Fransa Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Jerald Darmanen ölkənin Qvadelupa bölgəsinə səfəri zamanı hücuma məruz qalıb.
Hadisə, nazirin səfərin sonunda Be-Maodakı “Guadeloupe 1ère” televiziya kanalının ofisinə müsahibə vermək üçün getdiyi zaman baş verib. Bundan əvvəl o, yerli merin “amansız” adlandırdığı Puent-a-Pitr şəhərində yetkinlik yaşına çatmayanlar üçün axşam saat 20:00-dan sonra komendant saatı elan edib.
İstintaqa yaxın mənbənin sözlərinə görə, iyirmi yaşlarında bir gənc nazirə yaxınlaşaraq onunla danışmaq istəyib. Hadisənin şahidi bildirib ki, Darmanen görüşmək üçün əlini ona uzadıb və həmin an gənc sürətlə onun qolundan və çiyinlərindən tutub. Gənc nazirin təhlükəsizlik işçisi tərəfindən saxlanılaraq Be-Mao jandarm şöbəsinə göndərilib.
Hadisə şahidlərinin sözlərinə görə, nazir xəsarət almayıb. O, daha sonra planlaşdırıldığı kimi müsahibə verib.(Oxu.az)