BP AGT rəhbərliyində yeni təyinatlar olub

 

BP Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.

Demokratikmusavat.com “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından BP-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.

Yeni vəzifəsində Ç. Hacıyev BP-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini BP-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə BP-nin qlobal komandasını təmsil edəcək.

Hazırda Ç. Hacıyev Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində BP-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.

Ç. Hacıyev BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və “Azəri-Çıraq-Günəşli” üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.

Ç. Hacıyev Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var. Ailəlidir, iki övladı var.

Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilat üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə Stüart BP-nin London ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.

Yeni vəzifəsində S. Şou AGT regionunun biznes rəhbərliyinin üzvü olacaq.

Hazırda S. Şou BP Qrupunun hasilat, inteqrasiya və transformasiya üzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilat strategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatı idarəetmə bölümünə rəhbərlik və BP-nin qlobal biznesləri üzrə hasilatın optimallaşdırılması və yüksək standartların təmin edilməsi daxildir.

S. Şou BP-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.

Hazırkı vəzifəsindən əvvəl S. Şou BP-nin Şimalı Afrika biznesində hasilat üzrə vitse-prezident vəzifəsində çalışıb.

S. Şounun Mançester Universitetindən magistr dərəcəsi var.

Ailəlidir, iki övladı var.

0.19538807868958