AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Nurlu ömrün salnaməsi...

  156

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, nəcib və nəcabətli, əməlisaleh və insanpərvər Zərifə xanım Əliyevanın anadan olduğu gündür.

Xalqımızın qürur mənbəyi, fəxr ünvanı, görkəmli elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Bu böyük insanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanımı Ulu öndər Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Müstəqil dövlət quruculuğu və milli-mənəvi dəyərlərin qorunmasında ömrünü şam kimi əridən Ulu öndər Heydər Əliyevə vəfalı sirdaş, arxa-dayaq olan Zərifə xanım xalqının, millətinə xidmət etmək üçün öz şəfasını əsirgəmək bilmirdi.
Mehriban və qayğıkeş ana Zərifə xanım hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş və qayğısını əsirgəmirdi. O, ailədə olduğu kimi həyatda da çox sadə insan idi. O, heç vaxt Heydər Əliyevin həyat yoldaşı olduğunu biruzə verməzdi. Davranışında, münasibətlərində o qədər sadə və səmimi idi ki, hər kəs onu bu səmimiyyətinə görə, dərin məhəbbətlə sevirdi. Təvazökarlığı ona olan hörmət və ehtiramı daha da artırırdı.
Ötən əsrin 50-ci illərində respublikamızın səhiyyə sistemini qayğılandıran, narahat edən problemlərdən biri traxoma xəstəliyinin yayılması ilə bağlı idi. Bu xəstəlik ağır fəsadlar törədərək insanlarda görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb oldu.Alimlər, həkimlər bu xəstəliyin qarşısının alınması, müalicəsi üsullarının işlənib hazırlanması üçün çoxsaylı elmi tədqiqatlar aparırdı. Bu məsələ Zərifə xanımı rahat buraxmırdı. O, bu xəstəlikdən əziyyət çəkən insanlara kömək etmək üçün bütün gücünü, əməyini sərf etdi. Oftalmologiya ixtisası üzrə peşəkar mütəxəssis kimi Zərifə Əliyeva traxoma ilə əlaqədar vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirdi, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırdı. Onun sanballı elmi kəşfləri sayəsində traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yarandı, xəstəliyin yayılmasının qarşısı alındı, tədricən ölkə əhalisi üçün təhlükə törədən bu ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxardı.
O, qəlbi və xasiyyəti kimi nur saçdı, neçə-neçə insana nur verdi, işıqlı həyata çıxardı.
Zərifə Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə keçmiş sovetlər birliyində yeni elmi yol açdı. 1979-cu ildə respublikanın ən iri sənaye müəssisələrindən birində - Bakı məişət kondisionerləri zavodunda görmə orqanlarının peşəkar patalogiyasını öyrənən göz laboratoriyasının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və rəhbəri olmuşdur. Onun yaratdığı laboratoriyanın xidmətindən yalnız zavodun deyil, rayonun ərazisindəki bütün sənaye müəssisələrinin işçiləri də yararlanıbdır. Moskva, Kiyev, Minsk və digər iri şəhərlərin elmi-tədqiqat institutları laboratoriyanın işindən faydalanıbdır. Görkəmli alimin bir vaxtlar işlədiyi otaq hazırda muzey kimi saxlanılır. Onun xəstələri müayinə və müalicə etmək üçün istifadə etdiyi tibbi ləvazimatlar, hətta geydiyi həkim xalatı da ən qiymətli eksponatlar kimi burada qorunur.
1981-ci ildə keçmiş ittifaq respublikalarının elmi həyatında, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisənin - Zərifə Əliyevanın SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatına layiq görülməsi böyük hadisə kimi qarşılandı. Bu mükafatı oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloqalimlər alırdı. Zərifə xanımın bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın elm tarixinə qızıl hərflərlə yazıldı. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. “Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü”.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. M.İ.Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.
Zərifə xanım haqqında bütün ittifaq respublikalarının vətəndaşlarının xoş xatirələri bitməz-tükənməzdir. Milli Məclisin deputatı kimi Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri olarkən Zərifə xanımın Ukraynadada böyük ehtiramla yad olunduğunun şahidiyəm. Ukraynanın İrpen şəhərində Zərifə xanımın adına istirahət parkın və ucaldılmış büstün acllışında ukraynalıların Onu necə məhəbbətlə, dərin hörmətlə xatırladıqlarının şahidi olmuşam. Zərifə xanımın adını daşıyan xüusi ixtisaslaşmış məktəbin müəllimlərinin Onun nəsib əməllərindən bəhs etməsi, traxoma xəstəsi olan neçə-neçə insanın bu nurlu əllərdən şəfa tapmasını minnətdarlıqa, ehtiramla qeyd etməsi xeyirxah əməllər sahibi olan Zərifə Əliyevaya verilən səmimiyyətin, ali dəyərin ifadəsidir.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır.
Zərifə xanımın vətən qarşısında, elqarşısında, millətimizə göstərdiyi xidmətlərdən çox danışmaq olar. Ancaq onun ən böyük xidmətlərindən biri ailə qarşısındakı xidmətləridir. Övladlarına olan münasibəti və məhəbbəti ilə analığın zirvəsində qərar tutmuşdu.
Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində,vətənimizin yaddaşında, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.

Xəbər Lenti