Mənə elə gəlir ki, bu yazını onun heç bir doğması oxumayacaq. Heç xəbərləri də olmayacaq. Gərək də yoxdu. Mən bunu onun doğmalarının bilməsi üçün yazmıram. Bunu yazmaq borcumdu, belə sanıram, belə fikirləşirəm...
Həmişə onu hörmətlə, sayğıyla xatırlayıram. Şirməmməd Hüseynov, doğruları sevən insan, həqiqətlərin yanında olan müəllim. Ömrümün qızıl anlarından gələn qızıl ayarlı adamlardan biri...
Dünyada ən böyük müəllimim olmuş, ən əvəzsiz dəyərləri öyrəndiyim gözəl və əvəzsiz insan, rəhmətlik atam bir gün ağır xəstəni ziyarətə getmək istəyirdi. Mən də həmin insanın artıq heç kəsi tanımadığını bildirdim. O da mənə cavabında dedi:
- Qızım, mən ki, onu tanıyram...
Onda anladım ki, insan ən birinci öz vicdanı qarşısında cavab verməlidi. Dünya belə olsaydı, nə dərdimiz olardu, İlahi! Bu günkü müharibələr, saysız-hesabsız qətliamlar olmazdı. Yeyən insan qonşusunu ac qoymazdı. Yıxılana əl uzadardı insanlar. Bir-birilərinə hörmətlə, mərhəmətlə yanaşardılar...
İlahi, gənclik nə gözəl dövrdü... Elə bilirsən, bitib-tükənməyəcək. Səndəki gözəllik, qüvvə olduğu kimi qalacaq son gününə qədər. Həmişə elə biləcəksən ki, dağı-dağ üstünə qoya bilərsən. Ən uca dağları yaradacağını düşünürsən Səndən güclüsü, qüvvətlisi yoxdu yer üzündə sanacaqsan.
Elə bilirsən, həmişə şəninə təriflər, kompilimentlər deyiləcək. Şeirlər belə yazılacaq. Sən də qürurunu qırıb, deyilənləri qəbul etməyəcəksən... Amma...amma zaman keçəndən sonra, yaşlananda hər ötən gün, hər keçən il xatirələrə çevrilir. Əlçatmaz olur, ünyetməz olur. Bəzən o qədər təəssüflənirsən ki...
Xatirələr rəfinin də ən gözəl güşəsində dayanan tələbəlik illərin durur. O rəfə yaxınlaşmağa ehtiyat edirsən, qorxursan. Çünki hər anın qəlbini sızladacağını, incidəcəyini bilirsən. Ömrünün qızıl dövrü, o illərin qızıl əyarlı insanları...
Onlardan birini tez-tez xatırlayıram. Şirməmməd Hüseyovu...
İlk gün auditoryaya girəndə belə bir sual verdi:
- Səni harda görmüşəm? Oxumamısan bundan əvvəl burda?
Doğrudan qəribə gəldi sualı mənə. Çünki heç zaman oxumamışdım universitetdə. Bildim ki, kiməsə oxşadır.
- Yox, professor, bu il qəbul olmuşam.
- Hmm...
Qəribə gülümsəməsi vardı. Bir də ən qəribə olanı bəzən Şəki ləhcəsiylə dərsdən əlavə nəsə danışırdı. Bizi faktlarla yükləməmək üçün, arada dinləndirmək üçün. İnsanın gözəlliyi, qiyməti budu. Ona görə unuda bilmirsən, ona görə elə insanlara özünü borclu bilirsən. Və borcunu ödəmək üçün çabalayırsan. Elə insanların əməyinin heç olmasa, bir damlasını qaytarmağı düşünürsən...
Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. Təbiətin heç bir gözəlliyini əsirgəmədiyi bir bölgədə. O gözəlliklərin arasında böyüyüb, oranın əsrarəngsiz havasıyla nəfəs alıb. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci Dünya Müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib.
Ancaq onun içindəki ədəbiyyat sevgisi, yazmaq qüvvəsi bir gün onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə gətirib. İnsan sevmədiyi yerdə olanda özünü sudan ayrı düşmüş balıq kimi hiss edir. Onun içindəki dəniz başqa hava üstə dalğalanırdı. Ona tamam başqa şeylər pıçıldayırdı. Sozün tilsiminə düşənlərə qurtuluş olmayıb heç zaman. İnsan kimdən qaçsa da, özündən qaça bilməz... Ürəyini, qəlbini isidən duyğulardan əl çəkə bilməz. Nə zaman olursa-olsun o istəyin arxasınca gedəcək, həmin istəyin əsiri olacaq...
1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
Bir gün auditoryada Moskvaya getdiyi günlərdən danışırdı:
- Anam Moskvaya gedəndə mənə "bax, tək qayıt dedi. Dərslərinə diqqət elə".
Bu bir müdürük türk qadının övladına verdiyi məsləhətdi. Bir üstüörtülü tərbiyəsiydi, mesajıydı. Oğlunu yola salan ananın xatırlatmasıydı. Əsirlərdi belə qeyrətli anaların tərbiyələriylə böyüdük. Onu yaşatmağa çalışdıq.
