Eskiz

 

İndi "sülh göyərçini" varmı?

 Suala cavab tapmaq üçün uzaq, çox uzaq illərdə qalmış məşhur "Sülh göyərçini" əsərini arxivdən tapıb çıxarmaq lazım deyil. Heç o dövrün adamlarını sorğu-sual da etmək lazım deyil ki, bu şəkil nə üçün zamanın sülh-barış rəmzinə çevrilmişdi? Onu bu qədər məşhur edən sosializm təbliğatı idi, yoxsa şəklin özəl mənası? Əcəba, bəlkə sadə olduğu qədər də mahir rəssam işi?

 O şəkli neçə onillər sonra bu yaxınlarda xatırladım (Pikasso məni bağışlasın!). Bakının daxili küçələrindən birində, səkinin kənarında, dəmir hasarın daş bünövrəsində oturan bir qadın xatırlatdı mənə o şəkli.

Nədənsə, göyərçinlər məndə həmişə əmin-amanlıq, rahatlıq, bir qədər əzəmət, bir az da kübarlıq ovqatı yaradıb. Onu o biri həmcinslərindən fərqli, ləyaqət, humanizm simvolu sanmışam. Bəlkə də onu mütləq sülhün simvolu kimi qavramağımızdır şüuraltında qalan? Nə bilim.

Qadınlıq sülhün simvoludur, məncə. Ona qışqır- bağırı, kəmhövsələ olmağı, hər mənada səbirsizliyi, abırsızlığı, hay-harayı yaraşdırmaq olmur, zənnimcə. Deyəsən, hasarın söykənəcəyində oturan qadının sakit görünüşü də cəmiyyətdə çoxdan yadırğadığımız, adına barış deyilən məfhumu yuxudan oyatdı.

Sözə çevirsəm, o qadının geyimi də indikindən fərqli, hardasa "Nuh əyyamı"ndan qalma idi. Amma çox təmiz və səliqəli. Başına örtdüyü balaca yaylığı da soyuq hava ovqatı deyil, abır-həya (onu görəndə qızmar yay aylarıydı) təəssüratı yaradırdı.

Qadın o qədər sakit idi ki, tərpənməsə, onu heykəl də sanmaq olardı. Elə tərpənmirdi də. Yorulub daşın üstündə dincini alan adam fikri yaradırdı ilk baxışda. Amma...

Gəlib-keçənlərin hərdənbir onun əlinə toxunub xırda pul verməsini görməsəydim, onu elə dincini alan kimi sanacaqdım. Tək-tük adamlar onun açmadığı əlinə toxunmaqla öz sədəqələrini təklif edirdilər. Bəli, təklif edirdilər. Adamdan qır-saqqız kimi yapışan qaraçı-dilənçilərdən, onların dərsini keçib yoldan keçənləri andiçmələrlə təngə gətirən başqa tövr "qaraçı"lardan fərqli olaraq, o qadına dilənçi adını nəinki qoymaq olardı, heç belə düşünmək də günahdı.

İnsan səbrin-təmkinin, şəfqətin timsalı idi. Sanki bu dünyaya göydənmi, kənar planetdənmi deyim, hardansa düşmüşdü. Tövrünü pozmadan oturub ləyaqətli insanlardan sədəqəsini gözləyirdi - ötüb-keçənlərin üzünə baxmadan, kiməsə and-aman, dilək diləmədən, xahiş eləmədən.

Maraqlıdır, ötüb-keçənlərin hamısı olmasa da, bəziləri ona uzatdıqları xırda pulları utanırmış kimi, xəcalətlə verirdilər. Ona qarşı belə xırdaçı olduqlarına görə, daha böyük iltifat göstərə bilmədiklərinə görə günahkar sayırdılar sanki özlərini.

Oturuşu-duruşu, baxışı, səssizliyi ilə ötüb-keçənlərə örnək olan qadın.

Qadının üzü o qədər şəfəq saçırdı ki, adam istəyirdi cibindəki pulun hamısını ona versin. Onu burda, quru daşın üstündə, qaynar istinin altında oturmağa qoymasın.

Adam istəyirdi onun yanına getsin, sədəqə verilməyə qədər keçən ömür yolunacan necə özü olduğunu sual etsin. Başqalarına maddiyyata görə möhtac olsa da, mənəviyyatını itirmədiyini hansı ürəklə soruşsun?

Adam istəyirdi o qadın elə olduğu kimi qalsın, ağzını açmasın. Amma bizə çox şeyi, hər şeyi danışsın.

Abırdan, həyadan, şəfqətdən, mərhəmətdən yoğrulmuş vücuduyla bizə hamısını anlatsın.

Desin ki, necə olub biz belə - böyük hərflə yazılacaq insanlara sədəqə vermək qədər balacalaşdıq?

Ona qəpik-quruş uzatmaq qədər cəsarəti hardan aldıq?

Niyə ona yayın istisində, məktəblər bağlananda, boşalmış məktəb hasarının yanına, çoxlarının görmədiyi, keçmədiyi yerə, küçəyə gəlməyə qədər yol verdik?

Susmaq razılıq əlaməti olmur həmişə. Susan insan ləyaqətini daha baha bilər. Küçəyə qədər, sədəqə verilməyə qədər yol alsa belə, dinməz, abırsızlıq mərəzinə yoluxmaz. Bu mərəzə külli-cahan dolu yoluxanlardan biri olmaqdan qorxar.

Təqaüdünün az olduğunu, hamının bildiyi o məbləğlə bu dünyanın qara-qayğılarının, məşəqqətlərinin məskəni olan ürəyini sağalda bilmədiyini deyəmməz O.

Onun təqaüdçü olduğu sovetdənqalma maaşla alınan əyin-başından, qıyqac deyilən yaylığından, sədəqə üçün mövcud duruma uyğun gəlməyən dikdaban, "kabluk"u yeyilmiş ayaqqabısından bəlli idi...

Mən onu tanımasam da, o, hamımızın tanışıdır. Sədəqə verilənə, hətta bəlkə verilməyənə qədər sonsuz səbrindən, ləyaqətindən və çoxuna yabançı olan qürurundan tanıyırıq onu. Biz ona dəyəri az olan, xırda-xuruş pul verdik. O isə bizə şəfqətin, ləyaqətin, dəyərin hələ də ölmədiyini göstərdi. Ovcuna qoyduğumuz qəpiklərə zillənən məsum baxışı, onu bizdən aldığı üçün xəfifcə qızarması, sonra da təşəkkür etmək üçün qaldırdığı ağ saçlarına mənim az qala sığal çəkmək arzumu gözümdən oxumasının, o həlim təbəssümün qarşısında ən nəhəng əsərlər yazılmalıdır, nəinki balaca bir yazı.

Bəli, biz ona xırda, çox xırda bir qulluq göstərdik.

O isə bizə dünyanı göstərdi. O dünyanı ki orda haqsızlıqların, ədalətsizliklərin dünya durduqca var olacağını, buna rəğmən, yaxşılara ümidi itirməyəcəyimizi, mərhəmətli olan azsaylı insanlara heç olmasa bir təbəssüm bəxş etməyə çatan gücümüzü qorumağı anlatdı.

Ötənlərdəki rəssamın yerində olsaydım, çəkdiyimi pozub, yerində o qadının eskizini həkk edərdim. Sülhün, barışın, mərhəmətin, qısası, yaxşı olan hər şeyin simvolu kimi.

 

Nigar Orucova 

0.23340010643005