"İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.
Demokratikmusavat.com Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçinin vəsatəti məhkəməyə təqdim olunsa da, müşavirədən sonra vəsatət təmin olunmayıb.
Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla cinayət işi məhkəmə istintaqı araşdırmasına verilib.
Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra isə ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan məhrum edilmiş, 11 il sonra - 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılmışdı.