Ölü hesab edilən bin Ladenin oğlu sağdır: Qərb ölkələrinə hücumlara hazırlaşır - Kəşfiyyat

 

2019-cu ildə prezident Donald Tramp ABŞ ordusunun Usamə bin Ladenin oğlu, 34 yaşlı Həmzə bin Ladeni öldürdüyünü bildirmişdi. Həmin vaxt o, atasının rəhbərliyi altında 2001-ci ildə Dünya Ticarət Mərkəzinə və Pentaqona hücumlar həyata keçirən "Əl-Qaidə" terror təşkilatının lideri hesab olunurdu.

Demokratikmusavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə Ağ Ev Həmzə bin Ladenin Əfqanıstan-Pakistan bölgəsində antiterror əməliyyatı zamanı öldürüldüyünü bildirib. Bununla belə, yeni kəşfiyyat məlumatları Həmzə bin Ladenin hələ də sağ olduğunu göstərir.

Britaniyanın "The Mirror" nəşri kəşfiyyat hesabatından sitat gətirir: "Həmzə bin Laden nəinki sağdır, həm də "Əl-Qaidə"nin dirçəlişində fəal iştirak edir. O, "Əl-Qaidə"nin zirvəsinə yüksəlib və onu İraq müharibəsindən bəri ən güclü dirçəlişinə doğru istiqamətləndirir".

Məlumata görə, bin Ladenin oğlu vaxtının çox hissəsini Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr aralıda yerləşən Cəlalabad şəhərində keçirir. Həmzənin qardaşı Abdullah bin Ladenlə birlikdə "Əl-Qaidə" terrorçuları üçün 10 təlim düşərgəsini idarə etdiyi deyilir.

"Mövcud vəziyyətlə 11 sentyabr hücumlarının müqəddiməsi arasındakı paralellər həyəcan vericidir. Həmzə atasının irsini davam etdirmək əzmindədir. Onun komandanlığı altında "Əl-Qaidə" yenidən qruplaşır və Qərb hədəflərinə gələcək hücumlara hazırlaşır", deyə "The Mirror" kəşfiyyat hesabatından sitat gətirir.

Ehtimallara görə, Amerika qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Həmzə bin Ladenlə müntəzəm görüşlər keçirir.

"Taliban liderləri onunla əlaqə saxlayır və müntəzəm görüşlər keçirirlər. Onlar onun və ailəsinin təhlükəsizliyini təmin edir, "Əl-Qaidə" ilə Taliban arasında olan bu dərin əlaqə Qərb hökumətləri tərəfindən araşdırılmalıdır", deyə "The Mirror" kəşfiyyat hesabatına istinadən qeyd edir.

ABŞ rəsmiləri hələlik bu xəbərlərə rəsmi münasibət bildirməyiblər.
 

 

0.15091991424561