Öz vətəninə sahib olmaq...

 

Onun ehtiyacı var - birinci və sonuncu “məşqə”

 Qarabağdan yazmaq əli qələm tutan hər kəsin ilk işi, vəzifəsi, borcu və məsuliyyəti olmalıdır. Bu, nə qədər şablon bir ifadəyə çevrilsə, bayağı səslənsə də, onu hər dəfə ilk dəfə eşidirmiş kimi təkrar etməliyik: “Qarabağ bizim əbədi, əzəli torpağımızdır”...

Bəli, bu əzəli və əbədi torpağımızdan müvəqqəti ayrılsaq da, buna illərdir obyektiv və subyektiv səbəblər göstərilsə də, hətta səbəblər bəzən bəhanə formasında təzahür etsə də, Qarabağa dönüş arzusu eynidir.

Fəqət ona aparan yollar ayrıdır. Kimisi onu hərb yolu ilə almağı, qan tökməyi, yolunda can qoymağı, şəhid verməyi ilk sırada sayır.

Bəzisi sülh danışıqlarına hələ də ümid edir, bir qisim sülh danışıqlarını “camaatın başının altına balınc qoymaq” hesab edir.

Bir qisim insan gözləmə mövqeyindədir, “lazım gəlsə, hər an döyüşə yollanmağa hazıram” qənaətiylə özünü aldadır.

Əslində, Qarabağı almaq zərurəti çoxdan yaranıb, gözləməyə olan ehtiyac da çoxdan tarixə dönüb. Gözləmələr gözləntilərə qalib gəlməsə yaxşıdır, zatən, üzərində qələbə çalmaq predmeti də bir subyekt olaraq dünya lobbiçiliyinə meydan oxumaq iddiasındadır. Və o iddianın qarşısında hər birimizin az, ya da çox, görəcəyi işlər var...

İşğaldan öncəki Qarabağda olmaq, o torpaqlarda müvəqqəti yaşamaq, qalmaq, özümüzün olsa da, ermənilərin də məskunlaşdığı Vətəni tanımaq fürsətim olduğu üçün şanslı olmaq gözəl hissdir. Eyni zamanda, bu anda, torpağının neçə faizi işğalda olduğu məqamda şansdan danışmaq, o gözəlliklərdən bəhs etmək bir qədər ağrılıdır.Lakin keçən ömrün ən yaddaqalan, qayğısız, sözün həqiqi mənasında gözəl illərində qalan o əbədi və əzəli torpaqlarımızı heç unutmamaq, ondan böyük eşqlə, ən dərin bir hisslə danışmaq, onu yaddan çıxmağa qoymamaq da hər birimizin edə biləcəyimiz mümkünatdır. Onu işğaldan sonra, indi deyil, çoxdan, lap əvvəldən etməliydik əslində.

Bu məqamda yenə də yaxın-uzaq keçmişsiz keçinmək mümkün olmur. O illərdə, hələ ermənilərin öz alçaq siyasətini açıq şəkildə göstərmədiyi dönəmlərdə onu müxtəlif yollarla büruzə verirdilər. Məsələn, bulaq üstünə gedəndə hamımızın uşaq olmağımıza baxmayaraq, erməni uşaqları üzlərində mənfur ifadəylə, gözlərində aşkar düşmənçilik və qərəzlə, kin-küdurət dolu sözləri üzümüzə yağdırırdılar. Biz öz növbəmizi gözləsək də, səhəngimizi doldurmaq dəqiqəsini az qala saatlara çevirirdilər; bizdən sonra gələn “dığacıqlar” hay-harayla, əllərindəki yoğun ağaclarla, nə bilim, dəmir-dümürlə növbəni pozub irəli keçirdilər. Dillənənə, öz dilimizdə narazılığını bildirənə də öz dillərində bilmirik söyürdülər, yoxsa nə deyirdilər, anlamırdıq. Bizə qarşı qonaq kimi deyil, ümumiyyətlə, canlı varlıq, insan kimi münasibət göstərmirdilər. Əllərində qorxulu cücü, sürünən, balaca uşağa o vaxt vahiməli, dəhşətli gələn həşəratlar tutub bizi qorxudurdular. Bəzən bulağın başında, meşədəki moruqluqda, ya da tut bağlarında erməni uşaqları olmayanda aşıb-daşan xoşbəxtliyimizi də burnumuzdan gətirirdilər. Hardansa xəbər tutub, iy bilib, elə bil yerin altından zühur edirdilər.Özlərini o yerlərin qanuni sakini, torpaqlarımızı isə əbədi məskənləri bilirdilər...

