“... Təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar" (Təhsil naziri E. Əmrullayev).
Yeni dərs ili başlayır. Amma təhsilin köhnə problemləri hələ də öz həllini gözləyir. Ümid edək ki, bu dərs ili daha uğurlu olacaq, nəhayət ki, qalaqlanmış problemlər qismən həll ediləcək.
Təhsilimizin irəli getməsi üçün ETN E.Əmrullayevin qeyd etdiyi kimi elmi tədqiqatlar lazımdır, amma hələ də belə tədqiqatlar yoxdur. Bu səbəbdən yeni təhsil siyasəti, onun müxtəlif modelləri də yoxdur. Lazımi pilot layihələr də heç ortalıqda görünmür. Sadəcə quru sözlər var, əməl yoxdur, yəni, sadəcə hay küy var.
Biliyə əsaslanan iqtisadiyyat dövründə hər bir fəaliyyət sahəsinin, xüsusən də təhsil kimi mürəkkəb, dinamik sistemin elmi təminatının olması zəruridir. ETN-nin əsas fəaliyyət sahəsi bildiyimiz kimi təhsildir. Büdcəsinin də 95% təhsilə yönəlir. Amma təhsilin elmi təminatı nədənsə hələ də yoxdur. Təhsilin elmi təminatı dedikdə təhsil elmlərinin inkişafı, onun gəldiyi nəticələrinin təhsil praktikasında, islahatlar prosesində tətbiqi nəzərdə tutulur.
Ölkəmizdə AMEA-nın tərkibində təhsil elmləri ilə məşğul olan şöbə, institut heç vaxt olmayıb, indi də yoxdur. Ənənə üzrə bu işi sövet vaxtı, indiki adı ARTİ olan institut aparırdı. Bu işdə ona SSRİ PEA yaxından dəstək verirdi.
Müstəqillik illərində təhsil elmlərinin qarşısında duran problemləri təkcə ARTİ-nin potensialı ilə həll etmək mümkün deyildi. Bu institutun bazasında təhsil akademiyası yaradılmalı idi. Amma belə təkliflər verilsə də nəzərə alınmadı. Problemin digər həll yolu universistetlərin bu prosesə fəal qoşulması ola bilərdi. Amma bu da olmadı. Digər tərəfdən bu problemlərin həlli məqsədi ilə ARTİ-nin potensialını artırmaq əvəzinə, onu zəiflətdilər. Bu proses son 10 ildə baş tutdu, belə ki, ARTİ elmdən və təhsildən uzaq, elmi dərəcəsi olmayan, təcrübəsiz kadrlarla komplektləşdirildi, ştatlar artsa da araşdırmalar azaldı. Beləliklə bu institutun gücü xeyli zəiflətdi. Artıq ARTI təhsil islahatlarına elmi dəstək vermək gücündə deyildi.
Elmə əsaslanmayan təhsil islahatları isə heç vaxt uğur gətirə bilməzdi. Təəssüf ki, bizim təhsil islahatları son 20 ildə elmdən faydalana bilmədi.
Təhsil islahatlarının elmi təminatı zəruriidir. Belə tədqiqatların sifarişçisi və investoru məhz ETN olmalıdır. Təhsil qrantları tamami ilə bu problemlərin həllinə yönlənməli idi. Əlavə də dövlət proqramlarına ayrılan maliyyə də bu məqsədlərə xidmət etməli idi. Təhsil büdcəsinin 4 qat artdığı bir şəraitdə, əgər təhsilin elmi təminatına pul ayrılmırsa, deməli təhsildə maliyyə siyasəti də düz qurulmayıb. Təəssüf ki, illər itdi, pullar getdi, amma təhsildəki problemlər öz həllini tapmadı.
30 il ərzində təhsilə belə bir sistemli, elmi baxış olmadı, müasir təhsil siyasəti yaradılmadı. Təhsilşünas alimlər proseslərdən uzaq saxlanıldı. Situasiya düzgün qiymətləndirilmədi. Çünki, təhsil siyasəti, təhsilin təşkili və idarə edilməsinə məsul kadrlar təhsil elmlərindən çox uzaq idilər.
Bu yaxınlarda təşkil edilən “ Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu”nda çıxış edən ETN E. Əmrullayev bildirdi ki: “Elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır. Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürək açan deyil."
Nazir haqlıdır. Elmə aid bu fikirləri eyni ilə təhsilə də şamil etmək olar. Yəni, təhsil haqqında müzakirə aparmaq təhsillə məşğul olmaqdan daha asandır. Əgər bu müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz təhsillə bağlı rəqəmlərə (o cümlədən DİM, PİSA və qlobal reytinqərə) baxdıqda vəziyyətin nə qədər ağır olduğunu görə bilərik. Rəqəmlər heç də ürəkaçan deyil.
Bəs təhsil sistemində hərəkət niyə yoxdur? Buna nə mane olur? Niyə təhsildə olan azsaylı müzakirələr, təkliflər, tənqidi fikirlər həyata keçmir,bu sözlər hay küy yaratsa da, real hərəkət, real inkişaf yoxdur?
Məmurlar tez-tez “problemlərdən danışın, məişət mövzusunda söhbətlərə ehtiyac yoxdur” desələr də qaldırılan problemlərə məhəl verilmir, əksinə problemlərdən danışanları sevmirlər, eşitmirlər, sanki problemləri həll etmək, inkişaf etmək məqsədləri yoxmuş. Təhsildə belə söz oyunu 20 ildir davam edir.
"Məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır. Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik.”
(Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)
Demokratikmusavat.com