Minimum məvaciblər artır

 

Artan nominalın real dəyərini  isə infliyasiya "yeyir"

Son günlərdə ölkə mətbuatının gündəmini zəbt edən informasiyalardan biri də minimum əmək haqqı və minumum pensiyaların artırılması xəbəri oldu. Artıq minimum əmək haqqının 1 sentyabrdan 250 manata qaldırılacağı barədə prezidentin sərəncamı var. Nazirlik yetkilisinin sözlərinə görə isə 1 oktyabrdan minimum pensiyalar 160 manatdan 200 manata qaldırılacaq.

Qeyd edək ki, bu il ərzində minimum əmək haqqının 3 sərəncamla artdığının şahidi olduq: 1 yanvardan minimum əmək haqqı 130 manata, 1 apreldən 180 manata qaldırılıb, 1 sentyabrdan isə 200 manata çatdırılacaq. Minimum əmək pensiyaların da artımını iki dəfə müşahidə etməli olacağıq, 1 martda 160 manata qıldırılıb və 200 manata çatdırılması gözlənilir. Bütün bunlar ölkəmiz üçün alqışlanası haldır, çünki Azərbaycanda pensiya və əmək haqqı Qafqaz ölkələri arasında ən aşağı göstəriciyə malik idi. Digər tərəfdən, respublikamızda əhalinin gəlirlərinin əsas mənbələrnindən biri sayılan əməkhaqqı fondlarının həcmi çox aşağıdır. Belə ki, normal iqtisadiyyata, firavan vətəndaş həyatına malik olan ölkələrdə əməkhaqqı fondu ümumidaxili məhsulun 50 faizinə bərabər olduğu halda, bizdə bu rəqəm ötən ilin göstəricilərinə əsasən cəmi 23 faizə təşkil edib. Bu isə o deməkdir ki, bizdə vətəndaş gəlirlərinin əsas mənbəyi olan əməkhaqqı beynəlxalq standartlardan 27 faiz, yəni iki dəfədən çox aşağıdır. Bəllidir ki, ölkədə pensiyaların artım imkanlarının yaranması da, əməkhaqqına bağlıdır - əmək- haqqı artarsa, onunla bahəm Dövlət Sosial Müdafiə Fonduna sığorta ödəmələri artacaq və bu da pensiyaların artırılması üçün fondda sərbəst vəsaitlərin yaranmasına imkan verir. Bu prizmadan yanaşanda əməkhaqlarının artırılması təqdirəlayiq haldır, yəni bu tendensiya birbaşa əhalinin nominal gəlirlərinin artmasına xidmət edir.

Lakin Azərbaycan iqtisadiyyatı üçün xarakterik olan problem ondan ibarətdir ki, nominal gəlir artsa da, növbəti aylardan artan nominalın real dəyərini infliyasiya "yeyir". Başqa sözlə desək, əhalinin gəlirləri 5-10 faiz artan kimi bazar-dükanlarda qiymətlər də artır. Bəzən bu artım adekvat, bəzən isə aşırı dərəcədə olur. İndiki halda da əhalinin əmək haqqı və pensiyaları artan kimi, yenə qiymət artımı dalğası başlayacaq. Bu necə baş verir? Əməkhaqqı və pensiyası artan əhalinin əlində artıq pul kütləsi olduğundan, onlar əvvəlki aylara nisbətən daha çox alış-veriş etməyə başlayır. Bunu müşahidə edən iş adamları daha çox qazanmaq fikrinə düşür və yavaş-yavaş qiymətləri qaldırır. Hökumət isə bu tendensiyanın qarşısını almaq üçün heç bir alətə malik deyil. Yalnız müxtəlif inzibati vasitələrdən istifadə edilir ki, bu da bazar iqtisadiyyatı mexanizminin prinsiplərinə daban-dabana ziddir. Bəs çıxış yolu nədədir?

Əlbəttə, dünyada bu cür problemlərin aradan qaldırılması üçün parlaq təcrübələr var, yəni artıq velosiped ixtira etməyə ehtiyac yoxdur, sadəcə ondan istifadə etməyə istək gərəkdir. Belə ki, ölkə iqtisadiyyatında qiymətlərin cilovlanmasının yeganə açarı bazar iqtisadiyyatının bütün mexanizmlərinin işləməsinə şəraitin yaradılmasıdır. Bu mexanizmin qiymət artımını birbaşa cilovlayan aləti isə rəqabətdir. Rəqabət sahibkarı rasional olmağa, hər şeyi hesablamağa, daha keyfiyyətli mal və xidmət istehsal etməyə məcbur edir. Çünki onun səhv atdığı bir addım rəqib qarşısında məğlubiyyətə səbəb ola bilər. Məhz bu məğlubiyyət xofu sahibkarı daha keyfiyyətli və daha ucuz məhsul istehsal etmək üzərində baş sındırmağa vadar edir. İnhisarçılıq şəraitində isə sahibkar üzərində heç bir təzyiq hiss etmədiyindən çox sərbəst şəkildə istədiyi vaxt həm qiy1mətləri qaldırır, həm də bazara keyfiyyətsiz məhsul çıxara bilir. Ona görə ki, onun rəqibi yoxdur, meydanda tək və diqtə edəndir.

Nəticə olaraq qeyd edək ki, ölkədə bazar iqtisadiyyatı modelinin bütün elementləri tam otruşmayana qədər nə tələb-təklif müvazinatının saxlanması, nə də əhalinin gəlirləri ilə infliyasiya arasında proporsianal nisbətin müəyyənləşdirilməsi mümkün olmayacaq. Model otruşmayana qədər hökumətin həyata keçirdiyi təqdirəlayiq  addımlar da, sonda mütləq mənfi tendensiyalara gətirib çıxaracaq.

Akif Nəsirli

 

0.17117691040039