Təhsildə səhv strategiya və səmərəsiz idarəetmənin nəticələriİlham Əhmədov

 

20 ildir ki, universitetlərimizin qlobal reytinqlərdə aşağı yerlərdə olmasından məyus oluruq. Bu məyusluq təbiidir. Çünki, ölkənin beynəlxalq nüfuzunun yaranmasında elm və təhsil nailiyyətləri idman və digər sahələrdəki nailiyyətlərindən daha mühümdür. Ölkənin elm və təhsil zəifdirsə, burada keçirilən müxtəlif beynəlxalq tədbirlər də gözlənilən səmərəni vermir. Çünki, elm-təhsil sahəsi ölkənin ən mühüm resursu olan insan kapitalını formalaşdırır, ölkəni investisiya baxımından daha cəlbedici edir. Amma bu sahələrdə 25 -30 il davam edən tənəzzülümüz, deyəsən hələ çox davam edəcək.
Səbəblər çoxdur. ETN hələ də bu sahələrdə olan ciddi problemləri sistemli təhlil edə bilməyib, problemləri sistemləşdirməyib, onların həllinə dair konkret qərarlar qəbul etməyib. Baxmayaraq ki, DİM DATA-ları 25 ildir təhsilə dair xeyli məlumatı ictimailəşdirir.
ETN hər il şəhərin müxtəlif möhtəşəm otellərdə çoxsaylı, hay- küylü forumlar keçirsə də, onların konkret nəticələri və proseslərə real müsbət təsiri hiss edilmir.
Bu forumlarda kimlər məruzə edir? Onlar təhsil problemlərinə nə dərəcədə bələddirlər? Bu məruzələr, təhsil məmurlarının dediyi kimi, hansı araşdırmalara əsaslanır? Bu tədbirlərdə niyə təhsil mütəxəssisləri yox, təhsildən uzaq insanlar məruzəçi olurlar?
Əgər bu sualların cavabı yoxdursa, gündəliyi dəyişməyən belə forumların təhsilə nə xeyri olacaq? Hər gün də belə forumlar olsa, bunun təhsilin inkişafına heç bir xeyri olmayacaq.
Ölkəmizdə hələ də ali təhsil problemlərini tədqiq edən elmi mərkəz, tədqiqat institutu, beyin mərkəzi yoxdur. Ölkəmizdə ali təhsilə dair heç bir jurnal dərc edilmir. Ali Təhsilin inkişafı naminə ETN bunları çoxdan etməli idi. Müvafiq infrastruktur və elmi təminat olmadan universitetləri inkişaf etdirmək mümkün deyil.
ETN universitetlərə demək olar ki, qrant vermir, heç bir investisiya etmir. Universitetləri hay-küylə PHŞ etdilər, sanki bu universitetlərin bütün problemləri bununla həll ediləcəkdir. əslində isə bununla ATM-nə dedilər ki, ümidinizi dövlət büdcəsindən üzün, özünüz pul qazanın. Necə?
Bizim universitetlərin yeganə qazanc mənbəyi dünən də, bu gün də yalnız təhsil haqqıdır. Sabah da belə olacaqdır ehtimal ki. Çünki, universitet elminə heç vaxt dövlət və universitetin özü investisiya etməyib. Maliyyəsiz elm inkişaf edə bilməz. Bu səbəbdən universitetlərdə elm çox zəifdir.
Digər tərəfdən ölkə iqtisadiyyatının indiki durumu elmə təlabat hiss etmir. Ona görə də iqtisadiyyatdan elmi tədqiqatlara sifariş və investisiya edilmir. Bu səbəblərdən universitetlər nə elmdən, nə də innovasiyalardan pul qazana bilmir. Qlobal innovasiya reytinqində ölkəmizin mövqeyi kəskin pisləşmiş, xeyli geriləmişdir. Bu reytinqdə də perspektivimiz azdır. Baxmayaraq ki, 50 universitetin hamısında elm və innovasiya prorektorluğu, elm və innovasiya şöbələri yaradıldı, heç bir nəticə ortalıqda yoxdur.
Hesab edirik ki, universitetlər elm, təhsil, idarəetmə, rəqəmsallaşdırma sahəsində illər ərzində yığılan problemləri həll etmək üçün öz daxili imkanları hesabına daxili qrant müsabiqələri təşkil etməlidir. Ehtiyac olarsa, ETN bu məqsədlə öz 5 milyardlıq büdcəsindən universitetlərə maliyyə dəstəyi etməlidir. Hələlik əksini müşahidə edirik. Bu qrant müsabiqəsi universitetlərin inkişaf strategiyasının yaradılması və reallaşdırılmasına xidmət edən layihələrin icrasına xidmət edir. Əks halda universitetlər indiki durğunluq vəziyyətindən çıxa bilməyəcəklər.
Ölkəmizdə hələ də tədqiqat universiteti, sahibkar universitet, innovativ universitet modelində fəaliyyət göstərən ATM yoxdur.
Ölkə universitetlərinin inkişafına dair heç bir ciddi strategiya və ya hal-hazırda reallaşan dövlət proqramları yoxdur. Ali təhsilə dair qanun da ortalıqda hələ yoxdur.
Yerli universitetlərin büdcəsini yüksək reytinqli xarici universitetlərin büdcəsi ilə müqayisə etsək, 100 qat fərq olduğunu görərik. Bütün bu səbəblərdən universitetlərimiz rəqabətədavamlı deyil. Sonra da qlobal reytinqlərdə niyə zəif olmağımıza təəccüblənirik. Bəs nəticə necə olmalı idi?
İllər boyu universitetlərimizdə kök salan səhv strategiya, səmərəsiz idarəetmə, qüsurlu kadr və maliyyə siyasəti öz mənfi nəticələrini göstərir. Təhsil məmurları isə bütün bu problemlərin həllinə səfərbər olmaq əvəzinə mövcud problemlərin səbəbkarı kimi alimləri və müəllimləri günahlandırırlar.
Əgər TN-nin missiyası müəllimlimləri nüfuzdan salmaq idisə, yeni yaranan ETN -nin missiyası sanki, müəllim və alimləri nüfuzdan salmağa istiqamətlənib.
Məmurlar öz səhvlərini etiraf etmək əvəzinə, bu səhvlərini, mövcur problemləri təhlil edib, düzgün qərarlar qəbul etsələr daha yaxşı olmazmı? Əks halda elm və təhsildə son 25 ildə olduğu kimi, heç bir irəliləyiş olmayacaq.
Bu şəraitdə, dünya universitetləri arasında olan yüksək rəqabət mühitində bizim universitetlərimiz hansı inkişafa nail ola bilər?

Demokratikmusavat.com 

0.18702793121338