Kommersant, yoxsa, hökumət

 

Dəmiryolu vağzalında hökumət söz satır

 

Yaşı əllini ötmüş vətəndaşlarımız yaxşı xatırlayar, Sovet dönəmində Aran Qarabağın ən mötəbər ticarət mərkəzi Ağdam şəhəri idi. Bu şəhərin bazarlarında dövrün ən brend, ancaq tapılmayan malları satılardı. Kim əskik-gərəyini tapa bilmirdisə, mütləq Ağdama üz tuturdu. Kəndimizdə hansı ailə toy-düyünə hazırlaşardısa, mütləq Ağdam bazarına baş çəkməli idi. Əslində, bu ehtiyacdan doğan bir səfər olurdu, amma kim ki, toy edib, Ağdam bazarına getməzdisə, el arasında deyərdilər ki, o, nətər toy idi, heç Ağdam bazarına da getmədilər. Yəni ehtiyacdan doğan bir məsələ, artıq adət-ənənəyə çevrilmişdi. Ətraf rayonlarda yaranan bu adət-ənənə Ağdam bazarlarının inkişafına, bu bazarların daimi sakinlərinin isə alverdə püxtələşməsinə səbəb olurdu.

Bazarda işləyən alverçilər elə püxtələşmişdi ki, ətraf rayonlardan gələn alıcıların geyim-kecimindən, üz-gözündən, duruşundan cibindəki pulun miqdarını təxmin edə bilirdilər. Buna uyğun da alıcıya mal təklif edirdilər, hərçənd ki, bəzən yanılmalar da olurdu, amma ağdamlıların göz sərraflığı çox nadir hallarda yanılardı. İllərlə onlar həm püxtələşir, həm də varlanırdılar və buna uyğun onların jarqonu da, dillərindəki ifadə vasitələri də dəyişərək yeni dəyər qazanırdı. Məsələn, bir də görürdün bazarın varlı alverçilərindən biri alıcıya meydan oxuyur - bura Ağdamdı, istəyirsən sənə tank gətirim, amma pulunu ver... Onlar bilirdi ki, ətraf rayonlardan pənah gətirənlərin son ümidi bu bazardı, burda tapdıqlarını hansı qiymətə təklif etsələr alacaqlar. Ona görə də Ağdam bazarında qiymətlər od tutub yanırdı. Axtardığını tapan qarabağlılar sevindiyindən nə qədər pul istəsələr verirdi, lakin bazardan çıxıb evə üz tutanda görürdü ki, cibi boşdu, yolpulu ya qalıb, ya da qalmayıb.

Bizim hökumətimiz alverlə məşğuldur. Ölkənin təbii sərvətlərini beynəlxalq və yerli bazarlarda satır, satmalıdır da - anlaşılandı, sərvət varsa, bəşəriyyət, o cümlədən də xalqımız bundan yararlanmalıdır. Ancaq hökumətimiz sərvət sata-sata, deyəsən ağdamlılar kimi alverçilik mərəzinə tutulub. Dövlət büdcəsi hesabına yol tikir, natarial kontorlar yaradır, xəstəxanalar açır, ictimai nəqliyyat işlədir və digər xidmətlər yaradır, sonra isə bunu büdcə sahibinə - vətəndaşa pulla satır. Normalda isə dövlət büdcəsi hesabına formalaşan heç bir xidmət vətəndaşa pulla satıla bilməz. Çünki dövlət büdcəsi özü vətəndaşa xidmət məqsədi ilə formalaşır - birbaşa və dolayısı yolla. Əgər hər hansı bir xidmət vətəndaşa pulla satılmalıdırsa, o xidməti mütləq kommersiya strukturu təqdim etməlidir.

Kommersiya qrumları vəsait qoyub xidmət etməli, əvəzində isə xidmət haqqı almalıdır. Azərbaycanda artıq bu düzən pozulub, hökumət az qalır ki, ticarət mərkəzləri açsın. Əslində isə hökumət kommersiya fəaliyyəti ilə deyil, yalnız dövləti idarə etməklə məşğul olmalıdır.

İş o yerə çatıb ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin dəmiryolu vağzalında məlumat da vətəndaşlara pulla satilır. Vağzaldan verilən məlumata görə, kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat kassir tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir. Bu məlumatı verən dövlət məmuru qəbzi gözümüzə soxur ki, sözügedən ödəniş qeyri-qanuni deyil. Lakin buradakı fəlsəfi qanunsuzluğu ortaya gətirən yoxdur - bu idarə dövlət büdcəsi hesabına dolanır, hər il milyonlarla dotasiya alır, əsas xidməti olan sərnişindaşıma bir yana, adi sözü də dövlət büdcəsini formalaşdıran vətəndaşa pulla satır.

Yuxarıda qeyd etdiyimiz kimi, bir daha xatırladaq ki, hökumətin işi yalnız idarəetmə olmalıdır - bütün satış və xidmət sahələri təxirə salınmadan özəlləşdirilməlidir. Bu, həm dövlətin yükünü azaldacaq, həm də vətəndaşın ikiqat ödəmələrinə son qoyacaq. Hökumətin monopoliyasında olan bütün xidmət və satış şirkətləri bir tərəfdən büdcədən maliyyə alır, digər tərəfdən isə vətəndaşa ödənişli əsaslarla xidmət edir.

Belə şirkətlər özəlləşdirilsə, büdcədən onlara ayrılan vəsait hesabına bütün sosial müavinətlari, pensiyaları və maaşları bir neçə dəfə artırmaq olar. Düzdür, xidmətlər özəlləşdirildikdən sonra indikindən daha baha olacaq, amma onlara verilən dotasiyalar vətəndaşın gəlirlərinə çevrilsə, vətəndaş qazanacaq.

 

Akif Nəsirli

[email protected]

0.21995496749878