“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin üç xəttinin bombalanması hələ 2014-cü ildə, Krımın işğalından və Ukraynada müharibə başlamazdan əvvəl planlaşdırılıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.
2011-2016-cı illərdə Almaniya Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik etmiş Gerhard Şindler Welt am Sonntag-a bununla bağlı maraqlı informasiyalar verib.
Onun sözlərinə görə təhqiqat hadisənin Ukraynaya yaxın qruplar tərəfindən törədiləbiləcəyini göstərir, “lakin bu, Ukraynanın sifarişçi olduğu anlamına gəlmir”.
Qəzetin yazdığına əsasən, 2023-cü ilin yayında Polşa kəşfiyyatı Almaniyaya hadisənin “Moskva ilə əlaqəsi olan” şəxslər tərəfindən törədilə bilməsi ehtimalı ilə bağlı məlumat verib. Polşa kəşfiyyatçıları Rusiya vətəndaşlığına malik, “Andromeda” adlı yaxtanın ekipaj üzvlərinin partlayışlarda əli olduğunu ehtimal edir.
2023-cü ildə partlayışı törədənlər saxta sənədlərdən istifadə edərək “Andromeda”nı icarəyə götürüb və dərin dəniz avadanlıqlarından istifadə edərək qaz kəmərlərinə partlayıcı qurğular quraşdırıblar. Həmin vaxt göyərtədə altı nəfər olub. Partlayışlardan bir həftə əvvəl yaxta Polşanın Kolobrzeq şəhərinə yan alıb. Maraqlıdır ki, Polşa tərəfi hələ də yaxtanın yoxlanılması zamanı çəkilmiş videoyazıları alman kəşfiyyatçılarına verməyib. Qəzet kadrlarda təkcə ekipaj üzvlərinin deyil, həm də “ABŞ və Polşa agentlərinin” görünə biləcəyini bildirir.
Xatırladaq ki, “Şimal axını” boru kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. Hadisəni araşdıran Danimarka və İsveç daha sonra müəmmalı şəkildə bu işdən vaz keçib.
“WP” və “Spiegel” isə partlayışın koordinatorunun Ukrayna Silahlı Qüvvələrinin keçmiş polkovniki Roman Çervinski olduğunu yazır. Vladimir Putin isə bombardmanda ABŞ-ın əli olduğunu bəyan edib.(musavat.com)