki, həmin vaxt stəkan atan günahkar idi, hətta, çox az siyasətçi belə şəraitdə özünü cilovlaya bilərdi. Əsas məsələ Azərbaycan cəmiyyətinin iştirakı olmadan layiq olmayan şəxslərin siyasi səhnəyə gətirilməsidir ki, bu da yuxarıda qeyd etdiyimiz kimi, belə hadisənin baş verməsinə yol açır. Bu, əsasən Azərbaycan siyasi səhnəsinə iqtidarın verdiyi töhfədir. Belə töhfələrin acı meyvələri bu yaxınlarda, sözün birbaşa mənasında, özünü buraxan Milli Məclisdə daha çox yetişmişdi. Bu gün Milli Məslisin buraxılmasının hüquqi əsaslarını araşdıran müstəqil ekspertlərə və müxalifət nümayəndələrinə qulaq asmaq belə, məndə əsəbi qıcıq yaradır. Çünki az-çox siyasətdən başı çıxan və parlamentin iclaslarını izləyən hər bir azərbaycanlı bu quruma görə dərin xəcalət hissi keçirirdi və qəlbindən keçirirdi ki, kaş bu parlament olmayaydı. Zəlzələdən, yaxud vəlvələdən fərq etməz, artıq o parlament yoxdu, buna sevinənlər sırasında yer almaq gərəkir, bəylər! Gələcəkdə nə olacaq, bu artıq gələcəyin işidi, əsas odur ki, Azərbaycan xalqının canı bu biabırçılıqdan qurtuldu.

O ki qaldı müxalifət düşərgəsinə, burada vəziyyət gözləniləndən də acınacaqlıdır. Qarşıdan parlament seçkiləri gəlir, müxalifət partiyalarından bir qismi seçkiyə getməyi qərara alıb, digər hissə - Milli Şurada birləşən müxalifət qanadı isə boykot qərarına üstünlük verir. İndi müxalifətin bir qanadı o birini iqtidarın "əlinə" oynamaqda, bir çoxları isə bir az da irəli gedərək, satqınlıqda ittaham edir. Hazırda sosial şəbəkələrdə müxalifət nümayəndələri və trolları bir-birinə qarşı söyüş kampaniyaları sürdürməkdədirlər. Son günlər nədənsə Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli daha çox söyüş hədəfinə çevrilib. Mən anlaya bilmirəm, bu xanımın göstərdiyi fədakarlığın bir faizini belə ortaya qoya bilməyən insanlar onu trollar vasitəsilə "söyüş topları" ilə atəşə tuturlar. Mən inanmıram, bu söyüş kampaniyasını da iqtidar təşkil edir. Hazırda sosial şəbəkələrdə müxalifət tərəfindən bir-birinə qarşı sürdürülən söyüş kampaniyası o həddə çatıb ki, az-çox dünyanın gərdişindən başı çıxan sadə vətəndaş parlamentə görə necə xəcalət çəkirdisə, elə müxalifətə görə də həmin qaydada xəcalət çəkir.

Zaman-zaman müdrik siyasətçilərimiz müxalifətin toparlana bilməməsi, birləşmək ideyasını reallaşdıra bilməməkdə və bu səbəbdən də əbədi məğlubiyyətə düçar olduqlarını deyirdilər. Birincisi, hazırda nəinki müxalifətin birləşməsi, onların cəbhələşərək savaşması müzakirə mövzusudur. Digər tərəfdən, dünyanın heç bir ölkəsində müxalifətin bir bayraq altında birləşmək praktikası mövcud deyil. Bu, nəzəri baxımdan da, zərərli idayadır. Lakin siyasi sistemin təmərküzləşərək bir neçə yetkin güc mərkəzinə çevrilməsi mümkündür. Məsələn, ABŞ, Böyük Britaniya və s. ölkələrdəki kimi siyasi qüvvələr bir neçə - adətən iki və ya üç partiyada birləşə bilir. Amma bunun üçün şəxsi ambisiyalarla trol komandası yaradıb opponentləri, hətta iqtidarı belə, söydürmək çıxış yolu deyil. Bu gün elektorat uğrunda mübarizə aparmalı olan müxalifət liderləri trollar vasitəsi ilə rəqiblərini söydürmək, aşağılamaq yolu tutursa, onlar cəmiyyətin, sıravi seçicinin gözündən düşür, böyüklük, idarəetmə, liderlik statusundan məhrum edilir. Məhz buna görə də, hazırda üzdə olan bu yolu tutan bir sıra siyasətçi tezliklə siyasi səhnəni tərk etmək məcburiyyətində qalacaq. Çox təəssüf ki, Azərbaycan cəmiyyəti siyasi proseslərdən təcrid olunduğu üçün bu saf-çürük mərhələsi bir qədər uzun çəkir. Amma bu, gec də olsa baş verəcək - bu gün gündəmi süni üsullarla zəbt edənlər tezliklə unudularaq, siyasi səhnədən silinəcək. Burada söyüş süni vasitələrdən yalnız biridir. Məsələn, bir vaxtlar müxalifətin aparıcı liderlərindən olan Etibar Məmmədov haradadır, bilən yoxdur. O, söymürdü, sadəcə olaraq Lefertova həbsxanasında yatması və bir neçə ağıllı çıxışı ilə manipulyasiya edirdi. Manipulyasiya mövzusu bitən kimi Etibar Məmmədov da bitdi. Amma onunla eyni cərgədə olmuş, az-çox siyasi idarəetmə, siyasi mübarizə qabiliyyətinə malik onlarla siyasətçi, bu gün də siyasi səhnədə yer alır və proseslərə təsir göstərmək gücünə malikdir.

Sözsüz ki, yuxarıda sadaladığımız eybəcərliklərin uzun zaman çərçivəsində Azərbaycan siyasi səhnəsində hakim kəsilməsinin əsas səbəbi azad və ədalətli seçkilərin, siyasi rəqiblərin amansız rəqabətinin olmamasıdır. Lakin bunu bərqərar edə bilməyən siyasətçilərə də söyüş bəraəti vermək mümkün deyil. Belə kampaniyalar cəmiyyəti siyasi proseslərdən uzaqlaşdırır. Ona görə də, artıq Azərbaycanda belə bir atalar sözü formalaşıb: "Siyasət çirkin işdir". Xeyir, əfəndilər, siyasət heç də çirkin iş deyil, siyasət insan cəmiyyətini idarə etmək metodudur. Siyasətdə cəmiyyətin rəyini nəzərə alanlar, idarəetməni həmin rəy əsasında həyata keçirənlər demokratlar, bizi bildikləri kimi idarə edənlər isə avtoritarlardır.

 Akif Nəsirli

0.16658306121826