“Gəlmə türk” adlandırdıqları bütün azərbaycanlıları öz aləmlərində elə o vaxtdan yurdlarından didərgin salmağın konturlarını çözürdülər. Böyüklərin bəlkə də on, yalan olmasın, yüz illərlə hazırladığı “Böyük Ermənistan” planının azyaşlı “qırverənləri”, odun üstünə benzin tökənləri bax belə, uşaqlıqdan quduz, həyasız, bizə, özləri demiş “türkes”lərə qarşı xəbis, qəddar ruhda böyüyürdülər.

Onlar böyüdü və o əbədi torpaqlarımızda başlayan müharibənin qəddar simaları, azğın işğalçıları oldular. Onlara əsgər, hərbçi sözünü rəva görmək, bu adı yaraşdırmaq heç kimin leksikonunda olmamalıdır. Çünki əsirlərə, dinc əhaliyə, qocalara, uşaqlara qarşı ermənilərin və onlar kimi davrananların müharibə qanunlarına heç bir dəxli yoxdur. Müharibəni də gərəkdir şərəflə edəsən, işğalçılıqdan doymamaq, fatehlik hissi nə qədər qəbuledilməz olsa da, qaniçənliklə, qəddarlıqla qarışdırılmamalıdır. Ermənilər öz adını bu mənada, çalışdıqları, can atdıqları böyük tarixə deyil, qeyri-insanlıq “tarixi”nə əbədən yazdıra bildilər.

...İşğalla və onun doğurduğu çoxsahəli faciələrlə bağlı pessimist düşüncələr nə yaxşı ki, hərdən ümidlərlə əvəzlənir. Bugünümüzün uşaqlarının Qarabağla bağlı istənilən səviyyədə olmasa da, bəzi hallarda məlumatlı olması müsbətə dönüşdür. Onlar Qarabağda yaşananlarla bağlı öz nənə-babalarından, valideynlərindən öyrəniblər. Hərdən öz üsyankarlıqlarını bildirməklə böyüklərə necə deyərlər, “dərs verir”, onlara bu yöndə yaxşı örnək olmadığımızın fərqinə varmağa çağırırlar...

Elə bil vətənpərvər olmaq, öz əbədi torpaqlarımızın qanuni sahibi, varisi sayılmaq üçün müharibəyə ehtiyac varmış. Keçib, heç olmasa bundan sonra əldə qalanların və əldən gedənlərin özümüzə məxsus olması üçün passivliyi, hərəkətsizliyi məhv edək.

Onun işartıları, yuxarıda qeyd etdiyim kimi, ümidlərlə doğulur. Qarabağla bağlı vətəndən kənarda, Rusiyada haqq sözünü deyən, azyaşlı olmasına baxmayaraq, buna görə 33 günlük həbsə düşən Mehdi Həsənovla tanışlıq çoxları üçün yatmış duyğuları oyadır. O zaman, bütün ata-analar övladlarını vaxtilə özləri kimi, ermənilərin xəbis niyyətindən xəbərsiz kimi deyil, öz Vətəninin vətəndaşı, aborigen bir millət, xalq olaraq yetişdirməyə başlamalıdır.

Gecikmək saf niyyətli olmağımızdan qaynaqlansa da, ən birinci və sonuncu dəfə amansızlığı da məşq etməliyik - onu haqq etmiş ermənilərə qarşı münasibətdə.

 Nigar Orucova 

0.17705798149109