Sonra da gülümsədi:
- Mən də tək qayıtdım. Anamı incidə bilməzdim...
Və bu da bir türk oğlunun anasına sayğısı, hörmətiydi...Yaxşı bilirdim ki, professorumuz bu söhbətləri elə-belə danışmırdı. Dərs arasında bizə tərbiyəni də aşılamağı unutmurdu. Onun orda işləmək imkanı olmasına baxmayaraq, doğma universitetinə qayıtması da boşuna deyildi.
Bax, Vətən budu. O səni çəkir, səni çağırır. Harada yaşayırsan yaşa, haraya gedirsən get. Hansı adların, sərvətin, sarayların sahibi olrsan ol. Onun gücündən, qüvvəsindən, cazibəsindən çıxa bilməzsən. Səhra olsa belə... Susuz, günəşi beyinləri qovuran çöllər olsa belə.
Səni yaşıllıqların, rəgarəng meşələrin ortasından, çiçəkli-güllü baxçaların arasından geri alacaq, qoynunda barındıracaq. Sən bütün gözəllikləri o tozlu-torpaqlı səhraya dəyşəcəksən. Çünki o Vətəndi. Hara getsən, onun qoxusunu duyacaqsan, onun həsrətini çəkəcəksən. Onun o tozlu-torpaqlı çölləri üçün həsrət çəkib, ağlayacaqsan. Ora qayıtmaq istəyəcəksən...
Ürəyinə hökm edə bilməyəcəksən...
Çünki Vətən Vətəndi...
Şirməmməd müəllimin Vətən sevgisi, dövlətinə, torpağına qarşı sadiqliyilə bir başqaydı. Bunu duymaq, anlamaq lazımdı. Məncə onun yazdığı kitabları, elmi məqaləlri oxumaq yetərdi belə. Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını ortaya qoyması çox şey deyir bizə. Onun ən çox ədalətli olması, doğruluqları sevməsi alqışa layiqdi. BDU- professoru Akif Rüstəmovun dedikləri:
- Mən həmişə özümü Şirməmməd müəllimin tələbəsi sayıram. Onun xeyirxahlığını heç vaxt unutmaram. Amerika yazıçısı və filosofu Henri David Taronun təbirincə desək, yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Bəli, ustad müəllimin yaxşılıq libası heç vaxt köhnəlməyəcək, çünki bu libas vicdan, ləyaqət və xeyirxahlıqdan biçilib. Onun qədər doğruluğu sevən ikinci birinə rast gəlmədim. O həqiqətləri sovurmaq üçün rektoru, yüksək vəzifəli insanları belə qarşısına alırdı.
Şirməmməd müəllim sözündə bütöv adamdır. Onun ən çox nifrət etdiyi şey yalan danışmaqdır. Həmişə deyirdi ki, yalanın ən böyük düşməni var, o da həqiqətdir.
Şirməmməd müəllimin dekanlığı dövründə (1970-1976), əgər belə demək mümkünsə, tədris məktəbi keçdim. Tədrisin incəliklərini məhz həmin dövrdə öyrəndim. Dekan işlədiyim vaxt öyrəndiklərimin çox böyük köməyi oldu. Həmin dövrdə fakültədə tədris olunan bütün fənlərin proqramı çar olundu, elmi əsərlərin "Jurnalistika" seriyası və "Jurnalist" tədris qəzetinin nəşri qaydaya düşdü.
1954-cü ildən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində işə başlayan Şirməmməd müəllim ömrünün sonuna qədər həyatını tələbələrin təhsilinə həsr edib. Dekanlığa qədər yüksəlib. Universitetinin "professor" titulunu qazanıb. Mediaya aid olan mükafatlara və titullara nail olub. “Şərəf” ordenli professor tələbələrin sevimlisinə çevrilib...
Həmişə düzlüyün, ədalətin yanında olan, kimsənin əməyinə verdiyi qiymətə diqqət edən gözəl insan unudula bilməz. Jurnalistika fakültəsinin hansı tələbəsindən bunu soruşsan, heç düşünmədən dediklərimlə razılaşarlar.
Onun qayğıkeşliyi adamı heyran qoyurdu. Özü də sözünü elə deyirdi ki, zərrə qədər incməzdin, alınmazdın. Bir dəfə Bakının küləkli payız günlərinin birində dəhlizdə qarşılaşdıq. Mənə baxıb gülümsədi:
- Bu qədər zəriflik olmaz, qızım. Bir az çox ye. Yoxsa Bakının küləyi səni aparar...
Həmişə onun bu sözlərini xatırlayıram. Qayğıkeşliyi, özünəməxsus gülümsəməsi düşür yadıma. Dönə-dönə rəhmət oxuyuram ömrümün qızıl dövrünün qızıl əyarlı insanına.
Dediyi heç bir cümləni də unutmazdı. Çox güclü yaddaşı vardı. Son imtahanda qapıdan çıxanda dedi:
Xatırladım, harda görmüşəm səni əvvəllər. “Gün keçdi” filmində.
Sonra da yenə gülümsədi...
Moskva.